Qəbələ festivalının rəngarəng konsertləri
Beynəlxalq musiqi şöləni
avqustun 2-də başa
çatır
Xəbər verdiyimiz kimi, Azərbaycanın dilbər
guşələrindən olan
qədim Qəbələ
növbəti beynəlxalq
musiqi bayramına ev sahibliyi edir.
Heydər Əliyev Fondunun təşkilatçılığı
və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə 27 iyul – 2 avqust tarixlərində
XIII Beynəlxalq Qəbələ
Musiqi Festivalı keçirilir. Festivalda ölkəmizlə yanaşı,
Türkiyə, Böyük
Britaniya, Estoniya, Litva, Polşa və Rusiyadan da musiqiçilər iştirak edirlər.
Festivalın ikinci günü, iyulun 28-də Qəbələ
şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzində M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə
dəstək” layihəsi
çərçivəsində gənc ifaçıların
iştirakı ilə
növbəti konsert proqramı təqdim olunub.
Festivalın təşkilatçı qurumlarının
təmsilçilərinin, yerli
musiqisevərlərin və
şəhərin qonaqlarının
izlədiyi konsertdə
respublika və beynəlxalq müsabiqələr
laureatları səhnəyə
çıxıblar. Tamilla
Əhədova (piano), Nərminə İsmayılova
(piano), Camalə Abdinzadə (piano), Çinarə Əzimova (soprano), Surə Rüfət (violin), Humay Hacızadə (viola), Aytən Rüstəmli (kamança),
Mirxalid Məmmədzadə
(fleyta), Cəlil Bəşirli (tar) və Vaqif Qurbanovun
(cello) ifaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
İfaçıları pianoda
Svetlana Əhmədova,
Rəfiqə Quluzadə
və Nuridə Novruzova müşayiət
ediblər.
Proqramda F.Əmirov,
F.Əlizadə, P.Çaykovski,
J.Bize, V.Horovits, V.Monti, R.Şuman və digər bəstəkarların əsərləri
səsləndirilib.
***
Qəbələ festivalının proqramında
bu il yubileyləri
qeyd olunan görkəmli bəstəkarlara
həsr edilmiş konsertlər də yer alıb. Festival çərçivəsində iyulun 28-də axşam açıq səhnədə
təqdim olunan musiqi proqramı məşhur rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illik
yubileyinə həsr edilib.
Konsertdən əvvəl çıxış
edən Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva bildirib ki, Qəbələ festivalının gözəl
ənənələrindən biri də dünya
musiqi mədəniyyətinə
böyük töhfələr
verən bəstəkarların,
ifaçıların yubileylərini
qeyd etmək, onların əsərlərini
səsləndirməklə xatirəsini yada salmaqdır: “Bu il 150 illiyi qeyd
olunan Sergey Raxmaninov musiqisində bəşəri səs, harmoniya var. Məhz bu bəşəri
bağlantını daha
gözəl surətdə
festival iştirakçılarına
çatdırmaq üçün
Raxmaninovun musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.
Konsertin birinci
hissəsində Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) ifasında S.Raxmaninovun “Piano və orkestr
üçün konsert”
əsəri səsləndirilib.
Sonra respublika
və beynəlxalq müsabiqələr laureatı
Əli Məmmədov
(piano) orkestrin müşayiəti ilə
bəstəkarın digər
əsərlərini ifa
edib.
S.Raxmaninovun yubileyinə
həsr olunan daha bir konsert
iyulun 31-də Heydər
Əliyev Konqres Mərkəzində gerçəkləşib.
Bəstəkarın həyat
və yaradıcılığı
barədə məlumat
verildikdən sonra Mixail Lidski (Rusiya, piano), Xalq artisti, pianoçu
Murad Adıgözəlzadə
və Henri-David Varema (Estoniya, violonçel) tamaşaçılar
qarşısında maraqlı
konsert proqramı ilə çıxış
ediblər.
Konsertdə bəstəkarın “Piano və violonçel üçün sonata – sol minor”, piano üçün prelüdlər, etüd-lövhələr, “Barkarola”, “Qırıntılar” əsərləri səsləndirilib.
***
Festival çərçivəsində
iyulun 29-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara
kamera musiqisi təqdim olunub.
Respublika və
beynəlxalq müsabiqələr
laureatları Atəş
Qarayev (tenor), Mahir Tağızadə (bariton), Osman Mustafazadə (skripka), Humay Hacızadə (viola), Ərol Rzayev (violonçel), Nərminə İsmayılova
(piano), Əli Günəşov (faqot), Əhməd Əhmədov
(klarnet) və başqalarının çıxışları
tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Konsertdə M.Qlinkanın
“Patetik trio”, F.Listin “2 nömrəli konsert etüdü”, Q.Donizettinin “Luçiya di Lammermur” operasından
Edqarın ariyası, P.İ.Çaykovskinin “Yevgeni
Onegin” operasından Lenskinin ariyası, C.Puççininin “Canni
Skiki” operasından Canni Skikinin ariyası, V.A.Motsartın
“Hamı belə edir” operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri
səsləndirilib.
***
Qəbələ şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzində gerçəkləşən
daha bir konsert kamera musiqisinə və “Clarte” klarnet kvartetinin ifasına həsr olunub.
Kamera musiqisi
axşamında beynəlxalq
müsabiqələr laureatları
Nigar Cəfərova (soprano), Elmina Həsənova (mezzo-soprano),
Məryəm Yusifova (piano), Eldəniz Ələkbərzadə (piano),
Nərgiz Kəngərli
(piano), Şəms Ağazadə (violin), Vaqif Qurbanov (violençel) və Gülnaz Eldarlı (piano) maraqlı ifaları ilə sənətsevərlərin könlünü
oxşayıblar.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib. Konsertdə A.Məlikovun
“Ötəri anlar”, Q.Qarayevin “Səs və piano üçün
romans”, V.Məmmədzadənin “Trio”, R.Mirişlinin “Səadət”,
P.Bülbüloğlunun “Mənim
Bakı şəhərim”,
R.Hacıyevin “Saçlarına
gül düzüm”,
“Leyla”, həmçinin Avropa
bəstəkarlarından A.Berq,
V.Gervasi, E.Doqa, F.List, R.Ştraus, G.Faure və F.Şubertin əsərləri
səsləndirilib.
Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev
müşayiət ediblər.
“Clarte” klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür
Səmədovun təşəbbüsü
ilə yaradılıb.
Kvartetin bədii rəhbəri Anar Məmmədov, üzvləri
istedadlı klarnet ifaçıları Şərif
Bağırov, Məhəmmədəli
Paşazadə və
Emil Bağırovdur.
***
Festival çərçivəsində iyulun 31-də axşam musiqisevərlər Heydər
Əliyev Konqres Mərkəzində növbəti
konsert proqramını
izləyiblər. Bakı
Kamera Orkestrinin təqdim etdiyi konsert dünyaca məşhur pianoçu
Bella Davidoviçin 95 illik
yubileyinə həsr olunub.
1928-ci ildə Bakıda doğulan Bella Davidoviç
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
(indiki BMA) nəzdində
musiqi məktəbini bitirib. Sonra Moskva Dövlət
Konservatoriyasında ali
təhsil alıb.
60-70-ci illərdə müxtəlif
ölkələrdə konsertlər
verərək dünya
şöhrəti qazanan
ifaçı 80-ci illərdə
ABŞ-yə köçüb.
Konsertin
birinci hissəsində
orkestr Bella Davidoviçin
oğlu Dmitri Sitkovetskinin
(Böyük Britaniya)
dirijorluğu ilə İ.S.Baxın “Simlilər üçün
1 nömrəli rəqs
süitası”nı təqdim
edib.
Dmitri Sitkovetski tanınmış
dirijor olmaqla yanaşı, həmçinin
virtuoz skripka (violin) ifaçısıdır. Konsertin
birinci hissəsində
D.Sitkovetski Bakı Kamera Orkestrinin müşayiəti ilə
violində A.Raskatovun
violin, simlilər və
zərb aləti üçün “V.A.Motsartın
həyatından beş
dəqiqə”, A.Pyartın
violin, simlilər və
zərb aləti üçün “Qardaşlar”,
Bella Bartokun violin və
simlilər üçün
“Rumın xalq rəqsləri”, S.Raxmaninovun
simlilər üçün
“Vokaliz”, F.Əmirovun
“Nizami” simfoniyasından
II və IV hissələr,
F.Əlizadənin simlilər
üçün “Rəqs”,
L.Desyatnikovun simlilər
üçün “Bukovina mahnıları”
əsərlərini ifa
edib.
Bakı
Kamera Orkestri 2011-ci ildə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası tələbələrinin təşəbbüsü
ilə yaradılıb.
Orkestrin tərkibinə
beynəlxalq müsabiqə
laureatları və istedadlı ifaçılar
daxildir. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad
Bədəlbəyli, baş
dirijoru Əməkdar
artist Fuad İbrahimovdur.
XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı avqustun 2-də başa çatacaq.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.3.