Teatr Forumu: təəssürat və rəylər

 

 

Forumdakı ilk çıxışımda da bunu söylədim. Bəlkə də bu forum Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansıdır. Azərbaycan teatr sənəti ya bu döngədə xilas olacaq, ya da hər şey olduğu kimi davam edəcək. Bu o deməkdir ki, heç bir şey dəyişməyəcək.

Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı söyləyib.

Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin bir parçası olduğunu bildirən Xalq artisti deyib: “Heydər Əliyev Mərkəzində keçirilən bu tədbir Azərbaycanın mədəniyyət tarixi və taleyində olduqca önəmli bir məqamdır. İllərdən bəri yığılmış və deyilməsinə cəsarət edilməyən məsələlər burada müzakirə edilir, həll yolları axtarılır. Teatr canlı orqanizmdir. Biz bilirik haramız ağrıyır, ancaq özümüz özümüzü sağalda bilərik. Forum dayanmış, yolunu müəyyən mənada tapmaqda çətinlik çəkən teatrın yolunu doğru müəyyən etməkdə bizə kömək olacaq. Bir milləti var edən onun mədəniyyətidir. İnanıram ki, çox şey yaxşı istiqamətdə dəyişəcək”.

***

Teatr Forumunun keçirilməsi sevindiricidir. Forumdan sənətin inkişafı naminə gözləntilərimiz çoxdur.

Bunu isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev deyib.

Rejissor çıxış və müzakirələrdə bir çox maraqlı fikirlərin səsləndiyini bildirib: “Mülahizələrimizi bölüşürükbir çox suallara cavab tapırıq. Bu tədbir bizim üçün bir imkandır ki, teatr sənəti inkişaf etsin. Teatr Forumunun keçirilməsi vacib bir yenilikdir, çünki bu gələcəkdə bizə böyük imkanlar yaradacaq. Akademik Musiqili Teatr tərəfindən də təkliflər irəli sürülüb və ümidvarıq ki, onlara baxılacaq...”.

***

Forumda çox sərbəst və demokratik şəkildə hər kəsə öz fikirlərini bildirməyə imkan yaradılıb. Teatr sahəsində illərdən bəri yığılıb qalmış problemləri qısa zamanda aradan qaldırmaq mümkün olmasa da, müəyyən vacib işlərin yoluna düşməsi üçün müzakirələr aparmaq vacibdir.

Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltanın tədbirlə bağlı qənaəti belədir.

O bildirib ki, Azərbaycan teatrının problemləri bu gün çoxdur: “Bizim teatr yerli kadrların, teatrların fədailəri sayəsində bu gün ayaqda durur. Teatrlarla bağlı qanunlarda və onların icrasında boşluqlar var. Bu günədək teatrlara qarşı münasibət birmənalı olmayıb. Mədəniyyətdə islahatlar aparılmalıdır və onları ilk öncə teatrlardan başlamaq lazımdır. Əminəm ki, bu Teatr Forumu bu sahədə müəyyən işlərin başlanması və icrası üçün yeni imkanlar yaradacaq”.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.3.