Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər

 

Forumda milli kinematoqrafiyanın aktual məsələləri müzakirə olundu

 

 

 

Xəbər verdiyimiz kimi, 20-21 aprel tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi.

Aprelin 20-də forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi, önünə əklil və gül dəstələri qoydular.

Sonra Heydər Əliyev Mərkəzində forumun açılış mərasimi keçirildi. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin kollektivi, ölkəmizin tanınmış kino xadimləri, media mənsubları, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edirdi.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamladı və ümidvar olduğunu bildirdi ki, forum maraqlı müzakirələrlə yadda qalacaqkinomuzun inkişaf yoluna işıq salacaq: Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir”.

Bir neçə gün öncə (11-12 aprelred.) bu məkanda Teatr Forumunun keçirildiyini xatırladan nazir qeyd etdi ki, “Heydər Əliyev İli” çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək. Bu tədbirlərdə mütəxəssislərin irəli sürdüyü təkliflər təhlil olunaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyətinin 2040-cı ilədək inkişafı ilə bağlı strategiyada nəzərə alınacaq.

Vurğulandı ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin yol keçərək xalqımıza böyük bir miras buraxıb. 1923-cü ildə ilk kino fabrikininbu il 100 yaşı tamam olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsasının qoyulması kino sənətimizin sistemli şəkildə inkişafı üçün geniş zəmin yaradıb. Kinematoqrafçılar tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Kino sahəsi həmişə dövlətin diqqət mərkəzində olub

Ulu öndər Heydər Əliyevin kino sahəsinin inkişafına diqqət və qayğısından danışan Adil Kərimli bildirdi ki, mədəniyyətin digər sahələri kimi milli kinomuzun inkişafı da onun daim diqqət mərkəzində olub. “Kino bizim xalqımızın salnaməsidir”, – deyən Ulu öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda bu sahəyə qayğı göstərib. Sovetlər birliyi dağıldıqdan sonra, digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarandığı bir vaxtda Ulu öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin rəhbərliyi ilə kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılmasına başlanıldı. 1993-cü il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edildi.

Azərbaycan Kinosu Gününün təsis edilməsi Heydər Əliyevin bu sahədə tarixi xidmətidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun tarixi isə 1916-cı ildən hesab olunurdu. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan kinosunun yaranmasının başlanğıcı kimi 1898-ci ilin 2 avqust tarixi qəbul olundu.

Nazir qeyd etdi ki, bu günmilli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayan Azərbaycan kino sənətinə dövlət tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsinə öz töhfəsini verəcək.

Nazir onu da diqqətə çatdırdı ki, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində müxtəlif illərdə Azərbaycanın kinosu bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilib.

Kino Agentliyi bu sahədə yeni mərhələnin başlanğıcıdır”

Adil Kərimli ölkəmizdə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə yaradılan Kino Agentliyini bu sənətin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyəti üçün bütün lazımi işlər tamamlanıb. Agentlik Azərbaycan kino sənayesinin bir çox beynəlxalq birgə layihələrdə, o cümlədən “Evroimajkimi nüfuzlu platformalarda müştərək film istehsalında iştirakına, milli kinematoqrafiyanın yeni təcrübələr qazanmasına, eləcə də audiovizual sahənin iqtisadi fəallığının artırılmasına imkan yaradacaq: “Lakin onu da vurğulamaq lazımdır ki, Azərbaycan kino sənətinin bir sıra problemləri mövcuddur. Forumun da əsas məqsədi kino salnaməmizin zəngin ənənələrini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etməkdir. Əminik ki, burada əyləşən audiovizual sahənin dəyərli nümayəndələri bu sahənin kadr hazırlığından başlayaraq bütün istiqamətlərinin araşdırılıb inkişaf etdirilməsində bizə dəstək olacaqlar”.

Nazir vurğuladı ki, kino sahəsində yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan təmayüllərə müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət var: “Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi uğurla qurmusunuz. Sadəcə olaraq, bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac var. Bu baxımdan, kinoforum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. İki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözləyirik”.

Nazir çıxışının sonunda kinoforumun işinə uğurlar arzuladı, bütün iştirakçılara və tədbirin təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.

 

***

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda çıxış etdi.

2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu deyən Şəfiqə Məmmədova forumun Ulu öndərin yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirdi: “Ulu öndər Heydər Əliyevin kinonun inkişafında müstəsna xidmətləri var. Kino tariximizin uğurlu layihələri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Filmlərimizin SSRİ Dövlət mükafatına layiq görülməsində, həm Azərbaycan, həm də Moskvadakı fəaliyyəti zamanı sənət üçün xidmətləri əvəzedilməzdir. Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra milli kinomuzun həyatında ciddi dönüş yaranmağa başladı. Bu ənənə bu günPrezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev kino sahəsində mütəxəssislərin yetişdirilməsi, rejissorssenarist nəslinin təhsilinə diqqətdən söz açdı. O, ümumbəşəri mövzularda da filmlərin çəkilməsinin vacibliyini vurğuladı. Xalq artisti “Azərbaycanfilm” kinostudiyasına dövlət tərəfindən dəstək göstərilməsinin, uzun illər kinoya istedadlı, yaradıcı gənclərin gəlməsində, tanınmasında mühüm rol oynamış “Debüt” studiyasının fəaliyyətinin bərpasının vacibliyini diqqətə çatdırdı.

Xalq artisti, rejissor Oqtay Mirqasımov kino sahəsində universal və əbədi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd etdi. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uyğunsuzluğundan danışan rejissor milli dəyərlərə cavab verməyən filmlərin nümayişinin ciddi narahatlıq doğurduğunu bildirdi.

Çıxışlardan sonra Azərbaycan kino tarixini əks etdirən videoçarx nümayiş olundu.

Açılış mərasimindən sonra Kino Forumu işini panel iclaslarla davam etdirdi.

 

Lalə

Mədəniyyət.- 2023.- 26 aprel.- S.1;3.