“Mədəniyyət fədaisi”

 

Lənkəran şəhər Mədəniyyət Mərkəzində rayonun ictimai-mədəni həyatında böyük iz qoyan Şövkət Səfərovanın 90 illiyinə həsr olunmuş “Mədəniyyət fədaisi” adlı sənədli filmin təqdimatı keçirilib.

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov bildirib ki, Ş.Səfərova mədəniyyət sahəsində çalışdığı dövrdə bölgənin mədəni zənginliklərini ölkəmizdə və xaricdə tanıtmağa nail olub. Yaratdığı “Şənlik” rəqs ansamblı Polşada müsabiqədə “Qızıl balta” mükafatı qazanıb. Hazırda həmin mükafat Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Qeyd olunub ki, Şövkət Səfərova 1932-ci il dekabrın 23-də Lənkəranın Viravul kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsində təhsil alıb. O, Lənkəranda bir neçə mədəniyyət ocağının, eləcə də məktəb və uşaq bağçalarının tikintisi və bərpa edilməsinin təşəbbüskarı olub. Şövkət Səfərova 2002-ci il mayın 31-də vəfat edib.

Filmin rejissoru Anar Kəkəyev və ssenaristi Tural Kərimov çıxışlarında ekran işinin ərsəyə gəlməsindən danışıblar.

Çıxışlardan sonra “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub.

Mədəniyyət xadiminin qızı, pedaqoq Südabə Hüseynova filmin çəkilməsinə və təqdimata görə təşəkkür edib, anası haqqında xatirələrini bölüşüb.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.6.