Türkoloji etüdlər”in təqdimatı keçirilib

 

Aprelin 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minaxanım Təkləlinin “Türkoloji etüdlər” kitabının təqdimatı olub.

Türkoloq, Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, kitab türkologiya üçün çox dəyərli nəşrdir. Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur: Professor Minaxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər, bədii yaradıcılıqla da məşğul olur, Türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Minaxanım Təkləlinin “Mərkəzi Rusiyanın türk coğrafiyası”, “Türk əsilli ruslar”, “Yaddaş”, “Azad və tənha adamlar’”, “Türk sözləri rus dilində” və s. kitablarını da sadalamaq olar. Bu mövzuda kitablar çoxdur. Amma M.Təkləlinin kitabları öz unikallığı ilə seçilir. Bu kitab da türkologiya elmi üçün bir töhfədir”.

Sonra Minaxanım Təkləli kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir.

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney və digər çıxış edənlər kitab haqqında öz fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.7.