“Zirvəyə
gedən yolda” Azərbaycan xalça sənəti
Milli Xalça Muzeyinin kolleksiyasından nümunələr Latviyada
sərgilənir
Latviyanın Gülbene şəhərində
Tarix və İncəsənət Muzeyinin
təşkilatçılığı ilə “Divi Juliji” VI Beynəlxalq İncəsənət Festivalı
keçirilib.
Ənənəvi festival bu şəhərdə
anadan olan tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə
həsr edilib.
Tədbir çərçivəsində
Yulius Straumenin Qafqazda, o cümlədən
Azərbaycanda apardığı
etnoqrafik tədqiqatlara
həsr olunan “Zirvəyə gedən yolda” adlı sərgi açılıb.
Ekspozisiyada Azərbaycan
Milli Xalça Muzeyinin kolleksiyasından
XIX əsrin sonu – XX əsrin əvvəllərinə
aid 16 ənənəvi
xalça məmulatı
yer alıb. Sərgidə yüksək
bədii keyfiyyəti,
özünəməxsus kompozisiyası
və rəng çalarları ilə seçilən Qarabağ,
Bakı və Şirvana aid çul, ləməqabağı,
məfrəş, dəvəbəzəyi,
cecim, duz torbası, qaşıqdan,
xurcun, heybə, dəstərxan, corab, çanta və s. nümayiş olunur. Sərgidə həmçinin
Şuşanın tarixi
memarlıq abidələrindən
ibarət foto-slayd təqdim olunur.
Azərbaycanın Latviyadakı Səfirliyinin
dəstəyi ilə təşkil edilən sərgi avqustun 25-dək davam edəcək.
Festivalın ilk günü “Divi Juliji.
Virsotnes”/ “İki Yulius. Zirvələr” adlı beynəlxalq konfrans da keçirilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyi Elmi-tədqiqat və milli irsin qorunub saxlanılması
şöbəsinin müdiri
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Aytən Əhmədova “Azərbaycan
xalqının adət-ənənələrində
və məişətində
xalça məmulatları”
mövzusunda çıxış
edib. O, xalça məmulatlarının xalqımızın
gündəlik həyatının
ayrılmaz hissəsi olduğunu bildirib. Onların təkcə utilitar əşya deyil, gözəl bədii həllə, naxış sisteminə
malik yüksək estetik
zövq göstəricisi
hesab olunduğunu diqqətə çatdırıb.
Konfransda
Azərbaycan Milli Xalça
Muzeyinin Elmi şurasının üzvü,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Straumenin Azərbaycan yaradıcılığının
beşiyi Şuşada
fəaliyyəti” mövzusunda
çıxış edib.
Müxtəlif ölkələrdən olan mütəxəssislərin
“Yulius Straumenin eskizlərində Qarabağ
xalçaları”, “XX əsrin
I yarısında toxuculuq
məktəbləri”, “Yulius
Madernieksin pedaqoji baxışları və prinsipləri” və s. mövzularda məruzələri
dinlənilib.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.8.