Milli kino: dünən,
bu gün və sabah
Aprelin 20-də Kino Forumunun
“İdeologiya. Milli kino: dünən, bu gün və
sabah” adlı ilk panelində “Mədəniyyət
siyasətində kinonun
rolu”, “Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və
dövlət sifarişi”
və “Kino sahəsində
peşəkar kadr hazırlığının mexanizmləri”
mövzuları ətrafında
çıxışlar dinlənildi.
Teleaparıcı Vüsalə Məmmədovanın
moderatorluğu ilə
keçirilən paneldə
kinorejissor, Xalq artisti Vaqif Mustafayev
mədəniyyət siyasətində
kinonun rolu və mövzu seçimi ətrafında
fikirlərini bölüşdü.
Kinorejissor, Əməkdar incəsənət
xadimi Rafiq Quliyev keçmişlə
müqayisədə film sənayesinin
ideologiyadan nisbətən
uzaqlaşdığını, lakin kino ilə
tamaşaçı arasında
ünsiyyətin zəiflədiyini
dilə gətirdi. Kinonun sosial
sifarişdən çox,
dövriyyəyə hesablanmasının
narahatlıq doğurduğunu
qeyd etdi.
Kinorejissor, kinoşünas, Əməkdar
incəsənət xadimi
Ayaz Salayev hər bir xalqın
özünəməxsus kino
dilinin olması, milli kinomuzun öz simasının formalaşmasının vacibliyini
vurğuladı. Dedi ki, bu gün
vətənpərvərlik, Qarabağ Zəfəri, qəhrəmanlıq mövzulu
film və seriallara ehtiyac var.
Yaradıcı insanların, kino ictimaiyyətinin bir arada olmasından məmnunluqla danışan kinorejissor, aktyor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bu formatda müzakirəni kinomuzun sabahı naminə əhəmiyyətli addım kimi dəyərləndirdi. Qeyd etdi ki, bu sahədə çoxlu problemlər var və onlardan da ən əsası ixtisaslı kadrların azlığıdır. Bu da öz növbəsində filmlərin texniki və yaradıcılıq baxımından keyfiyyətinə mənfi təsir göstərir.
Ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu hazırda kinematoqrafiyanın əsas etibarilə bazarla, tələbatla səsləşməli olduğunu dedi, bu sahənin idarəçilik və təşkilatçılıq baxımından yeni tendensiyalara açıq olmasının vacibliyini vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, dramaturq, ssenarist İlqar Fəhmi kinodramaturgiya, filmlərimizin mövzu dairəsi, ssenaristlərin film istehsalatında yeri və mövqeyinin müəyyənləşməsi, ideoloji kontekstdə kinonun təsir gücünün nəzərə alınmalı olduğunu dedi.
Kinorejissor Teymur Hacıyev isə kinematoqrafiyanın qlobal dünya ilə rabitə üçün mühüm vasitə olduğunu bildirdi.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 26 aprel.- S.3.