Xanızadənin “şinel”indən çıxanların “Şinel”i
Qoqolun povesti köhnə-yeni
mimçilərin yozumunda...
Oxuyanlar bilir ki, “Şinel”
povesti rus yazıçısı Nikolay
Qoqolun maraqlı və məzmunlu (mənə görə isə, bütün zamanlarda müasir) əsərlərindəndir. Hər cəmiyyətdə
Qoqolun qəhrəmanı
kimi olanlar və onların bir-birinə yaratdığı
əngəllər var. Sözsüz
ki, yaşamaq və arada yaşadığını
özün qarışıq
hamıya göstərmək
də bunun içində. Qısacası, hamı yırtıq şinelini təzələmək
üçün çalışıb-vuruşur.
Özlüyündə sevincləri, qələbələri,
uğurları da olur. Amma heç bir
əhəmiyyəti yoxdur.
Çünki bütün
hesablarda öndə zaman və onun
diktəsi ilə dəyişən cəmiyyət
qanunlarıdır...
Ötənlərdə Dövlət Pantomima Teatrında bu əsərin motivləri əsasında hazırlanmış
“Şinel”ə baxdım. Bundan əvvəl
isə onu Teatr Xadimləri İttifaqının səhnəsində,
festival tamaşası kimi
izləmişdim.
Bu tamaşa mənim üçün həm də Pantomima Teatrının yaradıcısı
Xalq artisti Bəxtiyar Xanızadənin
sənət “şinel”indən
çıxıb sonradan
özlərinə fərqli
məkanlarda şinel tədarük edənlərin
yuvaya qayıdış
elanı kimi də maraqlı idi. Ceyhun, Elnur və
Əli. Ola bilər,
başqa qayıdanlar da var, amma
mənim diqqətim bu üçlükdə idi...
Bu köhnə mimçilərin
qırışı açılmayan
“Şinel”inin rejissoru Ceyhun Dadaşovdur. Rəqslərin quruluşunu isə Ceyhun Dadaşovla Elnur İsmayılov verib.
Oyunçulara gəlincə, “Şinel”
köhnələrlə təzələrin
yaxşı tandemidir:
Elnur İsmayılov, Əli Əlizadə, Hilal Dəmirov, Nurlan Süleymanov, Zəhra Hüseynova, Nəzrin Zeynalova, Oqtay Kazımov və Aydan Həsənova.
Onu da deyim ki, yaşı
30-u haqlayan teatr hazırda 11-ci truppası ilə fəaliyyətini davam etdirir. Gənclər gəlir, işləyirlər.
Kütləvi auditoriyası olmayan
bu sənətdə duruş gətirənlər
qalırlar. Buna Xanızadənin fəlsəfə
və sənət məziyyətlərinə dözənlər
də demək olar. Bu gün
üçün demirəm,
amma sənət üçün, həyat
üçün, gələcək
üçün mütləq
udurlar. Bunu 3-5 ilə hamımız
görəcəyik. Niyə? Çünki mövcud incəsənət
təhsili sistemində
pantomima teatrı üçün kadr hazırlanmır və aktyor diplomlu gənclər sadəcə,
Xanızadənin məktəbindən
keçib pantomima aktyoru olurlar. O da uzağı 1-2 nəfər. Odur ki, qədrini bilək...
İndi keçək zaman-zaman Xanızadənin sənət
şinelində daldalananların
özlərinə biçib-tikdikləri
“Şinel”ə.
Rejissor Ceyhun Dadaşov əsərə
fərqli prizmadan baxıb. Süjet xəttini bir
geyim üzərində
qurur. Biz material olaraq şineli görsək də, mahiyyət olaraq həyat uğrunda yaşamağın kortəbii
dərzilərinə çevrilirik.
Gah kil qayçı ilə kəsir, gah şiş iynə ilə köklər atır, gah da əynimizə
keçə bilməyən
geyimimizi təzədən
söküb yerə qoyuruq. Səbri çatanlar üsküyü
barmağına keçirib
ehmalca parçaları
üst-üstə qoyub
təzədən tikişlər
atır. Hövsələsini basıb kəsənlər
də kor iynə barmağını
dəlik-deşik etsə
belə, iki yaxasını bir araya gətirə bilmir ki, bilmir.
Əlqərəz, pal-paltar bəhanəsi
ilə hərə öz hayındadır.
Şinel bəhanəsi ilə biz nəyi görürük? Uzağa
getmədən özümüzdə
inkar edib, başqasında barmaqla göstərdiyimiz xüsusları:
riyakarlığı, qorxaqlığı,
möhtəkirliyi, tamahkarlığı,
acgözlüyü, kəmfürsətliyi
... və fağırlığı.
Bəli-bəli, fağırlığı və bunun gətirdiyi
mütiliyin dibini.
Səbəbi də aydın görünür: heç
kim öz
yorğanına görə
ayağını uzatmır.
Hamının burnu hamının
həyatında, hamının
əli hamının cibində, birinin gözü o birinin qabında. Beləcə, hamının fikri
başqasının ətəyindədir.
Elə bilir onun geyimi
buna daha yaxşı yaraşar, daha çox lazımdı və daha çox onun haqqıdır. Başlayır vur-çatlasın. Əynimiz lüt qalır, əlimiz də boş...
Rejissorun günahkarı, səbəbkarı,
dostu, düşməni,
sevgini, nifrəti şinelin üzərində
qurması yaxşı
tapıntıdır. Axı,
təzə görkəmliləri
ev də
sevir, el də.
Budur, parıltılı
şinel geyinən köhnə adama hamı heyran qalır. O, tez köhnələri
önünə qatıb
kütləni idarə
edir. Yorulanda onların çiyinlərində
gəzir, darıxanda onları bir-birinə döydürüb qəşş
edir, acıqlananda da əyin-başlarındakı
cır-cındırı da
əllərindən alır,
nimdaşlarına belə
həsrət qoyur.
Qısacası, təzə şinelli
köhnələrə divan tutur. Ta başqa bir təzə şinelli gəlincə. Öyrəncəlidirlər axı. Təzənin qırmızı rəngi,
qızılı düymələri,
şax yaxalığı
daha çox xoşlarına gəlir.
Heç
ağzını açmağa
imkan vermirlər.
Qul-qarabaş kimi dizinin dibində bənd olub, mat-mat ağzına baxırlar.
Beləcə, sarı, yaşıl, göy şinellər bizi elədən belə, belədən elə adlayırlar. Hamı ona çatmaq arzusu ilə yaşayır və çox vaxt ona çatmadan ölür.
Sonda rejissor hamımızı şinelin
cibinə yuvarladır. Xilas olmaq
istəyən bir-iki ağıllını da kütlə itələyə-itələyə
cibə dürtüb üstündən də özü keçir.
Di, əcəl şineliniz
mübarək!
Rejissor cəmiyyətdə
gördüyü eybəcərlikləri
Qoqolun “Şinel”i bəhanəsilə tamaşaçılara
çatdırmağa çalışır.
Tamaşadakı aktyor oyunu üzərində
ayrıca dayanmayacam. Çünki onlar kollektiv olaraq qəhrəmanların
iztirablarını da,
sevinc və mənəviyyatsızlıq ifadələrini
də sərrast və qüsursuz çatdırırdılar. Tamaşanın musiqi tərtibatı, ideyanın
alt qatındakı ağır
məna yükünü
yüngülləşdirən ritmləri bizi bir an belə
olsun prosesdən ayırmadı.
Rəng harmoniyası (seçilən
əsas rəng dini baxımdan diskriminasiya yaradacaq şüuraltı mesaj versə belə) hərəkət və mahiyyəti çatdıra
bildi.
Nəticədə bizi udan, didib-parçalayan, yaşamaq
cəhənnəm, heç
adam kimi
ölməyə belə
qoymayan ideyalarımızın,
çürük arzularımızın
qalaqlanıb bizi gözlədiyi dibsiz, nəhayətsiz cibdə xərclənib gedirik. Özü də “pul əl
çirkidir” dediyimiz saxta həqiqətimizlə.
Deməli, bu günümüzün
cümlə xəyanətlərə
baiskarı... şineldir.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 26
aprel.- S.7.