Çində “Azərbaycan mədəniyyətinə
pəncərə”
İki ildir fəaliyyət
göstərən pavilyona böyük
maraq var
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Çin Xalq Respublikasında (ÇXR) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilib. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.
Səfəri çərçivəsində ÇXR Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu və Tayhu Dünya Mədəniyyət Forumunun (Taihu World Cultural Forum) rəhbəri Cen Çuansin ilə görüş keçirilib.
Xuan Siaovu Azərbaycanın Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkına dəstək göstərən ilk ölkələrdən olduğunu vurğulayaraq Heydər Əliyev Fondu tərəfindən parkda yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonun qurulmasına görə təşəkkür edib.
Qeyd edilib ki, parka gələnlər 2021-ci ildən fəaliyyət göstərən bu pavilyona böyük maraq göstərirlər.
Cen Çuansin isə 2021-ci ildə Azərbaycanın Tayhu Dünya Mədəniyyət Forumunun “fəxri qonaq ölkəsi” olduğunu xatırladaraq Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətinin mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, gələcək forumlarda da Azərbaycanla əməkdaşlıq etmək istədiklərini bildirib.
Qeyd edək ki, Benbu şəhərindəki “Qədim məskənlər” parkında ilk fəaliyyətə başlayan xarici pavilyon məhz Azərbaycan pavilyonu olub. Burada Azərbaycanın xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, milli geyimlər, musiqi alətləri, habelə Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyəti, tarixi ilə bağlı nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qayaüstü rəsmlərinin imitasiyası da eksponatlar sırasında yer alıb.
Pavilyonda yerli
uşaqlara əl qabiliyyətlərini inkişaf etdirmək üçün
də şərait yaradılıb.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.8.