Durnaların vədəsiz köçü kimi...

 

Bakı Bələdiyyə Teatrının “Ana tarla” tamaşasının premyerası oldu

 

Dünyanın harasında baş verməsindən, hansı xalqın, dövlətin qələbəsi və ya məğlubiyyəti ilə nəticələnməsindən asılı olmayaraq, müharibə dəhşət, fəlakət və insanlığa divan tutan bəladır. Bu, ağıllı, müdrik, gözəl, zərif, zövqlü, intellektlibir sözlə, yer üzünün əşrəfi sayılan insanın öz başına gətirdiyi müsibətdir.

Bu kimi duyğu və düşüncələrin insan zəkasını sınağa çəkdiyi növbəti səhnə işi tamaşaçıları bir daha öz həqiqətinə inandırdı: ana torpağın qucağında bütün yaradılışa yersevgi yetəcəksə, bu qırğınlar nəyə lazımdır?

Ağır suala zaman-zaman əsərlərində yanğı ilə cavab verməyə çalışan dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun (1928-2008) “Ana tarla” əsəri fərqli və maraqlı səhnə həllində teatrsevərləri bir araya gətirdi.

Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası oldu. Səhnə əsəri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində hazırlanıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşən premyerada rəsmilər, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, ictimaiyyət, mədəniyyət xadimləri iştirak edirdilər.

Nümayişdən öncə səhnəyə çıxan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışdı. Bildirdi ki, qırğız xalqının böyük oğlu Ç.Aytmatova xalqımızın bütün nümayəndələrinin sevgi və rəğbəti var. Onun yaradıcılığı xalqımızın Ümummilli lideri Heydər Əliyevin də daim diqqət mərkəzində olub. Bu tamaşa da “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin Ç.Aytmatovla olan doğma münasibətinə ithaf edilib.

Qırğızıstan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Taalatbek Masadikov çıxışında iki böyük insanın dostluq və qardaşlıq münasibətlərinə toxundu, bu maraqlı layihəyə görə təşəbbüskarlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Heydər Əliyev türkdilli xalqların mədəniyyəti və ədəbiyyatına hər zaman xüsusi sevgi ilə yanaşıb.

Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyeviki dostqardaş xalqın yaxınlığına xidmət edən bu kimi layihələrin əhəmiyyətini yüksək qiymətləndirdi.

Çıxışlardan sonra “Ana tarlatamaşası nümayiş olundu.

Tamaşanın səhnələşdirəni quruluş müəllifi Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələrin quruluşçusu Əməkdar artist Bəhruz Vaqifoğlu, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Nazim Əbidovdur. Əsəri Azərbaycan dilinə Teymur Elçin tərcümə edib.

Tamaşada rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova (Tolqanay), Səmayə Sadıqova (Aişə), aktyorlar Rəşad Kəsəmənli (Suvankul), Tural Əhməd (Qasım), Namiq Cavadov (Masılbek), Elçin Muradov (Caynaq), Ülviyyə Rza (Aliman), İsmayıl Atakişiyev (Usanbay) ifa edirdilər.

Rejissorun torpağı onun bərəkətli məhsulunu da canlı obraz kimi təqdim etdiyi nümunədəki dörd sünbülZülfiyyə Məmmədova, Günel Həmidova, Aynur Abbasova Arzu Ağayeva istər geyim oyun texnikası, istərsə plastik keyfiyyətləri baxımından səhnəyə rəngarənglik gətirə bildilər.

Tamaşada biz müharibədən zərər görən sadə kəndli ailəsinin, bir ailənin timsalında bütünlükdə insanlığınoğul, ər, sevgili itirən bədbəxt qadınların, həyatdan doymayan gənc ərlərin, kişilərin, heç vaxt böyüməyən uşaqların, bir anda min ilin qocasına çevrilən sadə adamların dramını görürük. İnsanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri... Hər şeyə rəğmən müəllifin təqdim etdiyi insanlar nikbindir. Bunun da səbəbkarı üstündə min cür bəlalar baş verən, qoynunda minlərlə günahsız insan, müharibələrin qurbanları yatan torpaqdır.

Biz hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində görürük. Rejissor yazıçının bu təxəyyül səhnəsini əsərdən eynilə tamaşaya gətirməklə onun təsir imkanlarını daha da artırıb. Tamaşaçı izafi vasitələrsizsadəcə, dörd sünbül (aktrisa) vasitəsilə torpaq insan, təbiət qadın (onlar hər ikisi yaratmaq qüdrətinə malikdir anlamında) tandeminə şahidlik edir.

Hadisələr üç dövrü – II Dünya müharibəsindən əvvəlki, müharibə zamanı müharibədən sonrakı ağır sarsıntılar məngənəsini əhatə edir. Biz yüksək insani keyfiyyətlərə malik müdrik, zəhmətkeş, dözümlü və həm də övladlarına, sevimli həyat yoldaşına düşkün ana Tolqanayı görürük. İlk səhnədə ahıl yaşlarında torpaqla, tarla ilə söhbət edən beli bükülmüş, yaddaşı korşalmış, bət-bənizi solmuş qadın peyda olur. Torpaq, sünbüllər, buludlar, günəş, ay, hətta zamanından əvvəl gələn durnalar da onunla ünsiyyətə, dərdləşməyə can atırlar...

O isə... elə hey “Ey insanlar, müharibə etməyin! Sizə səslənirəm, dağların, dərələrin o tayındakı heç vaxt üzünü görməyəcəyim insanlar, məndən sonra dünyaya gələcək adamlar! Xoşbəxt yaşamaq, bu gözəl dünyada sevinclə ömür sürmək var ikən niyə müharibə edirsiz?! Axı bu torpaq hamımıza bəs edər. Yetdi, artıq durun! Onun qoynunda açdığınız şırımlar, sinəsinə vurduğunuz yaralar ən çox onu ağladır, incidir, göynədir, nəfəsini kəsib, ruhunu darmadağın edir!”deyə-deyə ölümünə doğru tələsir.

Əslində isə onun gəncliyi necə qayğısız gözəl idi. Zəhmətlə torpağa bağlanmışdı. Sevgisini, ailəsini, səadətini də orda tapmışdı. Üç oğul dünyaya gətirmiş, əri ilə əl-ələ verib onlara sevgisindən bolluca pay vermişdi. Ana dediyi torpağa can qoyduqca o da canlanmış, xoşbəxt olmuşdu. Böyük oğluna toy-büsat qurub gəlin gətirmişdi. Ortancıl ciyərparasını müəllim görəcəyi günü iplə çəkir, sonbeşiyinin... Qısacası torpaq, əmək və ailəsi onun əsas sevinc mənbəyi idi. Lakin müharibə burulğanı və qəddar faşizm onun bütün sevinclərinə son qoyur. Tolqanay ana başına gələn faciələrin altından çıxmağa çalışdıqca ağrıları birə-min artır. Müharibə onun oğlanlarını da, ərini də əlindən alır. Tək ümidi, təsəllisi boş qalmış əsgər papağı və cəbhədən gələn məktublar, bir də sığındığı xoş xatirələri. Deməli, müharibədə hər iki tərəf məğlubdur. Çünki onun qurbanı ana torpaq və insanlardır.

Musiqi həlli və sadə tərtibatı sayəsində bütün diqqəti aktyorların oyun tərzinə yönəldən səhnə əsəri təsir gücünə və mövzunun real təsvirinə görə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 28 aprel.- S.1;5.