Uşaq İncəsənət
Festivalının ilk mərhələsi
başlanır
Şəhər və rayonlardan
26 768 nəfər qeydiyyatdan keçib
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi aprelin 17-də başlanacaq.
Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.
Gələrkən şəxsiyyəti təsdiq edən sənəd və iştirak məlumatlarının çap olunmuş formatını götürmək lazımdır. Qeyd edilən məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.
Xatırladaq ki, respublikamızda müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsində iştirak üçün şəhər və rayonlardan ümumilikdə 26 768 nəfər qeydiyyatdan keçib. İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılıb.
Festival 21 nominasiyada peşəkar və həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək. Üç mərhələdə nəzərdə tutulan festivalın I mərhələsi aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar festivalın II mərhələsində iştirak hüququ qazanacaqlar.
Festivalın II mərhələsi iyun-avqust
aylarında reallaşacaq. Bu mərhələnin qalibləri
final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri,
tarixi və vaxtı festivalın rəsmi internet portalında,
eləcə də kütləvi informasiya vasitələrində elan
olunacaq.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş
şəhər və
ya rayon növbəti il festivala
ev sahibliyi hüququ qazanacaq.
Mədəniyyət.- 2023.- 12 aprel.- S.1.