“Qarabağnamə” Heydər Əliyev Mərkəzinin
səhnəsində nümayiş olunub
Xalq
yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
“Hökmdar və qızı” pyesi əsasında hazırlanan
və uzun illər Akademik Milli Dram Teatrının
repertuarında olan “Qarabağnamə” tamaşası aprelin
19-da Heydər Əliyev Mərkəzinin Auditorium zalının
səhnəsində nümayiş olunub.
Tamaşa
Heydər Əliyev Mərkəzi və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə
Ümummilli liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev
və milli teatr sənəti” layihəsi çərçivəsində
təqdim edilib.
Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan səhnə əsərində İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağanı Əməkdar artist Məsmə Aslanqızı oynayıb. Tamaşada Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri – ümumilikdə 21 aktyor rol alıb.
XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunan səhnə əsərinin bədii tərtibatını Əməkdar rəssam İsmayıl Məmmədov verib.
Qeyd edək ki, İlyas Əfəndiyevin son pyesi olan “Hökmdar və qızı” Milli Dram Teatrında ilk dəfə 1996-cı ildə səhnəyə qoyulub. 1997-ci il sentyabrın 20-də tamaşaya baxan Ümummilli lider Heydər Əliyev yaradıcı heyətlə görüşdə əsəri yüksək qiymətləndirib, onun həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ulu Öndər elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini bildirib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə təqdim olunub.
“Hökmdar və qızı” pyesi əsasında yeni quruluşda səhnəyə qoyulan “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla artıq 80-ci dəfə təqdim olunub. Bu dəfə “Qarabağnamə” Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərindən sonra yeni finalla oynanılıb.
Rejissor Mərahim Fərzəlibəyov
jurnalistlərə açıqlamasında bu
barədə deyib: “1997-ci il
sentyabrın 20-də Heydər Əliyev “Hökmdar
və qızı” tamaşasına baxdı, əsər
haqqında qiymətli fikirlərini söylədi. Ulu öndərin bu
sözlərini hər zaman
xatırlayıram: “Məhz “Hökmdar və
qızı” əsərində biz öz tariximizi görürük. Bizim gənclər,
cavanlar bu əsərə
baxaraq ibrət götürməlidir”. Bu tamaşa Azərbaycan
xalqının tarixi və bu
günü ilə bağlıdır.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı Ordumuz
zəfər çalıb, torpaqlarımız azad
olunub. Tamaşa Qarabağda tarixi Zəfərdən
sonra izləyiciyə bir
başqa ovqat bəxş
edir...”.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.5.