Sənətdə də, həyatda da təvazökar idi...
O sanki canlandırdığı
rolların taleyini yaşayırdı. Buna görə də səhnədə və ekranda yaratdığı hər bir obraz
tamaşaçı yaddaşına
həkk olurdu. Görkəmli aktyor, Xalq artisti Məmmədrza
Şeyxzamanov həm sənəti, həm də şəxsiyyəti
ilə sənətsevərlərin
hörmətini qazanmışdı.
Məmmədrza İsa oğlu Şeyxzamanov 4 avqust 1915-ci
ildə Gəncə şəhərində dünyaya
göz açıb. Uşaqlıq dövrü
ağır keçib.
İki yaşında ikən atası vəfat edir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Məmmədrzanın
babası – Cümhuriyyət
dövründə mühüm
dövlət vəzifəsində
çalışmış Nağı Şeyxzamanovun
və yaxın qohumlarının repressiyaya
məruz qalması ilə ailənin vəziyyəti daha da çətinləşir.
Aktyorluq sənətinə
həvəsi hələ
orta məktəbdə
oxuyanda yaranmışdı.
Məktəbdə oxuya-oxuya
teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü
ilə bu sənət ocağına
dəvət edilir. Teatrda roldan-rola sənətinin sirlərini
dərindən mənimsəyir,
püxtələşir. Aktyorun
sorağı paytaxta da gəlib çatır.
1954-cü ildə Azərbaycan
Dövlət Akademik Dram Teatrında işə başlayır.
Məmmədrza Şeyxzamanov 30 ilə yaxın çalışdığı
Azərbaycan Dövlət
Akademik Dram Teatrında Azərbaycan və dünya klassiklərinin əsərlərində
müxtəlif xarakterli
rolların uğurlu ifaçısı kimi tanınıb. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar”, “Aydın”), Edqar (“Antoni və Kleopatra”), Hacı Həsən (“Ölülər”),
İxtiyar (“İblis”)
və başqa onlarla rolları ona teatr aləmində
böyük şöhrət
qazandırıb. Aydın
diksiya və obraza girmək bacarığı onun yaradıcılığı üçün
xarakterik əlamətlər
olub.
Qayğıkeş sənətkar ağsaqqal məsləhətləri ilə
insanların köməyinə
gəlməkdən zövq
alarmış. Oynadığı
rollarda olduğu kimi, həyatda da sadə və
təvazökar idi. Yüksək səmimiyyəti
onu kollektivə daha çox sevdirirdi.
Aktyorun kinoda
ilk rolu 1955-ci ildə ekranlara çıxan “Bəxtiyar”
filmində professor Rəcəbov obrazı olur. Sonra filmlərdə
bir-birindən maraqlı
rollar oynayır. “Qızmar günəş altında” Alı kişi, “Leyli və Məcnun”da
Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı?” filmində polkovnik Qurbanov, “Böyük dayaq”da raykom katibi, “Qatır Məmməd”də
Gəncə qubernatoru,
“Nəsimi”də Şeyx
Əzəm, “Tütək
səsi”ndə İsfəndiyar
kişi kimi obrazlar tamaşaçıların
yaddaşında dərin
iz qoyub.
Hər dəfə
“Ruhani” saz havasını eşidəndə
“Tütək səsi”
filmi yada düşür. Filmdə
həyəcanlı şəkildə
evinə qaçan, sonra da evdə
sazı sinəsinə
basıb bu məşhur saz havasını səsləndirən
köhnə çuxalı
müharibə dövrünün
azərbaycanlı kişisini
xatırladan İsfəndiyar
obrazı göz önünə gəlir...
Unudulmaz sənətkar 24 yanvar 1984-cü ildə, 69 yaşında vəfat edib.
Mədəniyyət.- 2023.- 4 avqust.- S.6.