Mədəniyyətimizin böyük
hamisi
(əvvəli ötən
sayımızda)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1980-ci il 31 oktyabr
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakıda keçirilən SSRİ yazıçılarının Ümumittifaq yaradıcılıq konfransının bağlanışında çıxış edib.
“Yazıçılar öz əsərlərini yazıb qurtardıqda son nöqtəni qoyduqları kimi, biz də son nöqtəni qoymaq üçün bu gün buraya, gözəl “Gülüstan” sarayına toplaşmışıq...
Respublikamız üçün bu məclisin mühüm yekunu ondan ibarətdir ki, ölkəmizin, bütün qardaş respublikaların, habelə bir çox sosialist ölkələrinin və inkişaf etməkdə olan ölkələrin bütün ədəbiyyatlarının nümayəndələri bir həftəyə yaxındır Azərbaycandadır...
Ümumittifaq yaradıcılıq konfransı bizim üçün həm də böyük bayramdır, çoxdilli sovet ədəbiyyatının bayramıdır. Siz özünüz şahidi oldunuz ki, Azərbaycan torpağının hər yerində – Bakıda, respublikanın digər şəhərlərində və rayonlarında sizi necə sevinclə, necə böyük maraqla qarşılayırdılar... Ona görə ki, ucsuz-bucaqsız ölkəmizin hər yerində olduğu kimi Azərbaycanda da ədəbiyyata və onun ustadlarına haqlı olaraq böyük ehtiram vardır. Bədii söz böyük qüvvədir, hər bir adam bu qüvvənin güclü və nəcib təsirini duyur, hiss edir...
Konfransın həm də beynəlxalq əhəmiyyəti oldu. Onun işində sovet yaradıcıları ilə yanaşı, bir sıra xarici ölkələrin ədəbi ictimaiyyətinin nümayəndələri – Avropa, Asiya və Latın Amerikası yazıçıları iştirak etdilər...
...Bütün bunlar təbii olaraq sevinc və razılıq hissləri doğurur. Xüsusi qeyd etmək istəyirəm ki, konfrans Azərbaycan yazıçılarının həyatında, respublikanın bütün mədəni həyatında böyük rol oynayacaqdır. Biz Azərbaycan sovet ədəbiyyatını daha da zənginləşdirmək, respublika zəhmətkeşlərinin vətənpərvərlik tərbiyəsini gücləndirmək üçün konfransın materiallarından bütün ideoloji işimizdə fəal istifadə etməyə çalışacağıq...”.
1980-ci il 26 noyabr
Heydər Əliyev Azərbaycan komsomolunun 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib. Nitqdə respublikada gənclərin yaradıcılıq fəaliyyətinin təşviq edilməsi, bu istiqamətdə mədəni-maarif ocaqlarının vəzifələrinə də toxunulub.
1980-ci il 4 dekabr
Heydər Əliyev respublikanın mədəniyyət xadimlərinə mükafatların təqdim olunması mərasimində nitq söyləyib.
“SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinə yüksək dövlət mükafatlarını təqdim etməyi mənə tapşırmışdır. Mən bu şərəfli vəzifəni böyük məmnuniyyətlə yerinə yetirirəm.
Ədəbiyyatın inkişafında böyük xidmətlərinə, səmərəli ictimai fəaliyyətinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Xalq şairi Rəsul Rzaya “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı (SSRİ Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 16 may tarixli fərmanı ilə – red.) verilmişdir... Rəsul Rza Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. 30-cu illərin əvvəllərində yaradıcılıq fəaliyyətinə başlayan Rəsul Rza yarım əsr ərzində Azərbaycan ədəbiyyatının, Azərbaycan şeir sənətinin inkişafına böyük təsir göstərmişdir. Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dünya ədəbiyyatının, inqilabi rus poeziyasının ən yaxşı nümunələrinin təsiri altında o, zəngin milli ədəbi ənənələrdən istifadə edərək, Azərbaycan poeziyasında bir novator kimi çıxış etmiş, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri ilə, yeni şeir formaları ilə zənginləşdirmişdir. Rəsul Rza klassik dünya ədəbiyyatının, klassik və müasir rus şeirinin ən yaxşı nümunələrini Azərbaycan dilinə tərcümə edərək bu sahədə də çox böyük xidmətlər göstərmişdir. Onun əsərləri SSRİ xalqlarının dilinə və xarici dillərə tərcümə olunmuşdur...
Səməd Vurğun
adına Dövlət Rus Dram
Teatrı Azərbaycanın mədəni həyatında mühüm yer tutur. Azərbaycan SSR Xalq artisti Sergey Yakuşev bu teatrın veteranlarından
biridir. Teatr sənətinin inkişafında
xidmətlərinə görə
və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq o, “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmişdir. O, 50 illik
yaradıcılığının təqribən 35 ilini Azərbaycandakı fəaliyyətinə
sərf etmişdir. Bu
müddətdə klassik
rus və xarici ölkə dramaturqlarının pyeslərində,
çoxmillətli sovet
dramaturgiyası əsərlərində,
o cümlədən Azərbaycan
yazıçılarının pyesləri üzrə hazırlanan tamaşalarda yaddaqalan bir çox parlaq, unudulmaz surətlər yaratmışdır...
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Zeynəb Xanlarovaya SSRİ Xalq artisti fəxri adı verilmişdir. Azərbaycan tarixində çox gözəl səsli, yüksək məharətli müğənnilər çox olmuşdur. Ancaq cəsarətlə demək olar ki, bizim dövrümüzdə Zeynəb Xanlarova öz gözəl səsi ilə, özünəməxsus istedadı, yüksək professional sənətkarlığı, ancaq onun özünə xas olan ifaçılıq tərzi ilə ifaçılıq sənətində yeni bir səhifə açmışdır... “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş qadın rollarında çox gözəl çıxış etməsi ilə yanaşı Zeynəb Xanlarova xalqımızın ən qədim və ən sevimli musiqi janrı olan muğamat sahəsində, xalq mahnılarının ifasında da böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın müasir bəstəkarlarının yeni əsərlərinin yayılmasında onun böyük xidmətləri vardır... Başqa ölkələrdə, xüsusən Şərq ölkələrində çoxmillətli sovet mədəniyyətinin təbliğatçısı kimi də o, böyük fəaliyyət göstərir...
...Son illərdə bizim respublikamızda ədəbiyyat və incəsənət xadimlərinin böyük bir qrupu yüksək mükafatlara, fəxri adlara layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, heç vaxt bizim mədəniyyət işçilərinin fəaliyyəti belə yüksək dərəcədə qiymətləndirilməmişdir. Bunlar hamısı respublikamızın mədəniyyətinin böyük nailiyyətlərini sübut edir.
İzin verin, möhkəm əmin olduğumu bildirim ki, yüksək mükafatlardan ruhlanaraq, siz və respublikamızın bütün ədəbiyyat və incəsənət xadimləri Azərbaycan mədəniyyətinin daha da tərəqqi etməsi naminə bundan sonra da səmərə ilə çalışacaqsınız”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.5.