Mədəniyyətimizin böyük
hamisi
(əvvəli ötən
sayımızda)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə
diqqət və qayğısı onun
dövlət xadimi kimi
fəaliyyətinin bütün mərhələlərində
– sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində
çalışdığı vaxtda və
müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin
yaddaşına çoxsaylı səhifələrlə
yazılıb. O, hər zaman və hər
yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq
diqqətinizə təqdim edirik...
1981-ci il 27 mart
Azərbaycan KP MK-nın Birinci
katibi Heydər Əliyev Bakıda məşhur rus bəstəkarı, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı
Dmitri Kabalevskinin müəllif
konsertinə tamaşa
etdikdən sonra yaradıcı heyətlə
görüşüb.
1981-ci il 2 aprel
Heydər Əliyev SSRİ Rəssamlıq
Akademiyası Rəyasət
Heyətinin və Rəssamlıq təhsili üzrə elmi-metodik Şurasının Bakıda
keçirilən geniş
iclasında çıxış
edib.
1981-ci il 5 aprel
Heydər Əliyev Azərbaycan kinematoqrafçılarının V qurultayında iştirak edib.
1981-ci il 11 aprel
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illiyinə
həsr edilən təntənəli mərasim
keçirilib. Heydər Əliyev
mərasimdə çıxış
edib.
“...Artistin, səhnə işçisinin sənəti
mürəkkəb işdir,
istedaddan əlavə çox böyük mənəvi və fiziki gərginlik, fədakarlıq, daha doğrusu, fədailik tələb edən bir işdir. Dərin razılıq hissi ilə demək olar ki, Rus
Dram Teatrının işçiləri
özlərinin gündəlik
fəaliyyəti ilə
öz şərəfli
borcuna sədaqətlə,
fədakarlıqla xidmət
nümunələri göstərir,
var qüvvələrini
çoxmillətli sosialist
incəsənətimizin inkişafına
sərf edirlər.
60 illik dolğun
və mənalı tarixi ərzində Rus Dram Teatrı Azərbaycan mədəniyyətini,
bütün çoxmillətli
sovet incəsənətini
gözəl yaradıcılıq
nailiyyətləri ilə
zənginləşdirmişdir. Bu, Azərbaycanda rus teatrı xadimlərinin bütün nəsillərinin
böyük fədakar
əməyinin nəticəsidir.
Odur ki, biz onların xidmətlərini layiqincə
qiymətləndiririk. Bununla birlikdə biz səhnə ustalarının
indiki nəslinə – artistlərə və rejissorlara, rəssamlara və sex işçilərinə,
bu gün bu salonda olan
və şanlı yubileyi qeyd edən
bütün teatr işçilərinə xüsusi
minnətdarlıq və
dərin ehtiram hisslərimizi ifadə edirik...
Azərbaycan Dövlət Rus Dram Teatrı 50 illiyi ilə əlaqədar olaraq “Qırmızı Əmək Bayrağı”
ordeni ilə təltif edilmişdi. 60 illik yubileyi ilə əlaqədar olaraq teatr Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanına layiq görülmüşdür. Sizi ürəkdən təbrik edir və respublikamızın
yüksək mükafatını
sizə təqdim etmək kimi şərəfli və xoş bir tapşırığı
böyük məmnuniyyətlə
yerinə yetirirəm...”.
1981-ci il 7 iyun
Heydər Əliyev Bakının Şüvəlan qəsəbəsində
yazıçıların Yaradıcılıq
evinin açılış
mərasimində iştirak
edib.
1981-ci 12 iyun
Heydər Əliyev Azərbaycan yazıçılarının VII qurultayında nitq söyləyib.
“...Azərbaycan yazıçıları
öz növbəti qurultayına böyük nailiyyətlərlə gəliblər.
Bunu da qeyd
etmək vacibdir ki, ötən illərdə respublika yazıçılar təşkilatının
yaradıcılıq həyatı
və ictimai fəaliyyəti nəzərəçarpacaq
dərəcədə canlanmışdır...
Son illər müxtəlif
nəsillərə mənsub
bir çox sənətkara fəxri adlar – Xalq yazıçısı,
Əməkdar incəsənət
xadimi və Əməkdar mədəniyyət
işçisi adları
verilmişdir. Bir
sıra ədəbiyyatçılar
Sovet İttifaqı ordenlərinə, SSRİ və
respublika Dövlət
mükafatlarına layiq
görülmüşlər. Süleyman Rəhimova, Süleyman Rüstəmə,
Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad verilmişdir.
Bu mükafatlarla bütün
Azərbaycan yazıçılarının
yaradıcı əməyi
yüksək qiymətləndirilir...
Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında
məsuliyyət daşıyır...
Mədəniyyətin milli sərvətlərinin
demək olar, əsas mühafizəçisi
olan yazıçının
yüksək vətəndaşlıq
vəzifəsi xalqın
tarixini onun müasir mədəniyyətinə
xidmət göstərməyə
cəlb etməkdir.
Qoy bu çətin
yolda sizə Səməd Vurğun yaradıcılığının parlaq nümunəsi ilham versin - Səməd Vurğun ölməz “Vaqif” dramında böyük Azərbaycan şairinin tarixi obrazını yaratmış, o dövrün
ictimai-siyasi həyatını
heyrət doğuran məharətlə canlandırmışdır.
Qeyd etmək istəyirəm ki, tarixi simaların
obrazları yaradılan
və tariximizin çox mühüm dövrləri tərənnüm
olunan ədəbi əsərlər ən yüksək səviyyədə
yazılmalıdır. Bunlar çox
mühüm, açıq
deyək ki, mürəkkəb mövzulardır.
Belə mövzuların öhdəsindən
yalnız yüksək
istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər.
Buna görə də tarixi mövzuda əsərlər
yaratmağa girişməzdən
əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan ədəbiyyatı
klassiklərinin solmaz yaradıcılığının öyrənilməsinə və
təbliğinə böyük
diqqət verir. Bunu təkcə son illərdə
Mərkəzi Komitənin
qəbul etdiyi xüsusi qərarlar sübut edir...
Yaradıcı tərcümənin böyük və nəcib vəzifəsini bizim ən qüvvəli yazıçılarımız şərəflə yerinə yetirməlidirlər... Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu məsələlərə prinsipial əhəmiyyət verərək respublikada tərcümə işinin vəziyyətini xüsusi müzakirə etmək və onun əsaslı surətdə yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmək niyyətindədir.
Bir məsələyə də toxunmaq istəyirəm. Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq İttifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barəsində düşünmək lazımdır.
Azərbaycan ədəbiyyatının sabahkı gününə qayğı göstərmək respublika Yazıçılar İttifaqının ən mühüm vəzifəsidir. Birinci növbədə ədəbiyyata təzə qüvvələr gəlməsi, gənc istedadların aşkara çıxarılması və tərbiyə edilməsi qayğısına qalmaq lazımdır... Yazıçılar təşkilatının fəaliyyətində kollegiallıq, əsl demokratik ruh hökm sürməlidir, elə bir şərait yaranmalıdır ki, hər kəs öz fikirlərini və şübhələrini ifadə edə bilsin. Cəmiyyətimizin sınanmış silahı olan tənqid və özünütənqiddən daha fəal istifadə edilməlidir...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 14 aprel.- S.5.