Tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin
qarşısı alınıb
Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktı qeydə alınıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın damörtüyünün söküldüyü müəyyən edilib. Aparılan qanunsuz təmir işləri Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən dayandırılıb.
Dövlət Xidməti bir daha mülkiyyətində
və ya istifadəsində tarix və mədəniyyət abidələri
olan fiziki və hüquqi şəxslərin nəzərinə
çatdırır ki, “Tarix
və mədəniyyət abidələrinin qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinə əsasən, abidələrin bədii-estetik
görkəminin dəyişdirilməsi, uçurulması və
onlar üçün
təhlükə yarada biləcək təmir,
inşaat, təsərrüfat və digər
işlərin aparılması qadağandır.
Mədəniyyət.- 2023.- 28
aprel.- S.4.