Kinonun maliyyələşdirilməsi
mexanizmləri
Kino Forumunun ikinci gününün ilk paneli “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” mövzusuna həsr olunmuşdu.
Aktyor Azər Aydəmirin moderatorluq etdiyi paneldə “Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?”, “Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?”, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri” sualları ətrafında müzakirələr aparıldı.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev kino haqqında qanunun təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, kinonun istehsalı sahibkarlıq fəaliyyəti ilə yaradıcılığın sintezidir: “Bizim həm kinoya, həm maliyyəyə münasibətimiz dəyişməlidir. Tenderlər də kino sənayesinə maneə törədir. Bu kimi maneələr aradan qaldırılmalıdır”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov beş il ərzində dövlət büdcəsindən ayrılan maliyyənin hansı istiqamət və layihələrə xərclənməsindən bəhs etdi. Bildirdi ki, əksər dövlət studiyaları bağlanıb. Hazırda iki dövlət studiyası fəaliyyət göstərir – “Salnamə” və “Azərbaycanfilm”.
Bakı Media Mərkəzinin icraçı direktoru Əməkdar mədəniyyət işçisi Orman Əliyev özəl və prodüser kinosunun yaradılmasının vacibliyini qeyd etdi.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə Azərbaycan filmlərinin müəyyən müddətə ƏDV-dən azad olunması təklifini səsləndirdi. Bildirdi ki, bəzi qonşu ölkələrdə belə təcrübə var və bu, sektorun inkişafına böyük töhfə olar. O, kinoteatrlarda filmlərin rus və türk dillərində nümayişinə də toxunaraq ölkədə təhlükəsizlik sertifikatına malik dublyaj studiyası olmadığını dedi.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev hazırda binası təmirli və təmirsiz olan kinoteatrların fəaliyyətinin bərpasına təşəbbüs göstərilməsinin əhəmiyyətini qeyd etdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının
katibi Əli İsa Cabbarov bildirdi ki, özəl studiyalar
artıq yüngül komediya
mərhələsini adlayıb. Bu gün kino prokatında özəl studiyalar romantik komediyalar, kriminal dramlarla təmsil olunurlar.
Kinorejissor Emil Quliyev maliyyə mexanizmlərinin bölünməsi,
paytaxtla yanaşı,
regionlarda da kinoteatrların fəaliyyətinin
bərpasının mümkünlüyünü
bildirdi.
Panelin sonunda çıxışlar ətrafında
müzakirələr aparıldı.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.3.