Qardaşlığın söz-sənətlə
süslənən təntənəsi
Azərbaycanda Özbəkistan mədəniyyəti günləri
keçirilir
Azərbaycan və özbək xalqlarını yaxın adət-ənənələr, dil
və ümumtürk mədəniyyəti birləşdirir.
Son illər dövlət başçılarının
mütəmadi qarşılıqlı
səfərləri, imzalanan
sənədlər iki
ölkə arasında
əlaqələri yüksək
səviyyəyə qaldırıb,
mədəniyyət sahəsində
əməkdaşlığa da yeni məzmun
qazandırıb. 1-4 avqust
tarixlərində Azərbaycanda
keçirilən Özbəkistan
mədəniyyəti günləri
də qardaş xalqların dostluğunun, doğmalığının növbəti
təntənəsidir.
Tədbirlərdə iştirak etmək üçün Özbəkistanın
mədəniyyət naziri
Ozodbek Nazarbekovun rəhbərliyi ilə geniş nümayəndə
heyəti ölkəmizə
təşrif buyurub.
Nümayəndə heyəti avqustun 1-də Fəxri xiyabanda Ümummilli lider, Azərbaycan-Özbəkistan əlaqələrinin
qurulmasında tarixi xidmətləri olmuş Heydər Əliyevin məzarını ziyarət
edib, önünə tər çiçəklər
düzüb. Daha sonra Şəhidlər xiyabanında ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş Vətən
övladlarının xatirəsi
yad olunub.
Avqustun 1-də axşam Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti
günlərinin təntənəli
açılış mərasimi
keçirildi. Tədbirdə
dövlət rəsmiləri,
iki ölkənin mədəniyyət xadimləri
və digər qonaqlar iştirak edirdi.
Mərasimi açan
mədəniyyət naziri
Adil Kərimli qardaş ölkənin nümayəndə heyətini
və tədbir iştirakçılarını salamladı. Azərbaycanda
Özbəkistan mədəniyyəti
günlərinin xalqlarımızın
həyatında əlamətdar
hadisə olduğunu deyən nazir bildirdi ki, ümumi
tarixə, zəngin mədəniyyətə və
ortaq dəyərlərə
söykənən möhkəm
və davamlı əlaqələr qardaşlığımızın
rəmzidir: “Dövlət
başçılarımız – Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində
iki ölkə arasında əlaqələr
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib
və bütün sahələr üzrə əməkdaşlıq inkişaf
edir. Dövlətlərimiz
arasında həyata keçirilən əməkdaşlıq
təkcə ikitərəfli
əlaqələrlə məhdudlaşmır.
Beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla davam edir. Bizlər
xalqlarımızın mədəni
irsi və dəyərlərinin qorunub
saxlanılması, qlobal
miqyasda təbliği istiqamətində birgə
fəaliyyət göstərir
və beynəlxalq müstəvidə vahid mövqedən çıxış
edirik. Azərbaycan və özbək xalqlarının görkəmli
şəxsiyyətləri dünya
mədəniyyətinə, elminə, ədəbiyyatına
misilsiz töhfələr
veriblər”.
Adil Kərimli
qeyd etdi ki, Özbəkistan mədəniyyəti günləri
dahi şair-mütəfəkkirlər
Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin irslərindən bəhrələnən
mədəniyyətlərimizin bir-birinə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirəcək: “Xalqlarımızın
zəngin mədəniyyəti
ümumilikdə türk
mədəni irs xəzinəsinə əvəzolunmaz
töhfədir. Təsadüfi
deyil ki, iki ölkənin prezidentlərinin sərəncamları
ilə Azərbaycan və Özbəkistan sənətçiləri yüksək
fəxri ad və mükafatlarla təltif ediliblər. Mədəni sahədə
əlaqələrin inkişafında
Daşkənd şəhərində
fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
rolunu xüsusi qeyd etmək lazımdır. Mərkəz
xalqlarımızın bir-birinə
yaxınlaşması istiqamətində
mühüm layihələr
həyata keçirir”.
Adil Kərimli
çıxışının sonunda özbəkistanlı
həmkarı başda
olmaqla qardaş ölkənin nümayəndə
heyətini Azərbaycanda
salamlamaqdan məmnunluq
hissi keçirdiyini bildirdi, mədəniyyət
günlərinin təşkilatçılarına
təşəkkür etdi.
Özbəkistanının
mədəniyyət naziri
Xalq artisti Ozodbek Nazarbekov çıxış edərək
yüksək qonaqpərvərliyə
və mədəniyyət
günlərinin keçirilməsində
dəstəyinə görə
Azərbaycan Respublikası
Hökumətinə təşəkkürünü
bildirdi. Qeyd etdi ki, xalqlarımızı
çoxəsrlik dostluq
əlaqələri və
ortaq tarixi inkişaf yolu birləşdirir. İkitərəfli
əlaqələrin möhkəmlənməsində
aralarında səmimi,
etimada söykənən
münasibətlər olan
dövlət başçılarımızın
mühüm rolu var.
Çıxışlardan sonra Azərbaycan və Özbəkistan incəsənət ustalarının
iştirakı ilə
geniş konsert proqramı təqdim olundu.
Özbəkistan Dövlət Simfonik Orkestri (dirijor Özbəkistanın Əməkdar
artisti Kamoliddin Orinboev), Yusif Rəcəbi adına muğam ansamblının üzvləri, Azərbaycan
və Özbəkistanın
Xalq artisti Nəsibə Abdullayeva, Özbəkistanın Xalq artistləri Səməndər
Alimov, Fərrux Zakirov, Ozodbek Nazarbekov, Azərbaycanın
“Dostluq” ordeni mükafatçısı Abduhişam
İsmailov özbək
musiqisinin bir-birindən
gözəl nümunələrini
təqdim etdilər.
Azərbaycan və Özbəkistanın
Xalq artisti, xanəndə Gülyanaq Məmmədova və Əməkdar artist, tarzən Sahib Paşazadənin ifaları
da gecəyə xüsusi rəng qatdı. Qardaş xalqların incəsənət
ustalarının çıxışları
sürəkli alqışlarla
qarşılandı.
Qeyd edək
ki, Özbəkistan mədəniyyəti günlərinin
zəngin proqramı var. Avqustun 2-də Azərbaycan Milli Kitabxanasında yaradılmış
“Özbəkistan ədəbiyyatı
və incəsənəti
guşəsi” açılacaq.
Kitabxanada özbək
ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiya
qurbanı Abdulla Qodirinin (1894-1938) Azərbaycan
dilinə tərcümə
olunmuş “Ötən
günlər” romanının
təqdimatı keçiriləcək.
Həmin gün
Muqimi adına Özbəkistan Dövlət
Musiqili Teatrının
kollektivi tərəfindən
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının səhnəsində
A.Qodirinin “Ötən
günlər” əsəri
əsasında hazırlanmış
tamaşa nümayiş
etdiriləcək.
Avqustun 3-də Özbəkistan Dövlət
Musiqili Teatrının
yaradıcı heyəti
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında azərbaycanlı
dramaturq Məcid Şamxalovun əsəri əsasında hazırlanmış
“Qayınana” tamaşasını
təqdim edəcək.
Həmin gün Dənizkənarı Milli Parkda Özbəkistan kulinariya və sənətkarlıq sərgisinin
açılışı olacaq.
Avqustun 4-də isə Özbəkistan nümayəndə heyəti
üçün mədəni
proqram təşkil olunacaq.
Qeyd edək
ki, bu ilin
oktyabr ayında Özbəkistanda Azərbaycan
mədəniyyəti günlərinin
keçirilməsi nəzərdə
tutulur.
Lalə Azəri
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.1;2.