Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Şuşada qeyd olunub
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı
ilə “Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərində
“1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda
tədbir keçirilib.
Tədbiri Monitorinq
Mərkəzinin direktoru
professor Sevinc Əliyeva açaraq bəşər mədəniyyətinin
tərkib hissəsi olan dili mədəni
dəyərlərin ötürülməsi,
qorunması və qavranılmasında mühüm
amil kimi səciyyələndirib, ana
dilini və əlifbanı millətin siması, milli sərvəti və varlığının təsdiqi
adlandırıb.
Qeyd olunub
ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidin
tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin
əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri
var. Heydər Əliyevin ölkəmizə
rəhbərliyinin hər
iki dövründə
Azərbaycan dilinin hərtərəfli inkişafı
yalnız rəsmi sənədlərdə deyil,
əməli fəaliyyətdə
də öz əksini tapıb, Ulu öndər tərəfindən imzalanan
fərman və sərəncamlar ölkəmizdə
dil siyasətinin mükəmməl konsepsiyasını,
uzunmüddətli strategiyasını
müəyyən edib.
Mərkəzin direktor müavini dosent Gülarə Əmirovanın “Azərbaycan
əlifbasının dünəni
və bu günü”, filologiya üzrə fəlsəfə
doktoru Aynur Paşayevanın “Təhsildə
Azərbaycan dili” mövzularında məruzələri
dinlənilib.
Sonra Bakı Mühəndislik Universitetinin dosenti Zabitə Teymurlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Avrasiya Universitetinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli və başqaları çıxış ediblər. Ümummilli liderin ana dilinə sevgisi və qayğısının hər bir azərbaycanlıya örnək olduğu bildirilib. Çıxışlarda İKT, reklam, tibb və digər sahələrdə Azərbaycan dilinin düzgün tətbiqinin zəruriliyi vurğulanıb.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.2.