Ümidsizlikdən çıxmaq üçün “Cığır”
var...
Müxtəlif səbəblərdən valideynlərini
itirmiş uşaqlara diqqət və qayğı hər zaman savab iş
olub, bu məqsədə xidmət
edən cəmiyyətlər,
qurumlar fəaliyyət
göstərib. Ölkəmizdə
bu sahədə dövlət siyasətini həyata keçirən ayrıca qurum olsa da, müxtəlif
ictimai birliklər də belə uşaqlara dəstək verməyə çalışırlar.
“Cığır” Mənəvi Dəyərlərin
İnkişafına Dəstək
İctimai Birliyi də valideynlərini itirmiş uşaqlara yardım əlini uzadan qurumlardan biridir. Birliyin “20 Yanvar” metro stansiyası
yaxınlığındakı binasının yanından
keçəndə bir
neçə dəfə
müxtəlif aksiyalar
təşkil etdiklərini
görmüşdük. Bu
günlərdə oraya
baş çəkdik.
Birliyin həmtəsisçisi
Gülnar Rüstəmova
fəaliyyət istiqamətləri
haqqında məlumat verdi. Bildirdi ki, “Cığır”
İB 2015-ci ildə bir
qrup yardımsevər qadın tərəfindən
ata qayğısından
məhrum uşaqlara yardım etmək məqsədilə yaradılıb:
“Birinci il himayəmizə 50 uşaq
götürdük, sonralar
bu rəqəm artmağa başladı. Uşaqların sayı çoxaldığından düşündük
ki, bu layihəni
qeyri-rəsmi davam etdirmək çətindir.
2018-ci ildə ictimai birlik kimi Ədliyyə
Nazirliyində qeydiyyatdan
keçdik”.
Müsahibim deyir
ki, birlik dövlətin təqdim etdiyi qrant layihələrində
iştirak edir, xeyriyyə tədbirləri
keçirir, ianələr
toplayır: “Bu günə qədər insanlardan toplanan vəsaitlə onlarla atasını itirmiş uşağa ev tikilib, müəllim və tələbə heyətinin könüllü
olaraq dərs keçdiyi təlim-tədris
mərkəzi istifadəyə
verilib. Onun daxilində tələbələr
üçün ‘’Kitab
bağı’’ adlı kitab evi də
açılıb. Hazırda
birliyin himayəsi altında 1500-dən çox
uşaq var”.
“Cığır”ın
əsas iş prinsiplərindən biri könüllülük fəaliyyətidir.
Birliyin hər sahəsində könüllülər
işləyir. Müəllim,
həkim kimi işləyənlərin, “Kitab
bağı” və digər xidmət sahələrində çalışanların
hər biri könüllülərdir.
Təlim-tədris mərkəzinin meneceri Xanım Babayeva bildirir ki, mərkəz
ata qayğısından
məhrum uşaqların
inkişafına və
cəmiyyətə adaptasiyasına
dəstək məqsədilə
tamamilə könüllülük
prinsipi əsasında
fəaliyyət göstərir:
“Mərkəzdə müxtəlif
fənlər üzrə
tədris aparılır,
həmçinin ibtidai
sinif və məktəbəqədər hazırlıq,
rus dili, ingilis dili, IT dərsləri və s. keçirilir. Mərkəzdə
bir sıra dərnəklər də fəaliyyət göstərir.
Bunlardan əlavə, rayonlarda yaşayan və çətin şəraitdə olan abituriyent əmanətlərimizə
aylıq müəllim
ödənişi də
göndərilir”.
Birliyin nəzdində
fəaliyyət göstərən
“Kitab bağı” adlı mütaliə evi maraqlı tərtibatı ilə diqqəti cəlb edir. X.Babayeva deyir ki, klassik
və müasir dövr ədəbiyyatla zəngin kitabxanamız, ən əsası, burada sevgi dolu
mühitimiz var.
Birlik tərəfindən
müxtəlif nəşr
layihələri də
həyata keçirilir.
“Mütaliə terapiyadır”,
“Sosial sahibkarlıq mənəvi dəyərdir”,
“Təfəkkür cığırı”,
“Qiraət”, həmçinin
ata himayəsindən məhrum uşaqlara anaları tərəfindən
yazılmış arzu
və istəkləri
əks etdirən “Övladıma məktub” kitabları maraqla qarşılanıb.
“Cığır”ın
mütaliə mədəniyyətinin
təşviqinə xidmət
edən layihələri
də var. 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin qrantını
qazanan “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi”
layihəsi çərçivəsində
birlik Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi,
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi,
İsmayıllı rayon
MKS, Tərtər rayon
MKS və bir sıra nəşriyyatlarla
əməkdaşlıq edib.
Bundan başqa, Suraxanı rayon MKS-nin 1 və 4 saylı filiallarında, Xətai, Sabunçu rayon MKS-lərdə və Nəsimi rayon MKS-nin 3 saylı filialında atasını itirmiş uşaqlar üçün
mütaliə saatları
təşkil olunub.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 4 avqust.- S.7.