“Arşın
mal alan” operettası ilk dəfə
Torontoda təqdim olunub
Kanadanın Toronto şəhərində yerləşən “Meridian Arts Center” mərkəzindəki Qrinvin
teatrında Azərbaycanın
bəstəkarlıq məktəbinin
və milli operasının banisi Üzeyir Hacıbəylinin
məşhur “Arşın
mal alan” operettası ilk dəfə
təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və “Təbriz” musiqi və rəqs ansamblının təşkilatçılığı
ilə ərsəyə
gələn konsert-tamaşanın
premyerasında Azərbaycan
icmasını və müxtəlif millətləri
təmsil edən 300-dən
çox izləyici iştirak edib.
“Təbriz” ansamblının
solistlərinin, rəqqas
və musiqiçilərinin
nümayiş etdirdikləri
peşəkar performans
tamaşaçılar tərəfindən
maraqla qarşılanıb. Rolları
Arəş Yəhyapur
(Əsgər), Kristina Rəhimova
(Gülçöhrə), Rövşən
Tağıyev (Süleyman),
Nəsrin Əttari (Asya), Əsgər Yəhyapur (Soltan bəy), Nəcibə Fərşi (Cahan xala), Röya Şəmsazər (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər.
Üzeyir Hacıbəylinin ölməz
əsərinin Kanadada
səhnələşdirilməsi ideyasının müəllifləri
“Təbriz” ansamblının
prodakşn meneceri Şervin Şahadpur və musiqi rəhbəri Polad Kaşefdir. Tamaşadan sonra onlar bildiriblər ki, Üzeyir dühasının
Azərbaycan musiqisinə
bəxş etdiyi operettanın Toronto səhnəsində
nümayişi hər
bir soydaşımıza
böyük qürur hissi yaşadıb. Nəzərə çatdırılıb
ki, kollektiv “Arşın mal alan”
operettasını Kanadanın
digər böyük şəhərlərində nümayiş
etdirməyə hazırlaşır.
Xatırladaq ki, 20 ilə yaxındır Toronto şəhərində
fəaliyyət göstərən
“Təbriz” ansamblı
Kanadada Azərbaycanın
mədəniyyətini və
incəsənətini uğurla
təbliğ edir.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.1;8.