Opera səhnəmizdəki səksən altı yaşlı “Koroğlu

 

 

Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan operası yarandığı gündən etibarən Azərbaycan musiqi incəsənətinin ən sevimli janrlarından birinə çevrilib. P.İ.Çaykovski bəstəkar yaradıcılığında operanın xüsusi yerindən bəhs edərək yazırdı: “Operada bütün bəstəkarları özünə cəlb edən nə isə var. Yalnız bu, sizə geniş tamaşaçı kütlələri ilə təmasda olmağa imkan yaradır...”.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da opera janrının inkişaf tarixində müxtəlif ideya-yaradıcı istiqamətlərin, estetik dünyagörüşlərinin, bədii üslubların dəyişilməsi öz əksini tapıb. Bu baxımdan Azərbaycan musiqisinin böyük nailiyyətləri olan iki əsər – M.Maqomayevin “Nərgiz” (1935) və Ü.Hacıbəylinin “Koroğlu” (1937) operaları müasir opera sənətində gedən dərin metod axtarışlarını əks etdirir.

Üzeyir bəy xalq musiqisinin xüsusiyyətlərini dərindən mənimsəyərək, ona xas olan cəhətləri incəliyinə qədər öyrəndikdən sonraKoroğlu” operası kimi möhtəşəm bir əsər yaradıb. Koroğlunu zaman-zaman aşıqlar tərənnüm edib və operanın musiqisində də aşıq üslubu üstünlük təşkil edir. Bu daha çox III və IV aktlarda özünü aşıq kim qələmə verən Koroğlu partiyasında hiss edilir. Muğamatdan isə başlıca olaraq xanı və onun saray adamlarını xarakterizə etmək üçün istifadə edilib. Opera musiqisi əsasən dörd muğam ladı əsasında qurulub. BunlarÇahargah”, “Şur”, “Bayatı-Şiraz” və “Rast” muğamlarıdır.

Operanın ümumi üslubu klassik üslubdur, buna yad olan hər cür formalizm ünsürlərinə yer verilməyib. Belə bir unikal operanın yaradılması Azərbaycan musiqisi tarixində əlamətdar hadisə idi.

1937-ci il aprelin 30-da ilk tamaşasından başlayaraq uzun illər operada baş rolu Azərbaycan musiqiopera sənətinin əvəzolunmaz ifaçısı Bülbül ifa edib. Bülbülün vokalçı kimi şöhrətlənməsi də bilavasitə onunKoroğlu” operasında yaratdığı əvəzolunmaz obrazla bağlıdır.

Orijinal, təravətli musiqi, maraqlı süjet, gözəl orkestr səslənməsi operaya böyük uğur və populyarlıq gətirdi. Operanın bu cür sevilməsində, sözsüz ki, Bülbülün gözəl ifası xüsusi rol oynayırdı. “Koroğlu” dedikdə yaşlı nəslin yaddaşında Bülbül canlanır. Ona görə ki, Bülbül professional ifası, zəngin çalarlı, geniş diapazonlu lirik-dramatik tenor səsi sayəsində bu obrazı böyük məharətlə yaratmışdı.

Üzeyir bəy Koroğlu partiyasını Bülbülün səs imkanlarına uyğun yazdığından operanın bir neçə yerində yuxarı “donotu nəzərdə tutulmuşdu. Bülbül yaratdığı obraz haqqında öz məqaləsində yazır: “Mənim qəhrəmanım Koroğlu isə bu vaxtadək yaranmış opera qəhrəmanlarından çox fərqlidir. Opera dramaturgiyasındakı məşhur obrazlardan VerdininOtello” operasındakı Otello, ÇaykovskininQaratoxmaq qadın” operasındakı German, BizeninKarmen” operasındakı Karmen, VerdininAida” operasındakı Radamesbaşqa bu kimi obrazlar Koroğlu obrazı kimi çoxcəhətli, çoxtərəfli deyildir. Adlarını çəkdiyim obrazlar nə qədər psixoloji xüsusiyyətlərlə dolğundursa, Koroğlu obrazı bir xalq qəhrəmanı, mübariz sərkərdə kimi onlardan çox fərqlidir. Koroğlu həm igid, sərrast vurandır, at oynadandır, nərə çəkəndir, aşıqdır, saz çalan və oynayandır. Bu keyfiyyətlərə malik olan obrazı yaratmaq olduqca mürəkkəbdir” (Bülbülün Memorial Muzeyi, əsas fond DK 1, 2825 ).

Bülbül müsəlman dünyasından olan ilk vokalçıdır ki, İtaliyada təhsil almış və spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmiş, Azərbaycan milli oxuma sənətinin ən yaxşı üsullarını rusAvropa məktəbi ilə sintez etmiş, Azərbaycanda yeni vokal məktəbi yaratmışdı. Bu məktəb yalnız Azərbaycan və digər milli respublikalar üçün əhəmiyyətli deyildi, o, Yaxın və Orta Şərq ölkələrinə də çox güclü təsir etmişdi.

Bülbül Azərbaycan musiqi sənətinin inkişafı tarixində bütöv bir dövrdür. O, nəhəng fəaliyyət diapazonuna malik dahi şəxsiyyətdir. Müğənni və artist, musiqişünas-alim, pedaqoq, novator Bülbül öz dövründə musiqi sənətimizdə mütərəqqi və yenivarsa hamısının təşəbbüskarı və təbliğatçısı idi...

 

Mehriban Veyisova

Bülbülün Memorial Muzeyinin ekskursiyaçısı

Mədəniyyət.- 2023.- 28 aprel.- S.6.