Ulu öndərin 100 illiyi münasibətilə Keşikçidağ qoruğuna yürüş olub

 

“Heydər Əliyev İli” çərçivəsində, həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (18 aprel) ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İlham Əliyev adına zirvə”yə avtomobillərlə yürüş təşkil olunub.

Yürüşün məqsədi Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən abidələrin daha geniş təbliği, qədim tariximizin gənc nəslə çatdırılması, abidələr haqqında təəssüratların yaradılmasını təmin etməkdir.

Yürüş iştirakçıları Ulu öndərin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyduqdan sonra qoruq ərazisinə yola düşüblər. Ağstafa-Poylu-Gürcüstan yolunun 38-ci kilometrliyində – qoruğa məxsus məlumat lövhəsinin önündə yürüşün birinci mərhələsi tamamlanıb. Sonra yürüşün ikinci mərhələsinə start verilib və sürücülər bu dəfə qoruğa məxsus informasiya mərkəzində dayanıblar. Bələdçilər tərəfindən iştirakçılara kurqanlar haqqında məlumat verilib. Qonaqlar burada 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinə salınmış “Badam bağı” ilə tanış olublar.

İlham Əliyev adına zirvə”yə çatan qonaqlar atlılar tərəfindən milli musiqinin sədaları altında qarşılanıblar. Yürüş iştirakçıları qoruq ərazisindəki abidələr haqqında çap məhsullarından ibarət sərgi ilə tanış olublar.

Daha sonra iştirakçılar ərazidə yerləşən mağaralar, onların divar və tavanlarındakı freskalarla, su quyuları, ərzaq anbarları və digər tarix yadigarları ilə tanış olublar.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonda ağacəkmə aksiyası keçirilib, Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkilib.

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.4.