Münxendə Azərbaycan musiqisi təqdim olunub

 

Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Münxen şəhərindəki Sənətkarlar Evində (Münchener Künstlerhaus) konsert təşkil olunub.

Tədbirdə Bavariya Landtaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münxendə akkreditə olunmuş konsullar, media nümayəndələri, mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların təmsilçiləri iştirak ediblər.

Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış “Azərbaycanda alman irsi” adlı qısa film nümayiş olunub.

Səfir Nəsimi Ağayev çıxışında ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu, Azərbaycanda ilk alman məskənlərinin təxminən 200 il əvvəl salındığını, o zamandan etibarən almanlar və azərbaycanlılar arasında dostluq münasibətlərinin təşəkkül tapdığını qeyd edib.

Bavariya Landtaqının CSU (Xristian Sosialistlər İttifaqı) fraksiyasının sədr müavini Aleksandr Köniq son dövrlər Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün enerji təchizatçısı kimi rolunun artdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər – pianoçu Nərmin Nəcəfli və opera müğənnisi Mərziyyə Hüseynova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Onların ifasında Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vaqif Mustafazadə, NiyaziAdil Bəbirovun, eləcə də avropalı bəstəkarlar Frederik Şopen, Robert ŞumanŞarl Qunonun əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

 

Mədəniyyət.- 2023.- 26 aprel.- S.2.