“Bəyin
oğurlandığı” kənd
1984-cü ildə “Azərbaycanfilm” kinostudiyası
o vaxt gənc olan rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevə yazıçı
Mövlud Süleymanlının
ssenarisi əsasında
“Bəyin oğurlanması”
filminin çəkilişlərini
həvalə edir. Kəndə toy mövzusunda bədii-etnoqrafik
film çəkməyə
gələn kino işçilərinin fəaliyyətindən
bəhs edən ekran işi (film içində film) Azərbaycan kinosunun geniş tamaşaçı rəğbəti
qazanan nümunələrindəndir.
Filmin əsas
səhnələri Azərbaycanın
əsrarəngiz təbiətə
və qədim tarixə malik bölgələrindən olan
Şamaxının Məlhəm
kəndində çəkilib.
Əsas qəhrəmanların
– İsrafil və Həsənin evləri filmdən sonra kəndin ən məşhur evlərinə
çevrilib.
Filmin qəhrəmanı
İsrafilin (Xalq artisti Yaşar Nuri) yaşadığı
evin sahibi Nazim Əmirov deyir ki, bu
ev ona atasından
qalıb. Ev bu gün filmdə
olduğu görkəmdədir.
Filmdə İsrafilin
idarə etdiyi maşın (“Jiquli”) da Nazim Əmirovun
atasına məxsus olub: “1984-cü ildə film çəkiləndə
ev necə olubsa, bu gün
də elə qalır. Evin daxilində, həmçinin
xaricində heç bir yenilik etməmişik.
Kino çəkilişlərinin
əsas hissəsi burada aparılıb. Bura qız evi
idi, elçilik, gəlin köçürülmə,
rəqslərin əksəriyyəti
bizim həyətdə,
bu evdə lentə alınıb”, – deyə o AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
Kütləvi çəkilişlərdə iştirak
edənlərin əksəriyyəti
kənd camaatı olub. Sakin Rasim
Ələsgərov deyir:
“Aktyorlar tez-tez qonağım olardılar.
Sentyabr ayından dekabradək film çəkildi. Camaat necə lazımdırsa, kömək də etdi, iştirak da. Çox məşhur film oldu. Bizi görənlər
kinonun harada çəkilməyini soruşardılar.
Deyəndə də ki, bizim kənddə,
inanmazdılar”.
Çəkilişlər Şamaxıda üzüm
yığımı vaxtına
təsadüf edib. Kənd sakini Faiq Əlibəyov nəinki filmdə, kadr arxasında da gülməli hadisələr baş verdiyini deyir. Belə hadisələrdən
biri Miriş obrazını canlandıran
Xalq artisti Arif Quliyevin başına gəlib:
“Film bizim qonşuda çəkilib, o günlərin
şahidiyəm. O vaxt
Şamaxıda kütləvi
üzüm yığılırdı.
Bir gün xəbər çıxdı
ki, Arif Quliyevi Şamaxıda tutub aparıblar (o vaxtlar keçmiş
SSRİ-də əmək
intizamının ən
sərt vaxtları idi, pambıq, üzüm yığımı
vaxtı da kənddə, ara-bərədə
kimsə boş-bekar gəzə bilməzdi – red.) üzüm yığmağa. Sonra onu axtarıb tapdılar, dedilər ki, səhv olub,
bu, aktyordu, çəkilişdə iştirak
etməlidir. İndi filmə baxanda o günləri xatırlayırıq”.
“Bəyi oğurlanması”
filmi 1985-ci ildə ekrana çıxıb. Artıq 38 ildir ki, bu filmin
hər epizodu tamaşaçılarda təbəssüm,
nostalji hisslər yaradır. Ekran əsəri bu gün də sevə-sevə izlənilir,
filmdə səslənilən
ifadələr dillər
əzbərinə çevrilib.
Qeyd edək ki, Şamaxı rayonunun Məlhəm kəndində “Bəyin oğurlanması” filmindən savayı “Qaraca qız”, “Qaçaq Nəbi”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm” kimi filmlərin bəzi epizodları çəkilib.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.4.