Milli teatr prosesi
yeni mərhələdə
Müasir səhnəmizin inkişaf perspektivlərinin
müzakirə olunduğu
forum başa çatdı
Xəbər verdiyimiz kimi,
11-12 aprel tarixlərində
Heydər Əliyev Mərkəzində “Azərbaycan
teatrı – 150: inkişaf
perspektivləri” mövzusunda
Teatr Forumu keçirildi.
Forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) iştirakı ilə
gerçəkləşdi.
Teatr ictimaiyyəti
iki gün ən müxtəlif mövzularda olduqca məhsuldar, perspektivə hesablanmış və aydın hədəfləri
olan bir teatr görüşünə
şahidlik etdi.
Forumda aktyor, rejissor, teatrların rəhbərləri,
texniki heyətin təmsilçiləri, habelə
teatrşünasları və
s. bir araya gəlib teatrın mahiyyətinə vararaq qarşıda duran əsas vəzifələrə
nəzər saldılar.
Aprelin 12-də, forumun
ikinci gününün
son panel müzakirəsi “Teatr
sahəsində insan kapitalının inkişafı”
mövzusuna həsr olunmuşdu.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə keçən müzakirədə
maraqlı, fərqli və yeni fikirlər
səsləndirildi.
Xüsusən bölgə teatrlarının
probleminə çevrilən
ixtisaslı kadr məsələsi “Teatr təhsilində tələblə
təklifin uzlaşma mexanizmi” mövzusu ətrafında müzakirə
olundu. ADMİU-da Teatr sənəti fakültəsinin dekanı
Böyükxanım Talıbova
bu təhsil müəssisəsində tədrisin
plan-proqramı, məzunları,
onların gələcək
iş taleyi ətrafında təhlillər
apardı. Bildirdi ki, universitetin
qarşısında duran
əsas vəzifə ixtisaslı və yüksək səviyyəli
kadr hazırlığıdır.
Onların işlə təminatı,
yaxud hazırda bölgə teatrlarının
kadr sarıdan çətinlik yaşadığı
halda gənclərin bölgələrə getmək
istəməməyi təhsil
verən təşkilatın
problemi deyil. Gənclərin ixtisas sahələrində çalışmaları,
bölgələrdəki sənət
ocaqlarında fəaliyyətləri
ilə bağlı təbliğat işi apardıqlarını da vurğulayan B.Talıbova onların qarşısında
duran əsas maneənin yaşayış
şəraiti və maddi təminatla bağlı olduğunu dedi.
Sonra müzakirələr “Teatr
aktual məsələlərin
effektiv təbliğat
platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir
teatr sənətində
festival hərəkatı” və
“Region teatrlarında kadr potensialı” mövzuları ətrafında
davam etdi.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr
Şarovski tamaşaçının
teatra cəlb olunması, teatrın qarşısında duran
plan öhdəlikləri və
bunu ödəmək uğrunda gedən mücadilədə əsl
sənət prinsiplərinə
cavab verən səhnə nümunələrindən
çox kassaya hesablanmış işlərin
ortaya çıxdığını
əsas problem kimi önə çəkdi. O, festival hərəkatına,
qarşılıqlı səfərlərin
təşkilinə və
bu yolla əyani təcrübə
mübadiləsinə nail olunduğuna
da işarə etdi.
Şəki Dövlət Dram Teatrının
baş rejissoru Əməkdar incəsənət
xadimi Mirbala Səlimli bölgə teatrlarında kadr problemlərini diqqət mərkəzinə çəkdi. O, aktyor
və rejissordan savayı, adi işıqçıdan qrimçiyədək
region teatrlarında korluq
yaşandığını dedi. Bildirdi ki, bu vəziyyət
bacarıqlı, yaradıcı
insanların daha gəlirli sahələrə
qaçmaları, teatrı
perspektivli iş yeri kimi görməməkləri
ilə bağlıdır.
Öz teatrlarında
tətbiq etdikləri studiya təcrübəsini
də bölüşən
rejissor bu məsələdə yeganə
əngəlin həmin
həvəskar aktyor, rejissor və rəssamların ixtisaslı
kadr olmadıqları üçün müvafiq
qurum tərəfindən
tanınan imtiyazlardan məhrumluğu olduğunu
vurğuladı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov çıxışında ixtisaslı kadr hazırlığındakı çatışmazlıqlara və bu kadrların teatrlara gələrkən yaşadıqları süni problemlərə nəzər saldı. Bildirdi ki, aidiyyəti təhsil ocağında kadr hazırlığında kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməlidir. O, həmçinin ali aktyor təhsilli gənclərin ixtisas istiqamətləri üzrə iş tapmamaqlarının ciddi problem olduğunu dedi: “Akademik Musiqili Teatr üçün əsas kadrlar universitetin musiqili teatr aktyorluğu ixtisasından yox, daha çox Bakı Musiqi Akademiyası və Xoreoqrafiya Akademiyasının məzunları arasından seçilir. Bu isə yeni problemə rəvac verir”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru İradə Gözəlova isə gənclərin region teatrlarına maraq göstərməməsinin səbəblərindən danışdı. Bir neçə il Gəncə Dövlət Dram Teatrının baş rejissoru kimi çalışdığını deyən İ.Gözəlova bölgə teatrlarının qarşılaşdıqları əsas problemlərə şahid olduğunu, yeni nəsil rejissorların bu kimi çətin şəraitlərə qatlaşmaq istəmədiklərini təəssüflə qeyd etdi. Bildirdi ki, hər bir rejissor üçün bölgə teatrı təcrübə mənbəyi olmaqla yanaşı, truppanın müəyyənləşdirilməsi və həvəskarların peşəkar aktyor vərdişlərinə yiyələnmələri üçün də əhəmiyyət kəsb edir.
Teatrşünas, Azərbaycan Teatr Xadimləri İttifaqında Yaradıcılıq şöbəsinin müdiri Dağlar Yusif əsas diqqəti bölgə teatrlarının repertuar siyasəti və iş şəraitinə yönəltdi. O, ittifaq ilə bölgə teatrları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərə nəzər yetirdi.
Paneldə paytaxtdan bölgələrə göndərilən rejissor və direktorların ciddi seçimlə təyinatı, onların bölgənin teatr mühitinə uyğunlaşma cəhdləri, yerli teatrların repertuar siyasətinin onların mövcud potensialının nəzərə alınmadan qurulması da müzakirə edildi. Mövcud vəziyyətlə bağlı təkliflər səsləndirildi.
Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu ikigünlük forum öz işini başa vurdu.
Sonda xatirə şəkilləri çəkdirildi.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 14 aprel.- S.1;3.