Teatr Forumundan sonra
Avazımız yaxşı gəlir və ya söylənənlər söz
olaraq qalmasın...
Ötən həftə ölkəmizin mədəni həyatında əlamətdar hadisənin – Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda ilk Teatr Forumunun (11-12 aprel) iştirakçısı olduq.
Yüksək səviyyədə təşkil olunan, müasir yaradıcılıq sənayesi və onun teatr qolunun problem və prioritetlərini ön plana çıxarmaq məramı daşıyan toplantı öz işini gördü. Qalır qarşıya qoyulan məsələlərin, qaldırılan problemlərin həlli yollarını müəyyən etmək və onların ən optimal formada realizəsinə nail olmaq.
Əsas mahiyyətə keçməzdən öncə bir neçə məqamı qısaca qeyd etmək istərdik.
Birincisi, forumu tam izləyən biri kimi çıxış(çı)lar haqqında birmənalı müsbət fikir söyləmək çətindir. Niyə? Çünki bu iki gün ərzində qarşıya qoyulan sualların müzakirəsi ilə bağlı təkliflərdən ziyadə şəxsi istəkləri, öz prizmasından yanaşmaları, daha irəli gedərək, forumun tribunasından bəzi şəxslərin irili-xırdalı ricalarını eşitdik.
İkincisi, forumda səslənən təkliflər təsnifat etibarilə daha çox uzaq perspektivə hesablanmışdı. Odur ki, gəlin, daha çox yaxın perspektivə hesablanan, prosesin hərəkətvericiliyini artıran və ümumi planda mexanizmi sürətləndirənlərə yer verək.
Üçüncüsü, forumun panellərində proqramda nəzərdə tutulan əsas bəndlər müzakirə olunsa da, bəzi məqamlar üzərində elə də dayanılmadı. Sözsüz ki, bu məsələdə mahiyyətdən çıxış etmək istəməyən bəzi iştirakçıların “əməyi” də oldu. Buna bəzən moderatorların auditoriyaya öz subyektiv fikirlərini diktə etmək, formatı öz platformaları sayıb auditoriya mühazirəçisi kimi çıxış etmək cəhdlərini də əlavə etmək olar.
Eyib etməz. İlk təcrübədir. Digər tərəfdən, bu nəhənglikdə tədbir və ən əsası, qarşıya qoyulan məsələlərə münasibət kiçik qüsurları örtmək gücündədir.
Forumun yaratdığı təəssürata gəlincə, sevindirici məqamların əsasında ilk növbədə demokratik tribunanın olmasını, hər bir fikrin ifadəsinə imkan yaradılmasını qeyd etmək gərəkdir.
Önə çıxan məsələlər arasında teatr prosesinin inkişafına sürətlə nüfuz etmək üçün teatr studiyalarının yaradılması, müstəqil teatrlara dəstək, teatrı idarəetmə və kadr siyasətində yeni dövrün tələbləri, teatrda marketinq kimi məsələlər ön planda oldu.
Dramaturq teatrda yetişir
Bununla bağlı uzun mülahizələrə hacət yoxdur. Birmənalı olaraq yeni, müasir, fərqli, eyni zamanda tamaşaçıya hesablanmış və açıq kassa ilə yaşamağa həvəslənmiş teatrlar qapılarını dramaturqlara açmalıdır. Rejissorlar yaxşı dramaturqları, yaxud dramaturgiyanın texnikasını bilməyib, onun səhnə tələblərinə heç cür uyğun gəlməyən müəllifləri də axtarmağa və onlarla birgə işə məcburdur. İlyas Əfəndiyevdən üzü bəri mükəmməl təcrübələr var və bu elə də böyük plan-proqram, yaxud hər hansı forumda müzakirə istəmir.
Məsələyə forumda çıxış edən və hazırda ölkədə əsərləri ən çox səhnəyə qoyulan müəlliflərdən biri, yazıçı-dramaturq Əməkdar incəsənət xadimi Əli Əmirlinin pəncərəsindən baxaq.
Məsələn, o, deyir ki, dramaturgiyamızdakı mövcud vəziyyətə nəzərən onun inkişaf tendensiyalarını konkret bir fikirlə, sözlə ifadə etmək xeyli çətindir və ona görə də məsələyə konstruktiv yanaşmaq şərtdir: “Rəyimi bilmək üçün mənə gənc həmkarlarımın göndərdiyi pyesləri məmnuniyyətlə oxuyuram, o pyeslərdə yenilik görməyəndə məndə, türklər demiş, xəyal qırıqlığı yaranır. Cavabım çox vaxt eyni olur. Mənim kimi və ya mənsub olduğum nəslin nümayəndələri kimi yazmayın, biz bu yolu keçmişik, hələ keçməkdə də davam eləyirik. Yeni nəfəs, yeni material, yeni keyfiyyət lazımdır. Çox istərdim ki, özəl teatrlar gənc dramaturqların yaradıcılığına diqqət yetirsinlər, onların əsərləri ilə tanış olsunlar, teatrın, səhnənin, dramaturgiyanın dilini öyrənməkdə onlara yardımçı olsunlar”.
Dramaturqlar üçün müsabiqə və kursları da vacib sayan Ə.Əmirli gənc müəlliflərə stimul üçün müsabiqələrin mütəmadi təşkilini də irəli sürdü. Qalır teatrların müəlliflərlə müəyyən olunmuş qonorar müqabilində işləməsinə. Bu, bizim reallıqda hələ müşkül görünür. Çünki bu gün teatrlar yox, müəlliflər əsərlərinin oynanmasında maraqlıdırlar və bu mənada artıq, qeyri-rəsmi də olsa, bir qanunauyğunluq formalaşıb.
Teatrların da əsas istəyi budursa...
Yaxşı, vəziyyət belədirsə,
onda teatrlar, rejissorlar niyə müasir əsər sarıdan çətinlik
çəkirlər? Belə olduqda
tez-tez onlara qarşı səsləndirilən
“Klassikadan əl çəkin”, “Ölü
dramaturqla işləməyə
nə var ki” kimi ittihamlar
yetərsiz görünür.
Bu mövzuda teatrların,
rejissorların da öz arqumentləri var.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının
baş rejissoru Əməkdar incəsənət
xadimi, müasir teatrımızda fərqli
və maraqlı quruluşlarda adı olan Mehriban Ələkbərzadəyə
qulaq “verək”: “Əvvəla, onu deyim ki, bu
forum gündəlik fəaliyyətimizdə
rastlaşdığımız problemlərin haradan qaynaqlandığını üzə
çıxarıb, onu
aradan qaldırmaq üçün gözəl
fürsət idi. O həm də milli teatrın inkişafı naminə birlikdə ortaq məxrəcə gəlmək
mütləqliyi üçün
idi. Üzə çıxan və
həllini gözləyən
məsələləri sadaladıq.
Bu, öz yerində.
Bu gün daha çox teatrın inkişaf strategiyasının
təyini (ən azı 10 il)
üzərində dayanmalı,
hədəflər müəyyən
edilməlidir. Gənc rejissorlarla
özünüifadə imkanları
yaradılmalıdır.
Teatrlarda maddi-texniki bazanın vəziyyətinə mütləq
baxılmalıdır. Çünki tamaşaların keyfiyyəti
həm də bundan asılıdır.
Teatrlarda
prodüser, ya menecerlik mütləqdir.
Buraya beynəlxalq arenaya çıxış, yaxud
qastrolların təşkili
məsələsi daxildir.
Teatrlarda
truppa problemi də göz önündədir. Düşünürəm ki, truppa mütləqliyi
aradan qaldırılmaqla
işə qəbula yenidən baxılmalıdır.
Teatrlarda
(hər bir teatr öz spesifik
və estetik üslubuna uyğun) prosesin davamlılığının
təmini üçün
studiyalar şərtdir.
Bu həm də ya ali təhsilə qədər,
ya da işə
qəbuldan sonra uyğunuq yaratmaq və hazırlıq prosesi kimi qəbul
olunur”.
Dərd
tək bilet satmaq olsaydı...
Teatr marketinqi
və onun təşkili bu gün ən ümdə məsələlərdəndir. Sözsüz ki, birmənalı olaraq hər teatr öz tamaşaçı
auditoriyasını müəyyən
etməyə və davamlı onlarla işləməyə maraqlıdır.
Amma, bu, zaman üçün
yetərli deyil. İndi bu və digər
şəkildə bilet
satışından daha
çox teatrın, səhnə sənəti nümunələrinin cəmiyyətin
fərdləri arasında
mədəni istehsal sahəsi olaraq tələb-təklif sırasına
düşməsi şərtdir.
Bu gün ölkəmizdə
əsas teatr sistemi dövlət büdcəsindən maliyyələşir
və alternativ maliyyə mənbələrinin
istifadəsi halları
çox azdır.
Bunun isə kompleks səbəbləri var.
Bu səbəblərə teatrşünas,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Cəfərovun prizmasından
baxaq: “Marketinq teatrı maddi asılılıqdan qurtarmaq
və onun alternativ maliyyə mənbələrinə çıxış
imkanlarını yüksəltmək
üçün açar
söz rolunu oynayır. Bizdə isə bu istiqamətdə atılan
addımlar pərakəndə
xarakter daşıyır.
Hərçənd ki,
çağdaş dünya
teatrlarının təcrübəsi
göstərir ki, məhz bu istiqamət
teatrın var olması, teatra tamaşaçı marağının
təmin edilməsi, teatr sənətinin bir sənət növü kimi populyarlaşdırılması və cəmiyyətdə
nüfuzunun yüksəldilməsi,
eləcə də, teatr-tamaşa müəssisələrinin
maliyyə sisteminin davamlılığını və
rentabelliyini təmin edən başlıca amildir”.
Heç şübhəsiz ki, marketinq strategiyası öz-özünə tərtib
edilə bilməz. Çünki teatr və bazar
münasibətlərinin inkişaf
yönünü təyin
edən bu strateji sənəd, müəssisənin biznes
strategiyasına və
ümumi inkişaf strategiyasına söykənməlidir.
Belə olduqda klassik tamaşa təşkili və satışı mühitinin müəyyənləşməsi
üçün fərdi
üsullara da ehtiyac qalmayacaq.
Oxuyan da, oxudan da
narazı qalarsa...
Teatrlar üçün
kadr hazırlığı,
onun səviyyəsi də mütəmadi müzakirədədir. Forumda bu
mövzuda da giley-güzarlar səsləndi.
Özü də oradakı
əksəriyyətin məzun
olduğu, bir qismin də pedaqoq kimi fəaliyyət
göstərdiyi Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetindən. Təzadlıdır, deyilmi? Bu suala
cavab çoxbaşlı
olsa da, qarşı tərəfin
arqumentini də bilmək maraqlı idi.
ADMİU-nun Teatr sənəti
fakültəsinin dekanı
Böyükxanım Talıbovanın
qənaətinə görə,
məsələ gənclərin
təhsilə soyuqqanlı,
bir növ həvəssiz yanaşmasından
başlayır. Digər tərəfdən, teatr təhsili haqqında səsləndirilən “bəzi
əlavə fənlərə
çox yer ayrılır” kimi iradlar əsassızdır, ictimaiyyətdə
dərs saatları ilə bağlı yanlış informasiya var.
Belə ki, ölkənin təhsil siyasəti, təhsillə
bağlı qanun var. Eyni təhsil proqramı ilə eyni ali təhsil
müəssisəsini müxtəlif
nəticə göstərərək
bitirən tələbələr
var. Kimi uğurlu, kimi uğursuz olur.
Belə
olduqda başqa bir sual da
yaranır: uğurlu kadrların seçimi və yerləşdirilməsi
üçün müştərək
addımlar atılırmı?
Universitet
təmsilçisi bu məqamda ali
təhsil müəssisəsi
ilə teatrlar arasında sıx əlaqənin vacibliyinə
diqqət çəkdi:
“Tələbələr truppa
ilə davamlı ünsiyyətdə olmalıdır,
teatrı tanımalıdır.
Ali məktəb teatr vasitəsilə istedadın inkişafına
şərait yarada, özünü təkmilləşdirmək
istəyinə, bədii
zövqünə təsir
edə bilər.
Elm və Təhsil
Nazirliyinin tabeliyində
olan Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti Mədəniyyət
Nazirliyinin tabeliyində
olan müəssisələr
üçün kadr hazırlayır. Bu iki qurum sıx
əməkdaşlıq etməlidir”.
Burada qəribəlik
yaradan məqam nədir? Universitet kortəbii, tələb
və təklifi öyrənmədən kadr
hazırlığında ittiham
olunur. Başqa tərəfdən də, bölgə teatrları peşəkar aktyor, rejissor böhranı yaşadığını
car çəkir. Deməli,
qurumlararası əlaqə
möhkəmlənməli və
mərhələli iş
prinsipi mərkəzə
gəlməlidir. Teatrlar, Mədəniyyət
Nazirliyi və
ADMİU kadr hazırlığında
olan ehtiyacları analiz etməli və statistik göstəricilər əsasında
təhlillər aparmalıdır.
Bir sözlə, Teatr Forumunda qaldırılan və həlli vacib məsələlər
çoxdur, mövzuya
yəqin hələ yenə qayıdacağıq...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 19
aprel.- S.6.