Sözümüzün canı teatrdır

 

Forumda müasir Azərbaycan səhnəsinin problemləri diqqət mərkəzinə çəkilir

 

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumunun rəsmi açılışından sonra aprelin 11-də iki panel iclası keçirildi.

Birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları müzakirə üçün seçilmişdi.

Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın moderatoru olduğu paneldə əsas hədəf teatrın əsas sütunu olan aktyor-rejissor məsələsi idi.

Teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxışında teatrlar, onların repertuar siyasəti, idarəetmə sistemi, eləcə də aktyorların rifah halının yaxşılaşdırılması, sənət ocaqlarının maddi-texniki bazalarının vəziyyəti ilə bağlı fikirlərini bölüşdü. O, kadr siyasəti, dramaturqlarla , ümumən cəmiyyətdə teatra münasibət ətrafında teatr ictimaiyyəti üçün maraqlı görünən və alqışlarla qarşılanan bir sıra fikirlər səsləndirdi, eyni zamanda teatrla bağlı ayrıca jurnalın təsis olunmasının vacibliyini bildirdi.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli müasir dramaturgiyaonun inkişaf tendensiyalarından, gənc dramaturqlar üçün özünüifadə məkanının məhdudluğundan, teatrlarla dramaturqlar arasında sistemli rabitənin vacibliyindən söz açdı. Müasir tamaşaçının zövq və tələbinə uyğun pyeslərin yazılması, gənclərin dramaturgiyaya marağının artırılması, yeni əsərlərin teatr səhnələrinə yol tapması üçün müəyyən stimulverici addımların əhəmiyyətini qeyd edən dramaturq bu sahədə müsabiqə xarakterli tematik pyes müzakirələrinin aparılmasının önəmini vurğuladı.

Teatr-tamaşaçı münasibətlərinə nəzər salan Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin professoru Aydın Talıbzadə teatr tənqidinin yeni tendensiyaları haqqında fikirlərini bölüşdü. Teatrşünas tamaşaçı rəyi, onun zövq və tələbinin ilk sırada olmasının teatrın əsas ideyasına uyğun əsərlərdən çox cari, birbaşa bazar iqtisadiyyatının tələbləri ilə ayaqlaşmaq məcburiyyətinə diqqət çəkdi: “Teatr, ilk növbədə öz hədəf auditoriyasını müəyyənləşdirməli, gənc və yaşlı nəsil tamaşaçılar arasında bu sahədə effektiv təbliğat aparılmalıdır”.

Teatr və tamaşaçı, milli teatrımızın inteqrasiyası və yeni səhnə meyilləri mövzusunda danışan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə yeni hədəflərə nəzər saldı. Gənc rejissorların özünüifadə imkanlarının məhdudluğuna diqqət çəkən M.Ələkbərzadə onların rejissor vərdişlərini praktiki qavramaları üçün hələ təhsil aldıqları ali məktəbdə şərait yaradılmasının zəruri olduğunu dedi.

Qeyd olundu ki, yeni formaların tətbiqi üçün istedadlı, bacarıqlı və yeni meyillərə adekvat truppalar vacibdir. Bundan əlavə, hər teatrda rejissorlar üçün yaradıcılıq studiyalarının olması işin effektivliyini artırar. Teatrların öz auditoriyası, spesifik yanaşması, estetikasının formalaşması da şərtdir.

Yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxışında problemlər və onların səbəblərinə toxundu. O, yaradıcı insanlar arasında rabitənin zəifliyinə, onların özlərini ifadə etməsi üçün yalnız məhdud çevrə ilə hesablaşmalarından təəssüflə danışdı. Ələlxüsus da gənc nəsillər arasında səhnə profilləri üzrə rabitənin yox səviyyəsində olmasının ciddi problemdən xəbər verdiyini dedi, bu mənada səmərəli birgə təşəbbüslərin faydalı olacağını dilə gətirdi.

Dramaturqun teatrda yetişdiyini yada salan natiq yeni müəlliflərin də rejissorlarla əməkdaşlıq əlaqələrinin qurulmasının prosesi yalnız irəli apara biləcəyini dedi. İ.Fəhmi gənc ssenaristdramaturqlar üçün müsabiqələrin də önəminə diqqət çəkdi. Kommersiya teatrı məsələsini də diqqət mərkəzinə gətirən yazar müstəqil teatrların fəaliyyəti üçün şərait yaradılmasının, onların sırasının genişlənməsinin ümumi prosesə xeyir verəcəyinə əminliyini ifadə etdi.

Dramaturq İsmayıl İman isə həmkarlarının yetərli təqdimat meydanının olmamasını diqqətə çatdırdı. Qeyd etdi ki, teatrlar gənc və yerli dramaturqlardan əsər almır, rejissorlar isə, əsas etibarilə, klassik nümunələrə meyil edir. Bu da nəticə etibarilə yeni mövzulu, yeni düşüncə və  zövqlü əsərlərin geniş auditoriyaya çatmaması deməkdir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov diqqəti informasiya cəmiyyətində piar məsələsinə yönəltdi. Dedi ki, teatrlar öz təbliğatlarını qurmaq üçün bu məsələyə ciddi yanaşmalıdır. Onun fikrincə,  teatrın öz məhsulunu tamaşaçısına uyğundolğun çatdırması özlüyündə teatrın davamlı tamaşaçı təminatına zəmanətdir.

Müzakirə sual-cavab, iştirakçıların təklif və mülahizələri ilə davam etdi.

Xalq artistləri Afaq Bəşirqızı, Əli Nur, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, eləcə də ayrı-ayrı teatrların təmsilçiləri onları narahat edən mövzularda fikirlərini bölüşdülər, vacib saydıqları məqamları diqqət mərkəzinə gətirdilər.

 

Həmidə

Mədəniyyət.- 2023.- 12 aprel.- S.3.