Sənədli kino
salnaməsinə baxış davam edir
Növbəti tədbirdə kinorejissor Musa
Bağırovun xatirəsi anılıb
Dövlət Film Fondunun Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə həyata keçirdiyi “Azərbaycanın sənədli kino salnaməsi” adlı layihə davam edir. Aprelin 14-də təşkil olunan növbəti retrospektiv baxış Əməkdar incəsənət xadimi, kinorejissor Musa Bağırovun yaradıcılığına həsr olunub.
Fondun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Musa Bağırovun yaradıcılığından və onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi xidmətlərindən danışıb. Cəmil Quliyev kinorejissorın 1981-ci ildə lentə aldığı “Belə bir kənd var” sənədli filminin qəhrəmanı, Ağdamın Xındırıstan kəndinin inkişafında böyük xidmətləri olmuş İldırım Cəfərovun fəaliyyətindən də söz açıb.
Sonra Musa Bağırovun “Belə bir kənd var” və “Divlər sarayı” sənədli filmləri nümayiş olunub.
Nümayişdən sonra rejissor Musa Bağırovun ailə üzvləri adından Ziya Seyidbəyli, həmçinin İldırım Cəfərovun ailə üzvləri adından Bəhram Şükürov və Aybəniz Cəfərova çıxış edərək filmin çəkiliş qrupuna və nümayişin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Mədəniyyət.- 2023.- 19
aprel.- S.5.