“Sənətkar özünü
zirvədə hesab etməməlidir”
Rasim Balayev:
“Tamaşaçı sevgisi məndə
özünəvurğunluq yaratmayıb”
O, ekranların sevilən simasıdır. Ötən əsrin 70-ci illərindən qazandığı tamaşaçı sevgisi heç vaxt azalmayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev. Görkəmli aktyor bu il 75 yaşını qeyd edir. Mədəniyyət Nazirliyinin “Mədəniyyət sizinlə tanınır” layihəsinin çəkilişləri vəsiləsi ilə görüşdüyümüz sənətkarla qəzetimiz üçün də müsahibə aldıq.
– Rasim müəllim, Sizin üçün sənət nədir?
– Bütün həyatımı sənətə həsr etmişəm. Təxminən 9-10-cu sinifdən sənətə həvəsim olub. Ancaq ailədə sənətə gəlməyimi istəmirdilər. Bütün narazılıqlara baxmayaraq, özümü sənətdə tapdım. Artıq 50 ildən çoxdur ki, sənətdəyəm. Sənət həyatımın əsas qayəsidir. Mən sənətə çox böyük məhəbbətlə gəlmişəm. Şükürlər olsun ki, Azərbaycan kinosunun “qızıl dövrü”ndə bu sahəyə gəldim. Bəzən 8 film eyni vaxtda çəkilirdi. Mən bu filmlərin əksəriyyətində rol alırdım. Başım elə qarışırdı ki, bir də baxırdım ki, artıq növbəti il gəlir...
– Kinomuzun “qızıl dövrü”ndən danışdınız, ölkəmizdə bu sahənin indiki vəziyyəti haqqında düşüncələriniz necədir?
– Bu gün Azərbaycan kinosu, mənə görə, tamaşaçıları razı sala bilmir. Bunun da səbəbi vaxtilə inkişaf edən kino sahəsinin birdən-birə dayanması oldu. Nəsillərarası əlaqə, belə deyək, estafet qırıldı. Pessimist fikir deməyimə baxmayaraq, qeyd etmək istərdim ki, tarixdə belə hallar yaşanır. Sənətin müəyyən sahələrinin inkişaf və durğunluq dövrləri olur. Ümid edirəm ki, kino sahəmiz yenidən öz reysinə düşəcək, öz ənənələrinə sadiq qalaraq yenidən yüksəliş dövrünə qayıdacaq. Həm sənət adamları, həm də tamaşaçı kütləsini sevindirə biləcək yeni-yeni ekran əsərlərimiz yaranacaq.
– Canlandırdığınız obrazlardan ən çox sevdiyiniz hansıdır?
– Müxtəlif filmlərdə baş və epizodik rollarda oynamışam. Amma inanın ki, deyirəm, hər bir roluma, böyük-kiçikliyindən asılı olmayaraq, ciddi yanaşmışam. İndi ola bilsin ki, hansısa səbəbdən – ya dramaturji, ya rejissor tərəfindən, ya da elə mənim oyun tərzimdən tamaşaçını qane etməyən rollar olsun. Rollarımın içində mənə ən əziz olanı Nəsimidir. Niyə? Çünki ona qədər məni hər dəfə sınaqdan keçirirdilər və filmlərə çəkmirdilər. Deyirdilər sənin siman kino üçün deyil və s. Ay dolandı, il keçdi, “Nəsimi” çəkildi və uğurlu alındı. Ondan sonra, demək olar ki, mənim üçün yol açıldı. Məni nəinki Bakı kinostudiyası, hətta Orta Asiya ölkələri, Almaniya və Türkiyədən də filmə dəvət etdilər. Bu film mənə bir pasport verdi, yol açdı və bu mənada mənə çox əzizdir.
– Yəqin ki, özünüzü şanslı aktyor hesab edirsiniz.
Siz elə ilk addımlardan sevilmisiniz. Aktyor tamaşaçı
sevgisini necə qazanır?
– Bəli, özümü şanslı hesab edirəm. Xalqın mənə sevgisindən
danışsaq, əvvəllər
vatsap, feysbuk yox idi. Mənə çoxlu məktublar yazardılar. O qədər
məktublar almışam
ki... Deməyim odur ki, bu
qürurverici haldır,
ancaq insanı bir az da eqoizmə gətirib çıxara bilər. Əsas odur ki, bu sevgidən başgicəllənməsi olmasın.
Çox
şükür ki, bu sevgi məndə
özünəvurğunluq yaratmayıb. Birincisi, istedadın
olmalıdır. İstedadı
heç kim
heç kimə verə bilməz. İkincisi, təhsilin olmalıdır,
bu sahənin elmini bilməlisən.
Aktyorun uğur qazanması üçün istedad, zəhmətkeşlik və
şans, bəxt olmalıdır. Bunlar birləşəndə
aktyor uğur qazanır. Bir də xarizma
şərtdir.
– Xarizma demişkən, kinomuzda bir neçə
tarixi obraz yaratmısınız. Tarixi obrazı
uğurlu canlandırmaq
üçün xüsusi
bir formul varmı?
– Birinci, dramaturji material, rejissor işi – bunların hamısı aktyorun uğur qazanmasına səbəb olan vasitələrdir. Bunlardan biri zəif olsa, aktyor uğurlu
oynaya bilməz. Şansım
onda gətirib ki, yaxşı əsərlərdə, yaxşı
rejissor və yaxşı operatorlarla işləmişəm. Yəni uğurumun
əsas səbəbkarları
bu insanlar olub. Bir də sənətimə
ciddi yanaşmışam.
Bu gün də
öyrənirəm. Bu
gün mən yaxşı, dərin psixoloji bir filmə
baxanda aktyorların oyunundan nələrsə öyrənirəm. Mənə belə
gəlir ki, aktyor, ümumiyyətlə,
hər bir sənətkar yaxşı
öyrənməli və
heç vaxt mən zirvədəyəm
deməməlidir.
– Mirzə Fətəli, Babək, Nəsimi, Cavid... Bu gün
daha kimlərin obrazında çıxış
etmək istəyərdiniz?
– Yox, bilirsiniz biz aktyorlar ssenaridən asılıyıq. Teatrda belədir
ki, aktyor klassik rol istəsə,
rejissor o tamaşanı
qoyur və aktyora da rol
verir. Kino bir az fərqlidir.
Mənim arzumla iş əmələ gəlmir. Mənim çox illərim
boşa getdi. Filmlər çəkilmədi. Bizim
o qədər qiymətli,
tarixi şəxsiyyətlərimiz
olub ki... Onları tamaşaçıya kino dili ilə təbliğ
etmək lazımdır.
Məsələn, bu gün
biz Qələbə qazanmış
bir xalq kimi igid oğullarımızın
obrazlarını kinoya
gətirməli, tarixi
şəxsiyyətlərimizi həm gəncliyimizə, həm də dünyaya təbliğ etməliyik.
– Bəzən aktyorlar “mənim rejissorum” ifadəsini işlədirlər.
Sizin rejissorunuz kimdir?
– Bu gün heç kim. Amma vaxtilə
məni başa düşən və mənim başa düşdüyüm rejissorlar
olub. Böyük
ustadların öz komandası olur: sevdiyi, inandığı aktyor heyətini öz ətrafında cəmləyir. Həmfikir olmaq, həmahəng
duyğular gözəl
işlərin ərsəyə
gəlməsinə şərait
yaradır.
– Müsahibələrinizdən birində
deyirsiniz ki, Nəsimi obrazını rus dilinə dublyaj edən böyük rus aktyoru Vyaçeslav Tixonovla görüşünüzdə
bu obrazın kinoda ilk işiniz olmasına inanmayıb...
– O mənə həmin vaxt dedi ki,
sən sanki bu obraza qədər
xeyli filmə çəkilmisən. Mən
dedim televiziya tamaşalarında rol almışam, nə qədər olmasa, kinoya yaxındır. Bu fikir onun böyüklüyündən idi.
O özünün ilk rollarından
danışıb mənim
obrazımı səmimi
şəkildə təhlil
etmişdi. O, çox
ziyalı bir insan idi.
– Ümumiyyətlə, sovet
kinematoqrafları ilə
münasibətləriniz necə
idi?
– Tanışlıqlarımız var idi. Festivallarda tez-tez
görüşürdük. Məsələn, Aleksandr
Abdulov, Nikolay Karaçensovla görüşlərim
olub. Smoktunovski ilə çəkilmişəm
və “Özbəkfilm”də
birgə çəkilişimizdə
onun nə qədər sadə və səmimi bir insan olduğunu
gördüm. Bir dəfə
Sankt-Peterburqda filmə
çəkilirdik. Onu qarşılamaq
yaddan çıxmışdı.
Özü taksi ilə
çəkiliş meydançasını
tapıb gəlmişdi.
Bütün bunlar gənc
aktyorların formalaşması
üçün bir məktəb idi. “Özbəkfilm”də və digər kinostudiyalarda çəkiləndə
həmişə böyük
aktyorları müşahidə
edib onlardan öyrənməyə çalışmışam.
– Bu gün kinoda və teatrda bəyəndiyiniz artistlər
varmı?
– İstedadlı gənclərimiz
var. Aktyor sənətini
müəllimdən, kitabdan
öyrənirsən. Bunu səhnədə
və çəkiliş
meydançasında nümayiş
etdirməyə şərait
olmalıdır. Ucuz seriallarda
məktəb yoxdur.
Bu gün aktyorun
işi çox çətindir. Çünki
internet dövrüdür: tamaşaçı
dünyanın ən gözəl filmləri və istedadlı aktyorları haqqında məlumatlıdır. Onu təəccübləndirmək,
inandırmaq üçün
gərək həyatın
özü qədər
real olasan. Real olmaq üçün isə yüksək peşəkarlıq tələb
olunur. Bugünkü tamaşaçını inandırmaq çox çətindir. Əvvəllər pafosla tamaşaçını
ələ almaq mümkün idi. Sənətə gələn
adam bilməlidir
ki, istedadı olmalı və öz üzərində hər zaman çalışmalıdır.
– Mütaliə edirsinizmi?
– Bəli, 50 ildən çoxdur hər gecə iki səhifə
oxuyub yatıram.
– Ən çox
kimləri oxuyursunuz?
– Klassikləri sevirəm. Yaxşı şairlərimiz var. Ramiz Rövşən və digər müasirləri oxuyuram. Bəzən
30-40 il əvvəl
oxuduğumu bu gün daha dolğun
başa düşürəm.
Bu da yaşla əlaqəlidir yəqin...
– Rəhbərlik etdiyiniz ittifaqda işlər necə gedir?
– İttifaq yeni filmlərin premyeralarını
edir, gənc rejissorların işinin müzakirəsini aparırıq. Yəni işimiz
olur, amma əvvəlki kimi deyil. Şəraitimiz olmadığı üçün hazırda
cari işlərlə
məşğuluq. Çalışırıq ki, istedadlı
insanları önə
çəkək, film verilməsi
ilə tövsiyə edək və s.
– Son dövrdə iki kino ittifaqının birləşdirilməsi məsələsi
gündəmə gəlmişdi...
– Mənim fikrimcə, əlbəttə, bir ittifaq olmalıdır. Bu məsələyə, məncə, nə vaxtsa, baxılacaq və həll olunacaq.
– Bu il kinomuz üçün əlamətdar tarixdir: Azərbaycan kinosunun, “Azərbaycanfilm”in və rəhbərlik etdiyiniz ittifaqın yubileyidir. Bununla bağlı hər hansı layihələr gözlənilirmi?
– Təbii ki, bu yubileylər münasibətilə müəyyən tədbirlərimiz olacaq. İndidən hansı gündə, harada olacağını deməyə çətinlik çəkirəm. Amma mütləq olacaq.
– Bu il həm
də Sizin yubileyinizdir...
– Yubileyimi dostlarla, kiçik çevrədə
qeyd edəcəyik.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.5.