Ölkəmiz Varşavada Avrasiya Film Festivalında təmsil olunub
Aprelin 13-dən 23-dək Polşanın paytaxtı Varşavada Avrasiya Film Festivalı keçirilib. İlk dəfə keçirilən festival yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradıb.
Festivalın açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir bildirib ki, bu il Azərbaycan kinematoqrafiyası 125 illiyini qeyd edir, ölkəmizdə film sənayesinin tarixi, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşür. Parisdə Lümyer qardaşları kinematoqrafı ixtira etdikdən üç il sonra, 1898-ci ildə Bakıda fotoqraf Aleksandr Mişon tərəfindən lentə alınan ilk süjetlərin nümayişi ilə yerli kinematoqrafiyanın əsası qoyulub.
Diplomat ötən il Azərbaycanın Polşadakı Səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə “Azərbaycan Filmləri Həftəsi” təşkil etdiyini, həmçinin Bakının “Visla” Polşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir ekran əsərləri barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edib ki, bu, rejissor Asif Rüstəmovun “Mərmər soyuğu”, Polşada yaşayan həmyerlimiz Həmid İbadullayevin “Ünvansız ruh” filmləridir. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi Tallində “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramında, həmçinin bu yaxınlarda Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalında və Bolqarıstanda, Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunub.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.5.