Muzeydə görüş
Bu günlərdə
Fransanın Azərbaycandakı
Səfirliyindən Üzeyir
Hacıbəylinin Ev-Muzeyinə
telefon zəngi oldu. Səfirliyin nümayəndələri muzeyi
ziyarət etmək istədiklərini bildirdilər.
Doğrusu, bu təklif muzeyimizin kollektivinin də ürəyincə oldu. Çünki muzeydə Fransa ilə bağlı bir çox maraqlı eksponatlar, fotolar, sənədlər, rəsm
əsərləri və
s. vardır.
Məlumdur ki,
1919-cu ildə Üzeyir
Hacıbəylinin kiçik
qardaşı Ceyhun Hacıbəyli Azərbaycanın
Xalq Cümhuriyyəti
nümayəndə heyətinin
tərkibində Versal
Sülh Konfransında
iştirak etmək üçün Paris şəhərinə
getmiş və Cümhuriyyətin süqutundan
sonra Vətənə
qayıda bilməmişdir.
Hazırda Ceyhun bəyin məzarı Paris
yaxınlığındakı San-Klu şəhərindədir.
İllər boyu qürbətdə mühacir
həyatı yaşamış
Ceyhun Hacıbəyli Azərbaycanın müstəqilliyi
uğrunda öz fəaliyyətini dayandırmamış,
bir publisist kimi qələmini yerə qoymamışdır.
Bu gün Üzeyir bəyin ev-muzeyində Ceyhun Hacıbəylinin vaxtilə
Fransadan gətirilmiş
kiçik bir arxivi qorunub saxlanılır. Bu arxivdə Ceyhun bəyin ailəsilə birlikdə çəkdirdiyi
fotoşəkillər, Fransada
dərc etdirdiyi broşürlər, sənədlər,
epistolyar ədəbiyyatdan
nümunələr və
daha nələr-nələr
vardır...
Tarixdən bildiyimiz
kimi, 1944-cü ilin noyabr ayında fransalı general, ölkənin gələcək
prezidenti Şarl de Qoll Bakıda
olmuşdur. Böyük
bəstəkarımız Üzeyir
Hacıbəyli onu yaradıcılığının zirvəsi olan “Koroğlu” operasına baxmağa dəvət etmişdir. De Qoll bu dəvəti məmnuniyyətlə qəbul
etmiş, Opera və Balet Teatrında Üzeyir bəylə yanaşı əyləşərək
bu ölməz operaya tamaşa etmişdir. Bu mövzuda muzeyimizdə irihəcmli qiymətli bir rəsm əsəri
də vardır.
Muzeydə Fransa
ilə bağlı başqa bir eksponat da qorunub
saxlanılır. Bu, Napoleon Bonapartın büstüdür. Yenə
tarixə müraciət
etsək bilərik ki, 1859-cu ildə görkəmli fransız yazıçısı Aleksandr
Düma Qafqaza səfər etmişdir. O,
Bakıda olarkən ictimai xadim, şairə, Xan qızı Xurşidbanu Natəvanla görüşmüş,
hətta onunla şahmat oynamışdır.
Bu görüşdə
Düma öz ölkəsindən bir xatirə kimi sərkərdə Napoleonun
nəfis şəkildə
düzəldilmiş büstünü
Natəvana hədiyyə
etmişdir. Bu gün həmin büst Natəvandan yadigar kimi muzeyimizin
qiymətli eksponatlarından
biridir.
Muzeyimizdə qonaq olan Fransa
səfirliyinin nümayəndələri
bu rəsmlərlə,
fotolarla, əşyalarla
yaxından tanış
olduqca, doğrusu, bir az da
heyrətləndilər. Səfirliyin
mədəniyyət işləri
üzrə attaşesi Pier-Antuan Ferasen əşyaların tarixinə
aid muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcova suallar verir, özündə qeydlər
aparırdı. Görüş
zamanı Sərdar Fərəcov royalda Üzeyir Hacıbəylinin
əsərlərindən nümunələr
səsləndirdi, bu əsərlərin yaranma tarixi haqqında qonaqlara məlumat verdi. Bir sözlə,
bu görüş fransalı nümayəndələrin,
eləcə də muzey əməkdaşlarının
xatirəsində xoş
təəssüratla qalacaq.
Sonda attaşe
muzeyin xatirə kitabına öz təəssüratlarını yazaraq, əməkdaşlara
bu səmimi qəbul üçün təşəkkürlərini bildirdi,
xatirə fotoşəkilləri
çəkdirildi.
Yeri gəlmişkən,
biz də Fransa səfirliyinin nümayəndələrinə, eləcə də tərcüməçi Turanə
İsayevaya muzeyimizi ziyarət etdiklərinə
görə təşəkkürümüzü
bildiririk.
Gülnarə Ələsgərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.7.