Kədərdən doğan ümid
Tarkovskinin filmləri haqqında
Görəsən, sovet hakimiyyətinin sərt dövründə öz ideyalarını həyata keçirən və qarşılığında uzun müddət mənəvi sarsıntılara məruz qalan Andrey Tarkovski bu gün yaşasaydı, o vaxtlar olduğu kimi, ekranda insanların qəm pəncərəsinin yeni mənzərəsini sərgilərdi, yoxsa yeni yanaşma “izm”ləri kəşf edib, özünün keçmiş ideyasının əksinə çıxaraq, tamamilə fərqli bir kino əsəri yaradardı?
Onun filmlərinin süjet xəttinin ovqatını qüssə, kədər, qəm, iztirab, mənəvi sarsıntı, ağrı-acı təşkil edir. Xoşbəxtliyin ömrü kəpənək ömründən də qısadır. Xoşbəxtlik insanlara bir anlıq bəxş edilir və həmən də geri alınır.
Tarkovski qəmli dünyanın kədər
carçısıdır. O, kədərin obrazlı ekran versiyasıdır. Mənəvi işgəncələrdən sərməst
olan sənətkardır. O özündə və
yaradıcılığında kədəri simvolizə edir,
onu inkişaf etdirməkdən “mənən” zövq alır,
tamaşaçıları da öz ideyalarının
“qurbanı olmağa” vadar edir. Yaradıcılığının
yükü lentə aldığı yeddi əsas filmin üzərinə
düşüb.
Onun ilk
filmini – “İvanın uşaqlığı”nı
(1962) müharibə dövründə baş verən hadisələrin
ekran variantı adlandırmaq olar. Filmin baş qəhrəmanı
13 yaşlı İvan müharibənin yaratdığı
kimsəsizdir. Müharibə onun ana və
bacısını əbədiyyətin ağuşuna atıb.
O, başına gələnlərlə barışmır,
müharibənin səbəbkarları ilə mübarizə
aparmaq üçün döyüş meydanına
atılır, yaşına-başına baxmadan, kəşfiyyatçı
kimi düşmən zonasındakı məlumatları öz
yoldaşlarına çatdırıb, neçə-neçə
insanı ölümdən qurtarır. Bununla da
kifayətlənməyib daha da irəli getməyə
çalışır, ancaq komandiri ona imkan vermir, onun normal
uşaqlar kimi yaşamalı olduğunu söyləyib,
uşaqlar evinə yollamağı qərara alır. İvan uşaq olsa da, öz qərarlarını verə
biləcək ağıldadır. O, hətta komandirlə
üz-üzə gəlməkdən çəkinməyib,
onun fikrinə məhəl qoymur, israrla öz dediyinin
arxasında durur.
İvan müharibənin yetişdirdiyi qəhrəmandır. Müharibəyə
qədər rejissorun təsvir etdiyi İvanla müharibə ərəfəsindəki
İvan arasında böyük fərq var. Deyib-gülən, əylənən
İvanın müharibə zamanı siması qəzəb,
gözləri nifrət saçır. Müharibənin
yaratdığı İvan qəddardır, amansızdır,
qisasçıdır, acımasızdır. Tarkovski İvanın timsalında müharibə
uşaqlarının simasını yaradıb, kimsəsiz
uşaqların sonrakı aqibətini,
dağıdılmış ailələrin
yaşadıqları mənəvi iztirabların ekran təcəssümünü
verib. Rejissor müharibəyə sonsuz nifrətini
kino dili ilə bəyan edərək, film boyu müharibənin
baiskarlarına öz sənətkar lənətini
yağdırır. Müharibə
uşaqlarının daha tez böyüdüklərini və
vaxtından əvvəl dünyayla
vidalaşdıqlarını təsvir edir. Bu filmlə gözümüzün
qarşısında “kimsəsizlərin naləsi” adlı ekran
tablosunu yaradır.
Tarkovski 1966-cı ildə çəkdiyi “Andrey Rublyov”da
isə həyata fərqli baxış sərgiləyir. Andrey Rublyov
inanclı biridir. Dini əqidəsinə
görə insan paklıq, təmizlik, ülvilik mərtəbəsinə
yüksəlmək üçün dünya ləzzətlərindən
tamamilə imtina etməlidir. Andrey Rublyov
dünyəvi həzlərə aludəliyi qeyri-məqbul
sayır, həyata qeyz və nifrətlə baxır, qadın
nəvazişini rədd edir. O, dünya ləzzətlərinə
aludə olmuş insanların mənəvi iztirablarını
kənardan izlədikcə məyusluq məngənəsində
əzilir. İnsanların mənəvi bəlalarını
onların dünyapərəstlikləri ilə, miskinliyi və
mənəvi kasadlığı ilə əlaqələndirir.
Onun qəti inamına görə, insan mənən
saflaşıb, Allaha yaxınlaşmazsa dünya fəlakətlərindən
qurtula bilməz. Andrey nəinki sağlam, hətta
ruhi xəstələrin də dünyadan kam
almadıqlarına şahid olaraq, hər kəsdən
uzaqlaşır və guşənişin olmaq qərarına gəlir.
Andreyin daxilindəki “məni” onu yalnız Allaha
qovuşmaqla rahatlıq tapdığına inandırır.
Tarkovski Andreyin nümunəsində fərdi sənətkar
mövqeyini təqdim edir. O, Andreyin özünü yox, şəxsi
mühakimələrini, düşüncə və həyata
baxışını bəyənir.
Maraqlı fakt olaraq qeyd etmək lazımdır ki,
Tarkovskinin filmlərində “qəhrəman” yoxdur. Bu filmlərdəki
bədii obrazlar mənən şikəst, zəlil, əlil,
aciz və qorxaqdırlar. Onlar yaşam
mücadiləsi aparırlar. Tarkovskinin
ekran mücahidləri həyatın anlamını dərk etməkdə
aciz qalıb, hətta özlərinin varlıqlarının
mahiyyətini anlamır, keçib getmiş günlərin
nostaljisi ilə təsəlli tapırlar.
Rejissor uşaqlıq dönəmində öz bioqrafik təəssüratlarına,
yaşadığı olaylara biganə qala bilmir,
anasının çəkdiyi iztirablı günləri “Ayna”
filmində əks etdirir. “Ayna” filminin qəhrəmanı Mariya onu
atıb getmiş ərinin yolunu gözləyərək tez-tez
keçmiş xatirələrə dalır, ərinin bir
gün ona dönəcəyinə özünü
inandırır. Tarkovski bu filmdə
Mariyanın gənclik və yetkinlik dövrünü təsvir
edərək, çəkdiyi mənəvi sarsıntıları
filmin süjet xətti boyu inkişaf etdirməklə,
kulminasiya nöqtəsində Mariyanı şəxsi
iztirablarının sıxıntısına salır.
Mariyanın gözləri ərinin getdiyi yollara dikilib və
o, həmin yolu gözündən qoymur. Mariya qorxur,
düşünür ki, əgər baxışlarını
başqa səmtə yönəltsə, arzularına, məqsədinə
çatmayacaq. Əriylə
görüş səhnəsində Mariya əsəbidir, qəzəblidir,
kinayəli gülüşü ilə hər şeydə
özünü günahkar sayır, axmaqlıq etdiyini
anlayır. Mariya əri tərəfindən
atılmış tənha qadındır, ancaq bunun fərqində
deyil. Sevgisizliyin,
qayğısızlığın qurbanı olsa da, ərinə
xəyanət edəcəyindən qorxub, kimsəylə
münasibət qurmağı ağlına belə gətirmir.
Filmin sonuna kimi Mariya sevgisizliyin
yaratdığı qadınla – özüylə mübarizə
aparır. Mariya ərindən
gördüyü bivecliklə sonralar oğlunun timsalında
üzləşir. Buna baxmayaraq, o öz
doğma balasından da imtina etmədən, nəvəsinin əlindən
tutaraq həmin yol boyu irəliyə doğru addımlayır.
Tarkovski ekranda kəşfiyyatçılıq etməyi
sevirdi. İstər “Solyaris”, istərsə də “Stalker”də
bədii kinematoqrafik təxəyyülündən istifadə
edərək, hadisələri qeyri-müəyyən məkanda
verərək qəhrəmanlarını anlaşılmaz
olayların içərisinə salır. “Solyaris”in
baş verdiyi hadisələrin məkanı məchul,
buradakı qəhrəmanların kimliyli və vəzifələri
bizə məlum olsa da, onların gördükləri işin
mahiyyəti anlaşılmazdır. Professor
Kris Kelvin baş verən hadisələri öz gözüylə
görmək üçün Solyarisə yollanır və
gördüklərinə inanmır. Çünki orada məlum
olmayan canlılar yaşayırlar və onların haradan peyda
olduğunu heç kim müəyyənləşdirə
bilmir. Kris Kelvin burada böyük əzmlə
işə başlayanda vaxtilə dünyasını dəyişmiş
sevdiyi qadının siması mistik bir varlığın
obrazında peyda olur. O, gördüyü qadının xəyal
olduğunu və öz həqiqi arvadı
olmadığını bilsə də, “yatdığı”
yuxudan ayılmaq istəmir. Solyarisdə olan Snaut
və Sartorius onu bu istəyindən çəkindirməyə
çalışsalar da, Kris Kelvin hissləri ilə
bacarmır və sevdiyi qadının xəyalən də olsa
onunla yaşamasını istəyir. Bununla
belə, Kris Kelvin nə qədər çətin olsa da, xəyali
varlıqdan qurtulmaq qərarına gəlir. Ancaq bu qərar ona mənəvi iztirablar bahasına
başa gəlir. Kris arvadının
yoxluğunda çəkdiyi mənəvi sarsıntılarla
baş-başa qalarkən için-için ağlayır.
Yaşadığı hadisələrin
kökündə sevgisizliyin, çarəsizliyin, tənhalığın
boy atdığını anlayır. Solyarisdən
geri qayıdarkən Kris öz ata evinə, keçmişinə
qayıdır. Ötən xoş günlərinin
xəyalı ilə aramla məlum olmayan yönə üz
tutaraq gedir.
Kris də Mariya kimi təkdir, ancaq sevgisinə sadiqdir,
Kris köməksizdir, çünki onun maddi yox, mənəvi
dəstəyə ehtiyacı var. Tarkovski insanların hansı
məkanda olmalarından asılı olmayaraq mənəvi
böhrandan qurtula bilmədiklərini göstərir. İnsan
göyün yeddinci qatında da olsa, daxildən onu
sıxıb-əzən hadisələrdən
uzaqlaşması mümkün deyil. Filmin ali
məqsədinə görə, insan özü-özünə
kömək etməsə, başqasının dəstəyi
ilə onun həyatı dəyişməyəcək.
Tarkovski “Stalker”də həbsdən qayıtmış bir
insanı filmin mərkəzinə gətirir, onun xəyallarını
həyata keçirtməsinə kömək etməyə
çalışır. Rejissor öz ideya-bədii məqsədinə
çatmaq üçün ekran qəhrəmanlarını bəlli
olmayan məkana – “təhlükəli zona”ya salaraq onları
müxtəlif çətin vəziyyətlərdə
sınağa çəkir. Nəticədə qəhrəmanlar
öz istəklərinə nail olmadan evlərinə əliboş
geri dönüb, həmin zonaya getdiklərinə görə
özlərini qınayırlar.
Hər üç qəhrəmanı – Stalker, professor və
şairi getdikləri yolda məğlubiyyətə uğradarkən
rejissorun başlıca məqsədi onları mənəvi
dilemma qarşısında qoymaq idi. İnsan öz məqsədinə
çatmadıqda ümidləri ölməlidirmi? Stalkerin ümidləri qətiyyən sınmır və
o, filmin sonunda növbəti dəfə daha hazır və qətiyyətli
addımlarla “zona”ya gedəcəyini, orada istədiyinə nail
olduqdan sonra geri dönəcəyini arvadına söyləyir.
Tarkovskinin yaradıcılığı boyu sovet rejiminin
müxtəlif inzibati təzyiqlərinə görə filmlərin
ssenarisini dəfələrlə dəyişmək məcburiyyətində
qalıb. Hətta elə hallar olub ki, ssenarinin
ekranlaşdırılmasına icazə verilməyib.
Rejissorun ömrünün son illəri Avropada keçib. 1984-cü ildə
yaradıcılıq işi ilə bağlı İtaliyaya gedən
Tarkovski geri qayıtmamağı qərara alır. Milanda ona mənzil, fəxri vətəndaşlıq
verilir. Buna rəğmən o, vətən
həsrəti ilə yaşayır. Uşaqlıq dövrü əsasında
“Ayna” filminin ssenarisini yazdığı kimi, qürbətdə
çəkdiyi mənəvi böhranlarını “Nostalgiya”
filmi vasitəsilə tamaşaçılara təqdim edir. Filmdə rus yazıçı Andrey Qorçakov
İtaliyaya – XVIII əsrdə yaşayıb-yaratmış rus
bəstəkarının sonrakı aqibəti ilə maraqlanmaq
üçün – səfər edir. Bu səfər
onun həyatında mənfi iz qoyur. Qorçakov
İtaliyadan vətəninə geri qayıtmağa
çalışsa da, uzun müddət öz istəyinə
nail ola bilmir. İtaliyada
qaldığı müddətdə Qorçakov daxilən
sıxılır, xəyallara dalaraq ailəsini,
yoldaşını, övladlarını görməyi
arzulayır. Qürbətdə olarkən
ailəsinin onun üçün nə qədər əziz və
doğma olduğunu bir daha anlayır. Qorçakov
qürbətdə yaşaya bilmir, hər şey onu
darıxdırır, öz daxili sıxıntıları ilə
mübarizə aparır, ancaq heç bir şey ona rahatlıq
gətirmir.
Tarkovskinin çəkdiyi son film – “Qurbanvermə” (1986)
onun digər filmlərindən tamamilə yeni baxış və
həyata fərqli yanaşma ilə diqqət çəkir. Bu filmdə qəhrəman
anlayışı daha ciddi və dəqiq
düşünülmüş obrazın timsalında əksini
tapır. Filmin qəhrəmanı Aleksandr
ailəsiylə süfrə başında əyləşərək
deyib-güldüyü yerdə televiziyada müharibənin
başlayacağı xəbərini eşidirlər. Xəbərdən sarsılan Aleksandrın həyat
yoldaşı huşunu itirir. Poçtalyon
Otto Aleksandra tövsiyə edir ki, əgər o, cadugər
Mariyayla yaxınlıq etsə, faciədən yayınacaqlar.
Aleksandr Ottonun dediklərini edib ailəsinin yanına
qayıtdıqda, Allaha verdiyi sözü xatırlayıb, vədinə
xilaf çıxdığına görə peşman olur, ailəsini
aldadaraq evdən çıxardıb, evinə od
vurur. Evin yandığını görən ailə dəhşətlə
baş verən hadisələrə baxdıqları zaman
ekranda təcili yardım maşını və Aleksandrın
cansız bədəninin həmin maşınla uzaqlaşdığını görürük.
Aleksandr öz ailəsini, sevdiklərini – insanları
qurtarmaq üçün özünü qurban verməyi
gözə alır. Rejissor onun timsalında hər şeyini
sevdiklərinin yolunda qurban verməyə hazır olan qəhrəman
obrazını ekrana gətirir.
Tarkovskinin pessimist düşüncələri onun
bütün filmlərinin süjet xəttinə sirayət
edib. Bu kədər tamaşaçıları üzsə
də, eyni zamanda rejissor kinosevərləri gələcəyə
ümid və inamla baxmağa istiqamətləndirir. Tarkovskinin qadın qəhrəmanları dəlisovdurlar.
Onların yaşam mənası sevgi və
qayğıdır. Bu qadınlar sevgisiz
qaldıqda balıq kimi çabalayır, nəfəs almaqda
çətinlik çəkirlər. Tarkovski
qadınlara sevgiylə yanaşaraq, onları sevgidən məhrum
edən kişilərə ikrahını
açıq-aşkar bildirir.
O, bütün qəhrəmanlarına həssaslıqla yanaşır. İstər müsbət, istərsə də mənfi qəhrəmanlarının hallarına acıyır, onlara mümkün qədər kömək etmək istəyir. Amma bütün filmlərində qəhrəmanlar istədiklərinə nail ola bilmirlər. “İvanın uşaqlığında” filmin sonunda İvan güllələnir, “Andrey Rublyov”da qəhrəmanın arzuları həyata keçmir, “Solyaris”də Kris Kelvin arvadının ölümünü, ağır da olsa, qəbul edərək Solyarisdən əliboş geri qayıdır, “Ayna”da Mariya ərinə qovuşa bilmir, “Stalker”də Stalker kəşf etmək istədiyi ərazidə istədiyini gerçəkləşdirə bilmir, “Nostalgiya”da Qorçakov vətən sevgisiylə dünyasını dəyişir.
Tarkovski bir daha Rusiyaya qayıtmadan 1986-cı ilin dekabrında, 54 yaşında xərçəngdən dünyasını dəyişir. Rejissorun yarımçıq qalan yaradıcılıq planları qırılmış kino lenti kimi acı təəssüf doğurur...
Tamilla Əliyeva
sənətşünas
Mədəniyyət.- 2023.- 28
aprel.- S.7.