Musiqi dünyamızın Həcər
xanımı
...Ötənlərin
xatirəsi
1992-ci ilin isti yayı. Asəf Zeynallı adına
Azərbaycan Dövlət Musiqi Texnikumuna (indiki Milli
Konservatoriya nəzdində Musiqi Kolleci) qəbul imtahanları. İddiaçılardan biri olan bu sətirlərin
müəllifinin digər həmkarları kimi həyəcandan
doğan hərarəti məkandan kənar təbii istiliyin dərəcəsi
ilə müqayisə oluna bilməz. İmtahanlardan
ən çətini hesab olunan “şifahi solfecio” kollecin
üçüncü mərtəbəsindəki “Nəzəriyyə”
siniflərinin birində keçirilirdi. Budur auditoriyanın
qapısı
açılır və gülər üzlü,
kübar görünüşlü xanım bizlərdən
birinci kim içəri keçəçəyini soruşur.
Bu zaman diqqətini mənə yönəldərək:
“Oğlum bəlkə səndən başlayaq?” sualının
ardınca həyacanmı gizlətməyə
çalışaraq irəliyə addımlayıram. Təvəzökarlıqdan
uzaq olsada, imtahandan yüksək qiymət aldıqdan sonra, eynən
həmin xanım: “Təbrik edirəm bala, yolun açıq
olsun” sözləri ilə məni dəhlizə yola salır.
Həmin gülərüz xanım hal-hazırda dəyərli
oxucuların mütaliyə elədiyi yazımın qəhrəmanı,
bizim yubilyar
professor Həcər xanım Babayeva idi.
Xəzri
ilə Gilavarın qovuşuğunda
Deyilənə
görə İçərişəhəri quran memarlar məkanın
küçələrini elə planlaşdırıblar ki, Xəzri
küləyi Gilavarla daima qarşılaşır. Buna görə də, heç vaxt ordakı
küçələrdə toz olmaz. Bakının mərkəzində,
qala divarları arasında uyuyan tarixi məkanın təməlindəki
təmizlik və paklıq burada əsrlər boyu cəmlənən
yüksək mənəvi dəyərləri
formalaşdırmışdır.
İçərişəhərin
mədəniyyət abu-havasında püxtələşən
şəxsiyyətlərin siyahısı peşəkar milli bəstəkarlıq
məktəbinin nümayəndələri Tofiq Quliyev, Xəyyam
Mirzəzadə, Ədilə Hüseynzadədən
tutmuş, “Kəsmə
şıkəstə”nin
unudulmaz ifaçısı Fatma Mehrəliyeva, milli tar
ifaçılığının Mansurovlar səcərəsinə,
caz-muğam sintezinin yaradıcısı, pianoçu Vaqif
Mustafazadəyə, milli kinomuzun ünlü nümayəndələrindən
biri, rejissor Arif Babayevə, rəssamlıq sənətinin
önçüllərindən olan Elbəy Rzaquliyevə,
tabloları dünya salonlarını bəzəyən Tahir
Salahova və daha kimlərə-kimlərə qədər
uzanır. Bax belə
məkanda, bu özəl gündə, qədim qalanın
sayılıb seçilən ailələrinin birində Həcər
xanım Babayeva dünyaya göz açıb.
Yubilyarın
bacısı, görkəmli violin ifaçısı, Xalq
artisti, professor Zəhra xanım Quliyeva xatırlayır: “Böyüdüyümüz ailə çox mehriban və
mənəvi cəhətdən kifayət qədər
kübar və ziyalı insanlar idi. Atam Teymur
müəllim, hərbiçi olmuş, Böyük Vətən
müharibəsinin ilk günündən sonunadək iştirak
etmiş, orden və medallarla təltif olunmuşdu.
Anam Məryəm xanım, filoloq idi, fəlsəfə
üzrə elmlər namizədi adını isə artıq
iki qız nəvəsi olanda aldı. Səbəbi isə bizlər idik: Həcər,
Suğra, Təhminə və mən. Bu dörd
qız uşağını layiqli, təhsilli,
bacarıqlı, öz ayaqları üzərində dik dura bilən
şəxsiyyət kimi yetişdirmək, onlara doğru həyat
prinsiplərini, yolunu göstərmək böyük əmək,
zaman, səhhət tələb edirdi”.
Teymur və Məryəm Quliyevaların ailəsində
musiqi aləminə bağlılıq genetik yaddasın təzahürüdür. Belə ki, Teymur müəllimin
əmisi oğlanlarından – Akif və Tohid Quliyevlər
peşəkar violin ifaçıları, digəri, Xalq artisti
Tofiq Quliyev isə bəstəkar, pianoçu idi. Buna görədə, valideynlər ilk olaraq ailənin
ilki, Həcəri musiqi təhsilinə yönəltdilər.
Zəhra xanım xatırlayır: “...Böyük bacım Həcər
elə İçərişəhərdə yaşayan Ruqiyyə
xanımdan piano dərsləri alırdı, məni də ona
qoşdular ki, zamanım boş keçməsin. Beləliklə, musiqi bizi öz ağuşuna elə
sıx aldı ki, hər ikimiz bu gün də ondan xilas
olmağı heç düşünmürük!”
Ümumiyyətlə
o dövrdə, İşərişəhərin mənəvi
mühitü ilə bağlı Həcər xanımın
uşaqlıq xatirələrinin qəhramanlarından biri,
dünyaca məhşur cazmen Vafiq Mustafazadə ilə əlaqəli
fikirlərinə diqqət etmək kifayətdir: "...Məhəllənin
bir başında bizim evimiz yerləşirdi, digər
başında isə onların evləri. ...Bircə onu bilirdik
ki, bu evdə İçərişəhərin
yaraşıqlı oğlanlarından olan Zivər xalanın
yeganə övladı Vaqif yaşayır... Zivər xala da
İçərişəhərin hörmətli ziyalı
qadınıdır, musiqi müəllimidir, çoxlu tələbələri
var... Bizim məhəllə heyranımız olan
Vaqif isə tipik İçərişəhər
uşağıydı. Məhəllədə
futbolunu oynayan, evinin tinində saatlarla dayanıb,
tay-tuşlarıyla söhbət edən, mübahisə aparan,
böyüklərnən ədəb-ərkan saxlayan,
İçərişəhər qızlarını qoruyan dəliqanlılardan
idi".
Tədqiqatçı
həyatından yarpaqlar
Həcər xanımın tədqiqat maraqları müxtəlifdir. Buraya həm
xalq, həm də peşəkar musiqi
yaradıcılığı ilə bağlı sahələr
daxildir. Dəyərli alim musiqişünas təfəkkürünün
təcəssümünü həmişə yenilikdə
görərək, tədqiq olunacaq problemin lokal deyil, qlobal
müstəvidə elmi araşdırmalara cəlb etməyi
doğru hesab edir: “...Əgər musiqişünas bir tədqiqata
başlayırsa, o, əsərində yenilik
axtarmalıdır. Məsələn, baxmayaraq
ki, şifahi xalq ədəbiyyatımızda bayatı janrı
var, mən vaxtilə “Azərbaycan musiqisində bayatı
janrı” mövzusu ətrafında tədqiqat aparırdım.
Bu tədqiqatı edərkən mən Azərbaycan
bayatısı ilə İraq Türkmənlarının
xoyratlarını müqayisə etdim. Çünki
Türkmən xoyratları bayatının bir
növüdür.
Daha sonra
Azərbaycan bayatısı və türk musiqisində manilərin
tədqiqatını apardım. Əsas da xoyrat, mani,
bayatı-bu üçlüyün bir-birinə münasibətini
tədqiq etdim... 1985-1988-ci illərdə yoldaşım Elxan
Babayevlə İraqa ezam olunduğu zaman, mən də İraq
xoyratları, Azərbaycan bayatıları və türk manilərinin
musiqidə müqayisəsini etməyə
çalışdım. Bir çox İraq
xoyratını nota saldım. Bu çalışmalar
musiqi tədqiqatları üçün yeni fikirlər ortaya
qoydu...”
Başqa
sözlə Həcər xanım musiqi elmində mütərəqqilik
prinsipini həmişə əldə olunan naliyyətlə kifayətləmədən
mütləq şəkildə yeni
araşdırıcı cığırlarını aramaqda
görür. Təsadüfü deyil ki, dəyərli
tədqiqatçının hər iki qız övladı
valideynlərinin sənətlərini davam etdirərkən
milli musiqi fikrimizdə öz yollarını taparaq maraqlı
elmi araşdırmalarla diqqəti cəlb eləyiblər.
Ailənin böyük qızı, hal–hazırda Türkiyədə, Konya Nəcməddin Ərbakan
Unuversitetinin Egitim Fakultəsi
Güzel Sanatlar Bölümünün professoru, sənətşünaslıq
üzrə elmlər doktoru,
müsiqişünas Aynur Elxan Nayir “XX əsrin solfecio
sistemlərinin müqayisəli təhlili” adlı elmi işində
müxtəlif tədris metodikaları və material tərkiblərinin
müqayisəli təhlilini apararaq on dərslik nəşr
etdirmişdir. Ailənin son beşiyi, Ü.Hacıbəyli
adın BMA-nın professoru, sənətşünaslıq
üzrə elmlər doktoru, müsiqişünas Aytac Rəhimova
isə 2003-cü ildə, “Azərbaycan musiqisində meyxana
janrı” adlı namizədlik dissertasiyası ilə milli musiqi tarixində ilkə imza
atmışdır.
Ekran-efirlə
təmas
Həcər xanımın müsiqişünas həyatı
təkcə bu dünümüzə qədər davam edən
Bakı Musiqi Akademiyasında pedaqogi fəaliyyətlə kifayətlənməyərək,
tele-radio və mətbuatla aktiv əməkdaşlıq ilə
əhatələnir. Bu sıraya dəyərli professorun musiqi
incəsənətinin müxtəlif problemlərin ilə
bağlı dövlət təşkilatlarında, həmçinin
ölkəmizdən kənarda milli və professional musiqi
üzrə ekspert kimi məhsuldar işini də, əlavə
eləmək istərdim.
Mən
musiqi sənətimizin
ünlü simaları haqqında digər
yazılarımda müasir televiziya və radio sahəsində
problemlərə toxunarkən, həmişə uzaq keçənlərdəki
vəziyyət ilə müqayisələr aparıram. Təkrarçılıq
olmasın, amma bir həqiqəti yenə də qeyd etmək istəyirəm.
O illərdə ekran-efir çevrəsində elmin istənilən
sahəsi ilə bağlı verilişlərin
hazırlanması və yayınmında mövcud sahənin
aparıcı mütəxəssisləri dəvət
alırdılar. Nəticə etibarı ilə,
uzun müddətli dayanıqlı verilişlər ərsəyə
gəlirdi. Həcər xanımın yaradıcı
taleyində "Bəstəkarların iş
otağında", "Musiqi aləmində", "Musiqi
haqqında söhbətlər", "Aşkarlıq" və
ən nəhayət “Xaqani, 27” adlı telelayihələr deyilənlərə
misaldır. Bəstəkarlar
İttifaqının o dövrdə rəhbəri Aqşin
Əlizadənin təşəbbüsü ilə ərsəyə
gələrək milli televiziyamızın efirində ayda bir dəfə
sərgilənən “Xaqani, 27” ümumən musiqi aləmində
səs salmışdı. Həmin hadisələrin
canlı şahidi və bilavasitə iştirakçısı
professor Zümrüd xanım Dadaşzadə xatırlayır:
“...Hər ay İttifaqın salonunda yeni musiqi və bəstəkarlarımızın
yaradıcılığı, başqa aktual mövzular
haqqında söhbət
aparılırdı... Verilişin yaradıcı heyətinin
üzvləri sırasında
müəllif və aparıcılar Lalə Hüseynova, Nəzakət
Qasımova və Həcər Babayeva, habelə televiziyanın Musiqi şöbəsinin
redaktoru Salehə Əfəndiyeva da
xatırlanmalıdır...”
Qurduğu
ocağın qoruyucu mələyi
Həcər xanımın şəxsiyyəti barədə
danişarkən, onun qayğıkeş ana və olduqca həssas
qəlbə məxsus həyat yoldaşı və diqqətçil
bacı kimi yüksək insani keyfiyyətlərinə
toxunmamaq olmaz.
Əksəriyyət hallarda eyni peşə sahiblərinin sənət
məkanında təkcə tərəf müqabil kimi deyil, həyat
yoldaşları-valideyn kimi ailə ocağı çərçivəsində
qovusması təbiidir.
Digər tərəfdən heç də hər belə
birliyin daxilində problemlər, çətinliklər qarşısında əsl
mənada vahidlık, ümumi harmoniya, çiyin-çiyinə
güvəng müşahidə
etmək olmur. Amma Həcər xanımla, həyatdan nakam
getmiş Elxan müəllimin yüksək mədəniyyətə
malik ailə münasibətləri əvvəldə qeyd etdiyim
ali keyfiyyətləri ilk andan öz ruhuna hopdurmuşdu.
Dəyərli yubilyar müsahibələrin birində
ömür gün yoldaşı haqqında bir qism xatirələrini
bölüşərkən hələ orta məktəb
skamyasından başlayaraq fasiləsiz davan edən peşəkarlığa
yiyələnmə “yarışmasından” söhbət
açır.
Bildiyimiz kimi, Elxam müəllim təkcə
kamil klarnet ifaçısı olmaqla yanaşı, həm də,
zəngin biliklərə malik musiqişünas idi. Bu
baxımdan Həcər xanımla eyni peşə sahibləri
olaraq mətbuatda, əsasən də, “Qobustan”
jurnalının səhifələrində publisistik mövzularla
çıxışlar edirdilər. Əksər
hallarda mətbu orqanın eyni nömrəsinin səhifələrində.
Məsələn, “Qobustan” jurnalının 1972-ci il, 1
saylı nömrəsində ADK-nın (indiki BMA)
yaranmasının 50 illik yubileyi ilə əlaqədar,
artıq məzun olmağa hazırlaşan Elxan Babayevin “Tələbə
sorğu” aparır rubrikasında, öz fikirləri
bölüşənlər arasında IV kurs tələbəsi
Həcər xanım da vardır. Eyni ilə on il sonra, həmin
jurnalın 1982-ci il 3 saylı buraxılışında Elxan
müəllim o illərdə Moskva konservatoriyasının
professoru, Azərbaycan və RSFSR-in əməkdar artist Məmməd
Orucovla bağlı “Mahir qaboycu”
adlı məqalə-müsahibəsi ilə
yanaşı, Həcər xanımın digər fenomen,
pianoçu Namiq Sultanovla bağlı “Pianoyla keçən illər”
yazısı yer alır. Məhz belə bir isti
ailə aurasında həyata vəsiqə qazanan
övladların formalaşması öz müsbət nəticəsini
vermiş olur.
Söz
övladlarındır
Aynur Elxan
Hayır: “...Musiqişünas ailəsində böyümək
və bu abuhavanı hiss etmək çox gözəl idi. Bizim evdə atamın və anamın böyük bir
kitabxanası var. Burada müxtəlif müəlliflərin
elmi kitabları, bəstəkarların bir çox əsərlərinin
klavir və partituraları, qramafon valları var idi. Mən və bacım hələ kiçik
yaşlarımızdan həmin aləmin daimi üzvləri
idik.
Atam Elxan müəllim olduqca qayğıkeş və
mehriban insan, bizə və sevdiyi peşəsinə çox
bağlı şəxsiyyət idi. Çox təəssüf
ki, onun ömür yolu 54 ilə sığışdı.
Amma qısa zaman kəsiyində yaşama
baxmayaraq gözəl övladlar, tələbələr və
musiqi elminə dəyərli işlər qoyub getdi.
Anam Həcər xanımı, ailəmizin qoruyucu mələyi adlandırardım. O fədakar və olduqca kamil zəkalı qadın bütün həyatını ailəsinin formalaşmasına həsr edən insandır. Həm mərhum atamın, mənim və artıq professor Aytac xanım Rəhimovanın, hətta xalam Zəhra xanımın mənəvi dayağı və məsləhətçisi anamdır.”
Aytac Rəhimova: “Anam çox fədakar qadındır. Hər zaman ailə üzvlərini calışmağa, yeni zirvələr fəth etməyə ruhlandırırdı. Atamı itirdikdə mənim 28 yaşım var idi. Ailəlikçə şox ağır dönəmdən keçdik. Anam çox güclü qadın olaraq o zaman bizi ayaqda durmağa, yıxılmamağa dəstək oldu.
Atasız olmağımızı hiss etdirmirdi. Hər ikimiz bacım və mən dissertasiya işlərimizi müdafiyə etdik. Hər zaman demişəm anamın dəstəyi olmasaydı bu gün mən etdiklərimi, qazandıqlarımı bəlkə bir on oldən sonra qazana bilərdim. Hər zaman küçədə belə, tələbələrini gördükdə onların anama qarşı sevgilərinin şahidi olmuşam. Çünki o, yüksək professional pedaqoq və əsl matevatordur.
Ən sonda...
Aytac xanımın sözünə qüvvət kimi Elxan müəllim və Həcər xanımın tələbələrindən biri, Əməkdar artist Əziz Qarayusiflinin isti duyğularla zəngin xatirələrindən birini burada bölüşmək yerinə düşər: “Bu gözəl ailə ilə biz bir binada qonsu idik. Mənim musiqiyə gəlişim, daha doğrusu klarnet ifaçısı kimi yetişməyimdə Elxan müəllimin bir başa iştirakı oldu. Daha doğrusu mən onun ilk tələbəsi idim, üstəlik bizim təhsil çərçivəsində münasibətlərimiz musiqi məktəbinin ilk sinifindən başlayaraq, konservatoriyanın son kursuna qədər olduqca məhsuldar yol keçdi. Təbiətcə sakit görnüşlü Elxan müəllim dərs prosesində çox ciddi, tələbkar pedaqoq idi. Həcər xanım isə əksinə həyatda bir qədər ötkəm, səs- küylü olsa da, tələbələri, konkret mənimlə münasibətlə həlim xasiyyətli idi.Maraqlı təzaddır elə deyilmi? Necə ki, Xəzri və Gilavarın qovusması kimi. Amma sənətdə əldə etdiyim naliyyətlərimə görə mən bu gözəl cütlüyə daima minnətdaram. Tanrıdan Elxan müəllimə daima rəhmət diləyir, əziz Həcər xanımı isə yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.”
Klassik ədəbiyyatda pərvanənin şam ətrafında sonsuz dövr etməsi əsl sevginin simvollarından biri kimi əxz olunur. Həcər xanım ziyası sərhədlərə sıxmayan bir nur çeşməsi, paklıq mənbəyi kimi həmişə ətrafdakıları cəzb edən böyük qüvvəyə malikdir.
Ziya çırağınız daima gur
yansın, dəyərli Həcər xanım!
Yavər
NEYMƏTLİ
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.-
2023.- 19 aprel.- S.7.