İpək Yolunun ritm və melodiyaları UNESCO-da
səslənib
Xəbər verdiyimiz kimi, UNESCO-nun İpək Yolları Proqramının 35 illiyi aprelin 6-da, Parisdə qurumun mənzil-qərargahında silsilə tədbirlərlə qeyd edilib. Tədbirlər proqramı iştirakçı ölkələrdən Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən təşkil edilib.
UNESCO-nun mənzil-qərargahında “İpək Yolu – müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forum, “İpək Yolunda gənclərin tədqiqat təqaüdü” mövzusunda elmi simpozium keçirilib, İpək Yolu ölkələrinin irsini əks etdirən fotosərgi açılıb.
Silsilə tədbirlər Azərbaycan, Qazaxıstan və Çin incəsənət xadimlərinin rəngarəng konsert proqramı ilə yekunlaşıb.
Konsertdən öncə çıxış edən UNESCO baş direktorunun müavini Qabriela Ramos tarixi İpək Yolu üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb.
Sonra təşkilatçı ölkələrin UNESCO-dakı təmsilçiləri çıxış ediblər.
Konsert proqramında ölkələrin musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələri təqdim edilib.
Azərbaycandan pianoçu Səidə Zülfüqarova və fleytaçı Ağarəhim Quliyevin ifasında klassik musiqi parçaları böyük maraqla qarşılanıb. Musiqiçilərimiz Cövdət Hacıyevin “Ballada”, türk bəstəkarı Fazil Sayın “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər. Milli geyimli rəqs duetinin ifasında “Uzundərə” və “Naz eləmə” rəqsləri də zalda xüsusi coşqu yaradıb.
Konsertdə həmçinin Çin və Qazaxıstan təmsilçilərinin maraqlı ifaları səslənib, milli geyimləri nümayiş etdirilib.
Tədbir hər üç
ölkənin milli mətbəx nümunələrinin
təqdim edildiyi ziyafətlə başa çatıb.
Mədəniyyət.- 2023.- 12 aprel.- S.8.