Heykəltəraş Xanlar Əhmədovun yaradıcılığına baxış

 

Xanlar Əhməd oğlu Əhmədov – Xalq rəssamı, görkəmli heykəltəraş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Xoreoqrafiya Akademiyasının dosenti, bir sözlə, müasir incəsənətimizin parlaq simalarından biri. Bütün bunlar Xanlar Əhmədovun, nə az-nə çox, yarım əsrdən artıq bir dövrdə aktiv yaradıcılıq fəaliyyətinin göstəricisi, həm də zəhmət, səbir və iradənin vəhdəti deməkdir.

Xanlar Əhmədovun qabarlı əllərinin ərsəyə gətirdiyi saysız-hesabsız əsərlərinə yolda gedərkən, tanınmış bir şəxsin məzarını ziyarət edərkən, bir binanı nəzərdən keçirərkən, yəni gündəlik həyatın hər anında rast gələ bilirik. Bəlkə də bu gözəlliklərin müəllifi barədə heç düşünmürük. Lakin sənət camiəsi Xanlar Əhmədov imzasına uzun illərdir bələddir. Dövrünün ideoloji və ictimai-mədəni transformasiyalarını əsərlərində əks etdirən, istər qadın, istər kişi, istərsə də uşaq surətləri yaradarkən heykəltəraş içimizdə olan, yaxud da bizlərə tanış keyfiyyətləri canlı, ifadəli şəkildə verməyə çalışıb.

1946-cı ildə Bakıda dünyaya göz açan Xanlar Əhmədovun rəssamlığa olan ciddi marağı onu Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə (1961-1966) gətirir. Burada heykəltəraşlığımızın öndə gələn simalarından Həyat Abdullayeva və Cəlal Qaryağdıdan aldığı ixtisas dərsləri Xanlar Əhmədovun üslubuna ötürülən ilk təsirlər idi.

O, peşəkar yaradıcılığa ilk addımlarını hələ tələbə olarkən atır. 1966-1972-ci illərdə Daşkənddə A.Ostrovski adına Rəssamlıq İnstitutunda aldığı ixtisas təhsili onda Şərq üslubunun incəliklərinə, Qərb realistik təsvir təfəkkürünə və akademik tərzinə yiyələnməkdə mühüm mərhələ olur. 1968-ci ildən beynəlxalq sərgilərin iştirakçısına çevrilir, həm dəzgah (rəsm, qrafika, heykəltəraşlıq), həm də monumental (büstlər, xatirə lövhələri, memorial heykəltəraşlıq) əsərləri ilə ölkədə və xaricdə (Fransa, Almaniya, Türkiyə, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və s.) Azərbaycan heykəltəraşlığını uğurla təmsil edir.

1972-1975-ci illərdə Moskva Rəssamlıq Akademiyasında aspirantura pilləsi üzrə təhsilini bitirərkən X.Əhmədov Xalq rəssamı Ömər Eldarovun rəhbərliyi ilə təqdim etdiyi “Lənkəran qadınları” əsəri onun yaradıcılıq yolunda “yaşıl işıq” rolunu oynayır. Ağacdan yonulmuş bu çoxfiqurlu kompozisiya ifadəli ritmi və təsirli plastikası ilə heykəltəraşın uğurlu imtahanı olur. Əsərin 1980-ci ildə V.P.Sisoyev tərəfindən çap edilən alboma daxil edilməsi, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin “qəniməti”nə çevrilməsi X.Əhmədov sənətkarlığının bariz sübutudur.

Heykəltəraş müraciət etdiyi bütün mövzularda, pafosdan uzaq olmağa çalışır, öz reallığı, obraza yaxınlığı və ifadəliliyi ilə seçilən əsərlər yaradır. Sadə əmək adamlarının, müasirlərinin portretlərini hazırlayarkən X.Əhmədov realizmə söykənməklə yanaşı, obrazın daxili aləminə nüfuz edir, xarakterin fərdi açılımında fiziki göstəricilərdən yararlanır. Əksər hallarda düz xətlər və tamamlanmış formalardan imtina, biomorf axar formalar, kobud faktura, inandırıcılıq və təmkinlilik X.Əhmədov kompozisiyaları üçün xarakterikdir. “Tələbə qız”, “Kolxozçu qadın”, “Sürücü Mirzə”, “Gimnast qız”, “Fəhlə portreti”, “Pəhləvan İsa”, “Habil Əliyevin portreti”, “Heykəltəraş M.Mirqasımovun portreti” və başqa əsərləri dəfələrlə nüfuzlu sərgilərdə nümayiş etdirilib.

Sənətkarın yaradıcılığında ülvi hisslərin tərənnümünə yönəlmiş əsas mövzu anadır. O, bədii yaradıcılığa məhz bu tipli əsərlərlə başlayıb. Müəllifin “Gənc ana”, “Xoşbəxtlik”, “Ana”, “Ana körpəsi ilə” kompozisiyaları ideal hesab etdiyi mənəvi hisslərlə zəngindir.

X.Əhmədovun Xocalı soyqırımı mövzusuna müraciətini ayrıca vurğulamağa ehtiyac duyuruq. Belə ki, faciənin ildönümündə 20 tunc və 20 qrafik silsilə-kompozisiyanı ərsəyə gətirməsi onun həm də sənətkar yanğısının, vətəndaş cəsarətinin ifadəsi idi. “Yandırılmış qadın”, “Didərginlər”, “Ana fəryadı”, “Donmuşlar”, “Qaçqınlar”, “Faciə”, “Güllə” əsərləri erməni təcavüzkarlarının dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərin və erməni vandalizminin bədii dillə ifşasına yönəlmişdi.

Tarixtarixi şəxsiyyətlər yaradıcılığı boyu X.Əhmədov üçün əsas mövzulardan olub. Müəllifin tarixi simalar “kolleksiyası” xalqımızın uzaq və yaxın keçmişinin, dahi şəxsiyyətlərinin tərənnümünə yönəlib. Heykəltəraşın yaratdığı obrazlar sırasında Ə.Şıxlinski, S.Mehmandarov, R.Rza, N.Gəncəvi, Ə.Vahid, Cavad xan, Tomiris, H.Z.Tağıyev, M.P.Vaqif, M.Ə.Sabir, Ü.Hacıbəyli, Aşıq Şakir, Habil Əliyev, M.İbrahimov, C.Cabbarlı, M.F.Axundzadə, Q.Qarayev kimi tanınmış simaların olması onu bu kontekstdə sərgi etməyə sövq etsə də, daim genişlənməkdə olan bu “şəxsiyyətlər cərgəsi” sonu görünməyən üfüqə bənzəyir...

Son illər yaradıcılıq işləri daha çox Gəncə şəhərində məkan tapan sənətkarın Gəncə Dövlət Filarmoniyasının tağlarında yerləşən Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, A.Məlikov, həmçinin Gəncə Dövlət Dram Teatrının qarşısında ucaldılan C.Cabbarlı və M.F.Axundzadənin monumentləri, eləcə də “Sarı gəlin” kompozisiyası ifadəli həlli, ətraf mühitlə uyarlılığı baxımından diqqətəlayiq nümunələrdir.

Hazırda işğaldan azad olunmuş torpaqlarımızda keçmiş sənət əsərlərinin bərpasına yönəlmiş fəaliyyəti X.Əhmədovun yaradıcılığında yeni və şanlı məqamdır. Şuşada Bülbülün Ev-Muzeyinin xatirə lövhəsi və heykəltəraşlıq tərtibatında, “Güllələnmiş heykəllər” adı ilə sənət tarixinə yazılan Bülbül və Ü.Hacıbəylinin (N.Dadaşovla birgə) abidələrinin yenidən Şuşada quraşdırılmasında iştirakı və “Şuşa layihəsi” çərçivəsində adı hələ açıqlanmayan bir neçə X.Əhmədovun yaradıcılıq kitabında önəmli səhifələrdəndir.

Heykəltəraşın vətən və millət qarşısında xidməti sənətkar məhəbbətiylə ərsəyə gətirdiyi məzarüstü abidələrdə də əks olunur. X.Əhmədov imzasını daşıyan Ə.Elçibəy, M.Hüseynov, M.Araz, S.Abbasəliyəv, H.Bağırov, S.Rüstəm, Ə.Şıxlinski və başqalarının memorial abidələri öz lirik-psixoloji təsir qüvvəsi ilə seçilir, onların tipoloji ümumiləşdirməsi isə elegiya təəssüratlarına əsaslanır. Əsərlərində pafosdan, aldadıcı və aşkar əzəmətli formalardan uzaq olan sənətkar obrazlarının möhtəşəmliyini, monumentallığını onların canlılığında, sərbəst pozalarında, fakturanın aydınlığında görür.

X.Əhmədovun görkəmli şəxsiyyətlərin ev-muzeyləri üçün (C.Cabbarlı, Ə.Şıxlinski, Ə.Əzimzadə, S.Bəhlulzadə, H.Cavid, Bülbüls.) hazırladığı xatirə lövhələri təkcə tanınma nişanı olmayıb, bütün detalları ilə ithaf edilmiş şəxsiyyətlərin həyat və yaradıcılığının, ictimai fəaliyyətinin qısa, simvolik salnaməsidir.

Sənətkarın Bayılda doğum evinin qarşısında qoyulmuş “Xoşbəxt uşaqlıq” kompozisiyası (Ə.Kərimovla birgə), M.F.Axundzadə adına Milli Kitabxananın fasadını bəzəyən M.Ə.Sabirin (N.Dadaşovla birgə) və R.Rzanın, Cəbrayılda Aşıq Pərinin (rayonun işğalı zamanı erməni vandalları tərəfindən məhv edilib), metronun “İçərişəhər” stansiyasının qarşısında yerləşən H.Z.Tağıyevin və s. monumental abidələri müəllifin yaradıcılıq özünəməxsusluğunun təcəssümüdür.

Sənətdə peşəkarlıq mərhələsinə çoxdan çatmış tişə ustası özünü realistik tərzdə ifadə etməyə üstünlük versə də, yaradıcılığında realizmin fərqli, özünəməxsus formatı təzahür edib. Əsərlərində məzmuna önəm verilməsi, məzmuna uyğun kompozisiya quruluşu, fəlsəfi və simvolik elementlərlə ifadə, tarixiliklə müasirliyin sintezinə cəhd daim bədii axtarışda olan heykəltəraşın sənətini aktual edir.

X.Əhmədovun təsviri sənətin inkişafına verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib, 2002-ci ildə “Əməkdar rəssam”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Aldığı mükəmməl sənət təhsili, uzun illərin zəhməti sayəsində əldə etdiyi bədii təcrübəni gənclərə ötürməkdən rahatlıq tapan X.Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətini davam etdirir, yeni heykəltəraşlar nəslinin yetişməsinə töhfəsini verir.

“Həyatda ən qorxulusu qocalmaqdır. Ruhun, ürəyin qocalması... Mən hələ cavanam, çünki ürəyim, ruhum cavandır”, – deyən Xanlar Əhmədov həyat kitabının 77-ci səhifəsini vərəqləyir. Onun yaratdığı heykəllər tarixin axarında hər zaman eyni yaşda, eyni görkəmdə qalacaq və müəllifini də əbədi yaşadacaq.

 

Xırdaxanım Əliyeva

ADMİU-nun II kurs magistrantı

Mədəniyyət.- 2023.- 12 aprel.- S.7.