Çin xalqı köhnə və yaxşı dostlarını heç vaxt unutmur

 

Ulu öndərin 100 illiyi münasibətilə Heydər Əliyev Fondunun xaricdə ilk mədəniyyət tədbiri Pekində keçirilib

 

Ümummilli lider Heydər Əliyevin 100 illiyi bu günlər Azərbaycanın hüdudlarından kənarda da müxtəlif tədbirlərlə qeyd edilir. Aprelin 17-də Pekində Diaoyutay dövlət iqamətgahında Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub.

Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər, Mədəniyyət nazirliklərinin, digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50-yə yaxın xarici diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Sərgidə Ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, sovet dönəmində və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, o cümlədən 1994-cü ildə Çin Xalq Respublikasına səfərini əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunur. Bu, Heydər Əliyev Fondunun xaricdə Ümummilli liderin 100 illiyinə həsr olunan ilk mədəniyyət tədbiridir.

Sərginin açılış mərasimində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin və Azərbaycan arasında dostluğun tarixinin qədim İpək Yolu dövrünə gedib çıxdığını qeyd edərək bu dostluq sayəsində əsrlərdir xalqlarımızın bir-birindən öyrəndiyini deyib. Azərbaycanın gözəl və zəngin torpağının zəhmətkeş və istedadlı nəsillər yetişdirdiyini bildirən Lin Sontien görkəmli dövlət xadimi Heydər Əliyevin böyük nüfuz sahibi olduğunu deyib. Bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda tarixi məsuliyyəti öz üzərinə götürərək uzaqgörən siyasiböyük cəsarəti ilə ölkənin tarixində yeni səhifə açmağa nail olub.

Heydər Əliyevin Çinin yaxın dostu olduğunu, Prezident vəzifəsində bu ölkəyə səfər edərək ikitərəfli münasibətlərin inkişafına tarixi töhfələr verdiyini diqqətə çatdıran Lin Sontien vurğulayıb ki, Çin xalqı köhnə və yaxşı dostlarını heç vaxt unutmur. Məhz bunun nəticəsidir ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Heydər Əliyevin anadan olmasının 90-cı ildönümündə ona həsr olunan kitabın Çin dilində nəşrinin təqdimatını təşkil edib. Dahi insanların xatırlanması istiqamətində onların irsinin öyrənilməsi vacibdir.

İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə toxunan Lin Sontien qarşılıqlı siyasi etimadın getdikcə möhkəmləndiyini, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdiyini diqqətə çatdırıb, Azərbaycanın və Çinin dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji rəhbərliyi ilə son illər əlaqələrimizdə böyük sıçrayışın müşahidə olunduğunu deyib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Ümummilli liderin Azərbaycanı çətin vəziyyətdən çıxararaq inkişaf yoluna yönəltdiyini, müasir Azərbaycanın qurucusu olduğunu deyib.

Heydər Əliyev Fondunun “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə bir sıra mədəni tədbirlər keçirəcəyini diqqətə çatdıran A.Ələkbərov ilk tədbirin Çində keçirilməsini iki xalq arasında dostluğun bariz nümunəsi olduğunu deyib. Qeyd edib ki, dahi siyasətçinin 1994-cü ildə Çinə səfəri ilə müasir dövrdə iki ölkə arasında münasibətlərin təməli qoyulubbu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. A.Ələkbərov iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən münasibətlərdən söz açıb, bu əlaqələrin dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu vurğulayıb.

Mərasim ziyafət və Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

 

***

 

Qeyd edək ki, Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 17-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşü olub.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-nin ötən ilin sentyabrında Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilatla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb.

Anar Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-nin dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatın katibliyi ilə sıx əməkdaşlıq edir, 2018-ci ildə Çində Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. O, Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şairin büstünün təşkilatın katibliyinin binasında qoyulmasını Azərbaycan üçün böyük rəmzi xarakter daşıdığını deyib.

A.Ələkbərov bildirib ki, Səmərqənd Sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

Səfər çərçivəsində nümayəndə heyətinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien ilə görüşükeçirilib. Lin Sontien rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında 2017-ci ildə imzalanmış memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini bildirib, gələcəkdə digər sahələrdə, o cümlədən iqtisadiyyat, turizm, gənclər, idman, media istiqamətlərində də əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

Anar Ələkbərov Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının əməkdaşlığının iki xalq arasında yaxın dostluq münasibətlərinə töhfələr verdiyini deyib. Gələcəkdə hər iki ölkə ərazisində keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın vacibliyi vurğulanıb.

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.1;3.