Moskvada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi

 

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Moskvanın “Kazan” dəmiryolu vağzalının “Çar qülləsi” salonunda fotosərgi açılıb.

Sərgidə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Baykal-Amur magistralının (BAM) kuratoru olaraq layihənin ərsəyə gəlməsinə verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılış mərasimində çıxış edərək bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar fəaliyyəti ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də, relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı. Ulu öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bildi. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də böyük rolu olub”.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin çıxışında Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. “9 may 1984-cü ildə Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi “qızıl yanlığ”ı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq onun kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”, – deyə o bildirib.

İqor Levitin vurğulayıb ki, 2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Amur vilayətinin Tında şəhəri BAM-ın paytaxtı hesab edilən dövrlərdə dəfələrlə orada olub: “BAM-ın tikintisində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləri olub. Səfirlikdə Heydər Əliyevin BAM-a səfərlərini əks etdirən xeyli fotoşəkil qorunub saxlanılır”.

Daha sonra rəsmilər fotostendlərlə tanış olub, sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıblar.

Sərgi aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, ümumi uzunluğu 4300 kilometr olan BAM-ın tikintisinə 1940-cı ildə başlanılsa da, tikinti işləri təxirə salınıb, 1974-cü ildən layihə yenidən gündəmə gəlib. Layihə çərçivəsində BAM-da 200-dən çox dəmiryolu stansiyası inşa edilib, polad magistral 60-dan çox şəhər qəsəbəni birləşdirir. BAM 11 çayın üzərindən keçir. Magistral boyunca 10 dəmiryolu tuneli, yüzlərlə körpü tikilib.

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.3.