Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1981-ci il 1 dekabr
Heydər Əliyev görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin (1881-1919) anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley mərasimində iştirak edib.
1981-ci il 10 dekabr
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev şairlər Süleyman Rüstəm və Balaş Azəroğlunun təltif olunması mərasimində nitq söyləyib.
“...Süleyman Rüstəm ədəbiyyata 20-ci illərin əvvəllərində gəlmişdir. Səməd Vurğun və Rəsul Rza ilə birlikdə Süleyman Rüstəm ədəbiyyatımızın tarixinə Azərbaycan sovet poeziyasının banilərindən biri kimi daxil olmuşdur. Böyük Vətən müharibəsi illərində Süleyman Rüstəmin yaradıcılığı xüsusi əhəmiyyət kəsb etmişdir. Onun haqq işimizə dərin inamla aşılanmış şeirləri və poemaları, publisistik çıxışları qəddar düşmənlə amansız çarpışmada cəbhəyə kömək edir, Azərbaycan zəhmətkeşlərini gələcək qələbə uğrunda mübarizəyə ruhlandırırdı. Süleyman Rüstəmin yaradıcılığı çoxcəhətlidir. O, poemalar və lirik şeirlər müəllifidir, bu şeirlərin bir çoxuna musiqi bəstələnmişdir. Biz onu həm də dramaturq kimi tanıyırıq...
Şair o zaman yaxşı şair olur ki, onun ilhamı, yaradıcılığı müasir cəmiyyətin tələblərinə cavab verir... Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu, onun xalqının öz sosial və milli azadlığı uğrunda mübarizəsi mövzusu görkəmli yer tutur.
Süleyman Rüstəm ictimai-siyasi həyatda da fəal iştirak edir. Azərbaycan Yazıçılar İttifaqının yaradıldığı gündən onun idarə heyətinin üzvüdür. Bütün çağırışlar Azərbaycan SSR Ali Sovetinin deputatıdır, 1970-ci ilin əvvəlindən bu günə qədər isə Azərbaycan SSR Ali Sovetinin sədri kimi fəxri vəzifəni yerinə yetirir.
1943-cü ildə ona respublikanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə Xalq şairi adı, 1976-cı ildə, 70 yaşı tamam olanda isə ona ölkəmizdə ən fəxri ad olan Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O vaxtdan beş il keçmişdir. Əvvəlki kimi yenə də cavandır, yaradıcılıq qüvvəsi tükənməmişdir. Anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq Süleyman Rüstəm Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Mənə tapşırılmış vəzifəni böyük məmnuniyyət hissi ilə yerinə yetirərək onu sevimli şairimizə təqdim edirəm.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Balaş Azəroğlunun 60 yaşı tamam olmuşdur. Onun yaradıcılığının ilk dövrü Cənubi Azərbaycanda keçmişdir. İlk şeirlərinin bir çoxu qırxıncı illərin əvvəllərində Cənubi Azərbaycanda gedən ictimai-siyasi prosesləri əks etdirir. Həmin şeirlərin əsasını şah istibdadına, sosial zülmə və milli istismara qarşı mübarizə motivləri təşkil edir. Onun İran şahına açıq məktubunu bu baxımdan ən mühüm mərhələ hesab etmək olar.
35 ildir Balaş Azəroğlu Sovet Azərbaycanında yaşayıb-yaradır. Şairin yeni əsərlərində də biz çox zaman Cənubi Azərbaycan mövzusuna rast gəlirik. Bu əsərlər onun çoxmilyonlu xalqının arzu və istəklərini əks etdirir. Balaş Azəroğlunun yaradıcılığının əhəmiyyətli cəhətlərindən biri də istər bizdə, istərsə də Cənubi Azərbaycanda müasir ədəbiyyatın inkişafına səmərəli təsir göstərməsindən ibarətdir.
Balaş Azəroğlunun yaradıcılığı partiya və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf Nişanı” ordeni ilə, bir neçə medalla təltif olunmuşdur. Bu il isə sovet ədəbiyyatının inkişafında xidmətlərinə, səmərəli ictimai-siyasi fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmiş, respublikamızın Ali Sovetinin Rəyasət Heyəti fərmanı ilə ona Xalq şairi fəxri adını vermişdir. Hər iki mükafat münasibətilə onu hərarətlə təbrik edirəm...”.
***
Mədəniyyət xadimlərinin fəaliyyəti dövlət tərəfindən qiymətləndirilirdi.
1981-ci il 24 dekabr
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərman ilə sovet teatr sənətinin inkişafında xidmətlərinə görə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bir neçə əməkdaşına fəxri adlar verilib:
Əməkdar incəsənət xadimi – Tofiq Ağayev (baş rejissor); Əməkdar artist – Tamilla Abdullayeva, Vidadi Əliyev, Maretta Kərimova.
1981-ci il 24 dekabr
Teatr sənətinin inkişafında õidmətlərinə görə və C.Cabbarlı adına Kirovabad (Gəncə – red.) Dövlət Dram Teatrının yaradılmasının 60 illiyi ilə əlaqədar olaraq teatrın bir qrup əməkdaşına fəxri adlar verilib:
Xalq artisti – Zülfüqar Baratzadə, Sədayə Mustafayeva; Əməkdar artist – Qurban Abbasov, Əli Allahverdiyev, Alim Məmmədov, Rza Nadirov; Əməkdar incəsənət xadimi – Ələddin İsmayılov (teatrın direktoru).
Bundan əlavə, uzun illər səmərəli fəaliyyətinə görə və C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının 60 illiyi ilə əlaqədar olaraq teatrın bir qrup əməkdaşı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
1981-ci il 28 dekabr
Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq yazıçı Əzizə Cəfərzadə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 28
aprel.- S.5.