“Qobustan qayaüstü təsvirləri incəsənətdə”
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə sərgi
Aprelin 18-də Muzey Mərkəzinin sərgi qalereyasında “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi keçirildi. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar açılan sərgi Qobustan Milli Tarix-Bədii Qoruğu tərəfindən təşkil olunmuşdu.
Qobustan qoruğunun direktoru Vüqar İsayev çıxış edərək 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixi və əhəmiyyəti barədə danışdı. Dedi ki, hər il bir devizlə keçirilən gün bu il “İrs dəyişiklikləri” adı altında təşkil olunur. Qeyd olundu ki, Qobustan qoruğu tərəfindən abidələrə neqativ təsirlərin qarşısının alınması və qabaqlayıcı tədbirlərlə bağlı çoxsaylı seminar və layihələr həyata keçirilir.
Direktor daha sonra 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” olduğuna diqqət çəkərək Ulu öndərin rəhbərliyi dövründə abidə və muzeylərə diqqət və qayğısından, eləcə də həmin dövrdə bu sahə üzrə qanunvericilik bazasının yaradılmasından söz açdı. Bildirildi ki, bu gün də Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın abidələrə, tarixi-mədəni irsə göstərdikləri diqqət bütün dünya üçün bir nümunədir. “Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə mədəni irsə diqqət, Qarabağda tarix-mədəniyyət abidələrinin bərpası ilə böyük layihələrin həyata keçirilməsi bir vətəndaş kimi hamımızın üzərində böyük məsuliyyət yaradır”, – deyən direktor Qarabağ və Şərqi Zəngəzurun zəngin irsinin dünyaya tanıdılmasının vacibliyini diqqətə çatdırdı.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva abidələrimizə diqqəti yönəldən belə bir tədbirə qoşulanlara təşəkkür etdi. O, Qobustan qayaüstü mədəniyyətinin təbliğinə diqqətin artırılmasının vacibliyini vurğuladı.
Millət vəkili, Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva incəsənətin bütün sahələrinə göstərilən dövlət qayğısından danışdı. Naxçıvandakı Gəmiqaya abidəsinin Qobustanla adının yanaşı çəkilməsinin əhəmiyyətini qeyd edən deputat Qobustan təsvirlərinin hər zaman rəssamların ilham mənbəyi olduğunu bildirdi.
Sərginin əhəmiyyətini yüksək qiymətləndirən Xalq rəssamı Arif Hüseynov gələcəkdə “Qobustan Azərbaycan rəssamlarının gözü ilə” adlı kataloqun hazırlanması ideyasını irəli sürdü.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev əksər yaradıcı insanların Qobustan mövzusuna müraciət etdiyini bildirdi, bu zəngin mədəni mirasın dünyada daha geniş təbliğinin vacibliyini vurğuladı.
Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin 30 tanınmış və gənc rəssamının rəngkarlıq, heykəltəraşlıq, keramika, qrafika, batika, xalça, keçə, qobelen və dizayn üzrə 100-dən artıq əl işi nümayiş olunurdu.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 19
aprel.- S.1;2.