“Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində”

 

Layihə musiqişünaslarklassik musiqi həvəskarları tərəfindən rəğbətlə qarşılandı

 

Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert proqramı təqdim olundu.

Konsertdə Əməkdar artist İlham Nəzərov (kontratenor) və pianoçu, beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla çıxış etdilər. Hüseynağa Aslanov isə Mirzə Şəfi Vazehin alman dilindən tərcümə olunmuş mətnlərini qiraət etdi.

Konsert proqramında görkəmli İsveçrə bəstəkarı Hans Huberin (1852-1921) 13 parçadan ibarət romans silsiləsi Bakıda ilk dəfə təqdim olundu. Vazehin şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib, lakin ölkəmizdə ilk dəfə ifa edilirdi.

Layihə musiqişünaslarklassik musiqi həvəskarları tərəfindən alqışlarla qarşılandı.

Konsert haqqında musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə öz fikirlərini bölüşüb: “Vokal musiqidə iki şaxə var: Şubert yolu, Şuman yolu. Huber, məncə, Şuman yolu ilə addımlayır, yəni mətndən təkan alır. İlham Nəzərov düşünən musiqiçimiz kimi hər bir romansın sözlərinə, hətta xırda nüanslara belə vararaq bitkin miniatürlər ərsəyə gətirib. Züleyxa xanımla yaxşı bir tərəfdaş kimi parlaq çıxış etdilər. Kamera-vokal konsertlərin şəhərimizdə keçirilməsi ənənə şəklini alır. Bu da ifaçılarımızın xidmətidir. İnanıram ki, bizi hələ neçə-neçə maraqlı vokal musiqi nümunəsi ilə görüş gözləyir. Arzu edirəm ki, belə layihələrdə dinləyici qismində tələbələri daha çox görək...”.

 

Lalə

Mədəniyyət.- 2023.- 19 aprel.- S.3.