Bakı Musiqi Akademiyası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq edəcək

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Aprelin 7-də BMA-da keçirilən mərasimdə memorandumu akademiyanın rektoru professor Fərhad Bədəlbəyli və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Mərasimdə TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Fonda üzv ölkələrin diplomatları da iştirak ediblər.

Fərhad Bədəlbəyli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, təşkilatla birgə əməkdaşlığın ümumtürk musiqisinin və incəsənətinin inkişafına önəmli töhfələr verəcəyinə inandığını deyib.

Günay Əfəndiyeva təşkilatın musiqi sahəsində fəaliyyətindən bəhs edib. Bildirib ki, memorandum birgə layihələrin keçirilməsi, təhsildə fərqlənən tələbələrə mükafatların verilməsi və digər məsələlərə imkan yaradır. Fondun əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində Türk dünyası mərkəzlərinin yaradılmasının əhəmiyyətindən bəhs edən Günay Əfəndiyeva belə bir şəbəkənin qurulmasının qarşılıqlı mədəni-mənəvi mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində BMA-nın müəllimləri və tələbələri Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında “Baku Chamber Orchestra”nın (bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, direktoru Xalq artisti Yeganə Axundova) müşayiəti ilə türk xalqlarının milli musiqilərindən nümunələr ifa ediblər.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.5.