Bakıda növbəti Uşaq
Kitab Festivalı keçirilib
“Uşaqların savadlı, vətənpərvər,
mənəviyyatlı olması vətənimizin
işıqlı gələcəyi deməkdir”
Xəbər verdiyimiz kimi, aprelin 8-11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı keçirilib. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.
Açılış mərasimində ANAİB-nin sədri Şəmil Sadiq çıxış edərək sərginin əhəmiyyətindən danışıb, kitabın təbliğatı istiqamətində gördükləri işləri diqqətə çatdırıb: “Ölkəmizin, demək olar bütün aparıcı nəşriyyatları ANAİB-nin üzvüdür. Bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Düşünürəm ki, mütaliə edən, özünü inkişaf etdirmək istəyən uşaqlar yetişdirsək, ölkəmizin işıqlı gələcəyinə töhfə vermiş olarıq. Ölkəmizdə belə bir sərgi təşkil etməklə uşaqlarımızın kitaba olan sevgisini daha da artırmış oluruq. Qarşıdakı illərdə bu festivalı beynəlxalq səviyyədə təşkil etməyi hədəfləyirik”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə belə sərgilərin keçirilməsinin böyük mədəni hadisə olduğunu söyləyib: “Gələcəyə kitabla addımlamağın ən gözəl nümunəsi şahidi olduğumuz bu festivaldır. İkinci dəfə bu festivalda iştirakımdan çox şadam. Kitabın təbliğatı vacibdir və biz bu yolda davamlı olaraq birgə irəliləməyə çalışmalıyıq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ən yaxın, etibarlı, sadiq dostlarının kitablar olduğunu qeyd edib: “Biz kitabla öyrənirik, kamilləşirik, intellektual oluruq və mənəviyyatımız daha da dərinləşir, zənginləşir. Bildiyiniz kimi, bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. Ulu öndər deyirdi ki, “Bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi necə öyrətməyimizdən çox asılı olacaq”. Uşaqlarımızın savadlı, vətənpərvər, mənəviyyatlı və dünyagörüşünün zəngin olması millətimizin, dövlətimizin, vətənimizin işıqlı gələcəyi deməkdir. Kitab festivalı da məhz buna xidmət edir”.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli festivalın hər il keçiriləcəyini deyib. Bildirib ki, Mədəniyyət Nazirliyi kitaba, mütaliəyə olan marağı daim diqqətdə saxlayır: “Bu gün ANAİB tərəfindən keçirilən növbəti Uşaq Kitab Festivalı Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib. Burada məqsəd uşaqlarda daha kiçik yaşlardan mütaliəyə marağı, kitaba sevgini formalaşdırmaqdır. Bu sərginin əhəmiyyəti ondadır ki, burada uşaqların daha kiçik yaşdan sosial şəbəkələrə olan bağlılıqdan ayrılaraq mütaliə mədəniyyətinə yiyələnmələri üçün geniş imkanlar var. Uşaqlarımızın savadlı və vətənpərvər olması millətimizin işıqlı gələcəyi üçün olduqca vacibdir. Bu da kitaba olan bağlılıqdan keçir”.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Təhsilin İnkişafı Fondu İdarə heyətinin sədri Elnur Nəsibov, ANAİB İdarə heyətinin üzvü Fatimə Alxaz çıxış edərək festivalın əhəmiyyətini vurğulayıblar.
***
Festivalın təşkilində iştirak edən “Qədim qala” nəşriyyat evinin icraçı direktoru, ANAİB İdarə heyətinin üzvü Şöhlət İxtiyaroğlu bizimlə söhbətində tədbirin özəlliyini diqqətə çatdırdı: “Festivaldan bir neçə ay öncə ANAİB tərəfindən “Mənim kitab daxılım” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində məktəblilərə 20 minə yaxın daxıl paylanılıb. Uşaqlar festival vaxtına qədər həmin daxıllara müəyyən məbləğlər daxil ediblər. İndi isə öz daxıllarını da götürüb kitab bayramına üz tutublar”.
Müsahibim vurğuladı ki, aprelin sonlarında Qubada ikigünlük kitab sərgisi təşkil ediləcək. May ayında isə Ulu öndərin 100 illiyi münasibətilə Naxçıvanda kitab sərgisi keçiriləcək.
Qeyd edək ki, dörd gün davam edən festivalda 20-dən çox nəşriyyat iştirak edib, kitablara 70 faizədək endirim tətbiq olunub. Sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir, nağıl saatları və ustad dərsləri keçirilib. Yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, Zahid Xəlil, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı və başqaları ilə oxucuların görüşü təşkil olunub. Bundan əlavə, Türkiyədən gəlmiş qonaqlar – yazıçılar Nisa Başaran Çöllü, Suat Turqut, həkim Özge Lokmanın kitab təqdimatı və uşaqlarla görüşü də reallaşıb.
Nurəddin
Mədəniyyət.- 2023.- 12 aprel.- S.7.