Daşkənddə “Şuşa
Günləri”
Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə layihəsi əsasında 10-11 aprel tarixlərində Özbəkistanda “Şuşa Günləri” keçirilib.
AMM-də təşkil olunan açılış mərasimində Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er, Özbəkistanın Mədəni İrs Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkənddə akkreditə olunmuş türk dövlətlərinin səfirləri, millət vəkilləri, yerli rəsmilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə AMM-in önündə Heydər Əliyevin büstünün qarşısına, həmçinin “Şəhidlər və Zəfər” xatirə lövhəsi önünə gül-çiçək dəstələri qoyublar. Mərkəzin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşrlər sərgisi təqdim edilib.
Mərkəzin konfrans zalında keçirilən mərasimdə AMM-nin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa Günləri” layihəsinin iki ölkənin mədəni əlaqələrində mühüm hadisə olduğunu deyib, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna yerindən söz açıb.
Səfir Hüseyn Quliyev Şuşanın otuz ilə yaxın erməni işğalı altında qaldığını, bu müddətdə şəhərdəki bir çox tikililərin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb. Bildirib ki, şəhərin 2020-ci ildə işğaldan azad edilməsindən sonra burada aparılan quruculuq işləri və keçirilən beynəlxalq tədbirlər hər bir azərbaycanlıya qürur hissi yaşadır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il 100 illiyi qeyd olunan Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa Günləri”nin açılış mərasiminin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi təşkilat tərəfindən ilk dəfə belə bir layihənin 2022-ci ilin dekabrında Bursada və bu il də birinci olaraq Özbəkistanda keçirildiyini vurğulayıb.
Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov “Şuşa Günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
TÜRKPA-nın baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni Miras Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında əlaqələrin inkişafına xidmət edəcəyini söyləyiblər.
Sonra Xurşidbanu Natəvan haqqında sənədli film göstərilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış filmdə şairənin həyatı və yaradıcılığına dair bədii səhnələr də yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Xalq artisti Mehriban Zəki çəkilib.
Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam üçlüyünün ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib, AMM-in “Azərbaycan qızları” rəqs ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları olub.
Rəsmi qonaqlara və təşkilatçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından “Şuşa günləri” münasibətilə xatirə hədiyyələri təqdim edilib.
Silsilə tədbirlər çərçivəsində Daşkənddəki Turan Kitabxanasında Xurşidbanu Natəvanın şeirlərinin özbək dilinə tərcüməsindən ibarət “Xurşidə yetər başım” kitabının təqdimatı olub. Kitab AMM-in layihəsi əsasında 2022-ci ildə nəşr edilib.
Daşkənddə “Şuşa
Günləri” çərçivəsində Qarabağa aid milli geyimlərin moda nümayişi, digər tədbirlər də
təşkil olunub.
Mədəniyyət.- 2023.- 14 aprel.- S.1;8.