Kinomuzun yubileylərlə müşayiət olunan günü
2 avqust Azərbaycan
Kinosu Günüdür.
1898-ci il avqustun 2-də
Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjetin
kütləvi nümayişini
təşkil edib. Bu əlamətdar hadisə ilə Azərbaycanda kinonun tarixi başlanıb. Beləliklə, dünyada
kinosunun yaranma tarixi sayılan 1895-ci ildən (Parisdə Lümyer qardaşlarının
ilk kinosüjetləri
nümayiş etdirməsi)
cəmi üç il sonra bu
möcüzəli sənət
Bakıda da peyda olub.
Sonrakı illərdə
sənədli süjetlər
tədricən irihəcmli
kinolentlərə, bədii
filmlərə yol açıb. 1916-cı il
mayın 14-də “Neft
və milyonlar səltənətində” adlı
ilk Azərbaycan bədii filmi ekrana çıxıb.
Film İbrahim bəy Musabəyovun əsəri əsasında fransalı Pirone qardaşlarının
şəhərdə yaratdıqları
“Filma” səhmdar cəmiyyəti tərəfindən
Bakı milyonçularının
vəsaiti hesabına lentə alınmışdı.
1923-cü ildə Bakıda
ilk dövlət kinofabriki (hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) yaradılıb.
Ötən dövrdə
Azərbaycan kinosu böyük inkişaf yolu keçib. İlk kinosüjetlərlə
başlanan sinema yolunun tarixi isə unudulmur. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı
fərmanla 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Hər il
kino işçilərinin
peşə bayramı
rəngarəng tədbir
və təqdimatlarla yadda qalır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə
əlamətdardır. Azərbaycan
kinosunun 125, Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
yaradılmasının isə
100 illiyi qeyd olunur. Bu il
eyni zamanda kino sahəsində yaradıcılıq təşkilatının
(Azərbaycan Kinematoqrafçılar
İttifaqı) fəaliyyətə
başlamasının 60 illiyidir.
Nəhayət, 2023-cü ildə
Azərbaycan Dövlət
Film Fondunun yaranmasının
30 illiyidir
Bu il də Azərbaycan Kinosu Günü silsilə tədbirlərlə
müşayiət olunacaq.
Avqustun 2-də Nizami Kino Mərkəzində
Mədəniyyət Nazirliyi
və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı
ilə təntənəli
mərasim keçiriləcək.
Mədəniyyət Nazirliyinin təklifi əsasında 2-9 avqust tarixlərində ölkəmizdə
fəaliyyət göstərən
televiziya kanallarında
“Azərbaycan kinosu həftəsi” – klassik filmlərimizin nümayişi
nəzərdə tutulur.
Bundan əlavə,
Azərbaycan Kinosu Günü, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”
kinostudiyasının 100 illiyi
münasibətilə Mədəniyyət
Nazirliyinin təşəbbüsü
və dəstəyi ilə avqustun 3-dən 10-dək
kinoteatrlarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.
“CinemaPlus” kinoteatrlar
şəbəkəsindən verilən məlumata görə, Mədəniyyət
Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası
ilə birgə həyata keçiriləcək
retrospektiv baxış
1945-ci ilin “Arşın
mal alan” filmindən başlayaraq, Azərbaycan kinosunun 40 ildən artıq dövrünü (80-ci illərin
sonunadək) əhatə
edəcək. Ümumilikdə
20-dək filmin nümayişi
nəzərdə tutulub.
Seanslara giriş sərbəstdir.
Kino işçilərinin
peşə bayramı
ərəfəsində sahə
üzrə yaradıcılıq
qurumları – Azərbaycan
Kinematoqrafçılar İttifaqı
və Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı da ənənəvi mükafatlarının
laureatlarını elan
edib. Yeri gəlmişkən, peşə
bayramı öncəsi
iki qurum Azərbaycan kinosu üçün əlamətdar
bir qərarı – vahid təşkilatda birləşmək niyyətini
də ictimaiyyətə
açıqlayıb.
Mədəniyyət tariximiz üçün əlamətdar gün – Azərbaycan Kinosu Günü münasibətilə bu peşəyə könül verib ömrünü həsr edən hər kəsi təbrik edir, kinosevərlərə isə bir həftə ərzində milli kinematoqrafın nümunələrini izləyib zövq almağı arzulayırıq.
Mədəniyyət .- 2023.- 2 avqust.- S.1;2.