Görkəmli musiqişünasın 100 illik yubileyinə həsr olunmuş
elmi-praktik konfrans
Aprelin 25-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli alim, pedaqoq İzabella Abezqauzun (1923-1988) 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
İzabella Vladimirovna Abezqauzun elmi-pedaqoji fəaliyyəti, yaradıcılığı XX əsrin 50-80-ci illəri, Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz yüksəliş dövrü ilə bağlı olub. 1954-1988-ci illərdə o, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dərs deyib, bir çox musiqiçilər nəslinin yetişməsində böyük rol oynayıb. Musiqişünas alim Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Xəyyam Mirzəzadə və başqa Azərbaycan bəstəkarlarının yaradıcılığını tədqiq edib, XIX əsr rus klassiklərinin Şərq mövzusunda yaradıcılığının təhlili üçün öz metodologiyasını işləyib. O, “Rus musiqiçiləri Qərb musiqisi haqqında”, “Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması”, “Azər Rzayev”, “Həsən Rzayev”, “Cövdət Hacıyev” broşürlərinin, “Koroğlu” operası” (Üzeyir Hacıbəylinin bədii kəşfləri haqqında) monoqrafiyalarının, çoxsaylı məqalələrin müəllifidir.
Konfransın proqramı İzabella Abezqauzun Azərbaycan musiqi elmi və təhsili tarixində rolu, tarixi-nəzəri musiqişünaslıq problemləri, müasir ifaçılıq mədəniyyəti, şifahi ənənəli musiqinin öyrənilməsinin nəzəriyyəsi və təcrübəsi kimi mövzuları əhatə edib.
Konfransda BMA-nın, Azərbaycan Milli Konservatoriyasının, AMEA Memarlıq və İncəsənət İnstitutunun, Bakı Xoreoqrafiya Akademiyasının alimləri, habelə gənc doktorantlar və aspirantlar iştirak ediblər.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor,
BMA-nın Musiqi tarixi
kafedrasının müdiri Ülviyyə İmanova vaxtilə müəllimi İzabella Abezqauzun pedaqoji prinsiplərindən bəhs edib. Fəlsəfə doktoru, professor Gülnaz Abdullazadə, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor İmruz Əfəndiyeva,
sənətşünaslıq üzrə fəlsəfə
doktorları, professorlar Zümrüd
Dadaşzadə və Lalə Rzayeva, sənətşünaslıq
üzrə fəlsəfə doktorları İnna
Pazıçeva, İradə Hüseynova,
Minaxanım Babayeva, baş müəllim
Alyona İnyakina və başqalarının məruzələri
dinlənilib.
Mədəniyyət.- 2023.- 28
aprel.- S.5.