Milli Muğam
Müsabiqəsi keçirilir
Seçim turuna instrumental ifaçılıq və xanəndəlik
üzrə 59 nəfər qatılıb
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir.
Aprelin 24-25-də AMK-da müsabiqənin ilk turu üzrə dinləmələr olub. İkinci tur aprelin 26-da təşkil olunacaq. Müsabiqənin yekun konserti isə aprelin 30-da keçiriləcək.
Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil olunub.
Hər iki kateqoriya üzrə münsiflər heyətinin sədri AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimidir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətində Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərova, xanəndəlik üzrə münsiflər heyətində isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov yer alıblar.
Seçim turuna 41-i xanəndə,
18-i instrumental ifaçı olmaqla ümumilikdə 59 nəfər qatılıb. Onlardan xanəndə
ixtisası üzrə
20 nəfər, instrumental ifaçılıq
üzrə isə 18 nəfər müsabiqənin
I turunda iştirak hüququ qazanıb.
Müsabiqənin ilk günündə, aprelin
24-də 9-u instrumental ifaçılıq,
10-u xanəndəlik üzrə
olmaqla 19 iştirakçının
çıxışı dinlənilib.
Aprelin 25-də birinci
turun daha 18 iştirakçısı səhnəyə
çıxıb.
Əvvəlcə instrumental ifaçılıq üzrə
dinləmələr keçirilib. Bu kateqoriya
üzrə 8 ifaçı
– Bayraməli Əliyev,
Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov,
Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimova öz ifasını təqdim ediblər. İfaçılara ümumilikdə 2 saat yarım vaxt ayrılıb.
Sonra xanəndəlik
kateqoriyası üzrə
dinləmələr olub. Elnarə
Bəykişiyeva, Rəqsanə
Əsədova, Şamo
Nəbiyev, Zümrüd
Məmmədova, Əfsanə
Qurbanova, Lalə Hüseynova, Mirəli Sarızadə, İsmayıl
Talıbxanzadə, Rauf
Cəfərov və Nurlan Səfərovun ifaları dinlənilib. Ümumilikdə ifaçılara 3 saat vaxt ayrılıb.
Aprelin 26-da ikinci
turda xanəndə və instrumental ifaçılıq
kateqoriyaları üzrə
qaliblər seçiləcək.
Hər iki kateqoriya üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə müvafiq
olaraq 7 000, 5 000 və
3 000 manat mükafat nəzərdə tutulub.
Milli Muğam
Müsabiqəsinin qalibləri
– xanəndə və
instrumental ifa üzrə
birinci yeri tutan iştirakçılar
ölkəmizi “Muğam
aləmi” 6-cı Beynəlxalq
Muğam Festivalında
təmsil edəcək.
Münsiflər heyətinin üzvü Xalq artisti Möhlət Müslümov müsabiqənin keçirilməsini yüksək dəyərləndirdi: “Uzun müddət idi ki, instrumental ifaçılıq üzrə müsabiqə təşkil olunmurdu. İlk seçim turunda yeni ifaçılar kəşf etdik. Deyərdim ki, bu gün bu müsabiqə analoqu olmayan bir layihə oldu. Həm də ona görə sevindim ki, bu gün mən tələbələrimin tələbələrini qiymətləndirirdim. Vaxtilə tarzənlər Elçin Həşimov və Ələkbər Ələkbərovu tələbəm kimi müsabiqələrə hazırlaşdırmışam, bu gün isə artıq onların yetirmələri qarşımızda çıxış edirdi. İştirakçıların hər biri istedadlıdır və yüksək qiymətə layiqdirlər. Bugünkü çıxışlardan və müsabiqənin təşkilindən böyük zövq aldım”.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 26
aprel.- S.1;2.