Maestro Niyazinin xatirəsi
yad olunub
Avqustun
2-də məşhur Azərbaycan
dirijoru və bəstəkarı, SSRİ Xalq
artisti, Azərbaycan və SSRİ Dövlət
mükafatları laureatı
maestro Niyazinin (1912–1984) vəfatının
39-cu ildönümü tamam
oldu.
Bu münasibətlə Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin və onun filialının
– Niyazinin Mənzil-Muzeyinin
əməkdaşları, mədəniyyət
xadimləri Fəxri xiyabana gələrək Niyazinin məzarını,
daha sonra isə maestronun paytaxtdakı abidəsini
ziyarət ediblər.
Mənzil-muzeyində davam edən anım tədbirində sənətkarın
həyat və yaradıcılıq yolundan
söz açılıb,
Azərbaycanın musiqi
mədəniyyətinin inkişafındakı
xidmətləri vurğulanıb.
Qeyd edilib ki, Niyazi nəinki Azərbaycanın,
eyni zamanda, bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında
önəmli xidmətləri
olan şəxsiyyətdir.
Bildirilib
ki, Niyaziyə dünya
şöhrəti gətirən
onun dirijorluq fəaliyyəti olub. Eyni zamanda o, bəstəkar kimi də Azərbaycan və dünya musiqi xəzinəsinə töhfələr verib. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq
fəaliyyətində xüsusi
yer tutur. Hind yazıçısı Rabindranat
Taqorun “Çitranqada”
fəlsəfi dramı
əsasında yazdığı
“Çitra” baletinə
görə bəstəkar
Hindistanın Cəvahirləl
Nehru beynəlxalq mükafatına
layiq görülüb.
Ənənəvi olaraq sənətkarın
anım günündə
muzeydə “açıq
qapı” günü təşkil olunub. Muzeyin qonaqlarına maestro haqqında müxtəlif illərdə çəkilmiş
sənədli filmlər,
videokonsertlər, Niyazinin
musiqi yazdığı
filmlərdən parçalar
nümayiş olunub.
Mədəniyyət.-
2023.- 4 avqust.- S.6.