“Ötən
günlər”ə bu günün baxışı
Özbəkistan sənətçiləri
hüznlü sevgi hekayətini təqdim etdi
Xəbər verdiyimiz kimi, 1-4 avqust tarixlərində Azərbaycanda Özbəkistan
mədəniyyəti günləri
keçirilir. Dost və qardaş ölkədən gələn
geniş nümayəndə
heyətinin tərkibində
Muqimi adına Özbəkistan Dövlət
Musiqili Teatrının
yaradıcı kollektivi
də var.
Qonaq kollektiv
avqustun 2-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrında özbək yazıçısı
Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında hazırlanmış tamaşanı
təqdim etdi.
Çoxsaylı tamaşaçılar arasında
Özbəkistanın mədəniyyət
naziri Ozodbek Nazarbekov, Azərbaycanın
mədəniyyət naziri
Adil Kərimli, digər rəsmilər, iki ölkənin mədəniyyət xadimləri
vardı.
Özbək ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiya
qurbanı Abdulla Qədirinin eyniadlı romanının səhnə
təcəssümü bizi
onilliklər əvvələ
qaytarmaqla yanaşı,
müasir özbək
teatrının imkanları
ilə də tanış etdi. İstedadlı özbək
vokalçı və
aktyorlarının həzin
məhəbbət dramına
verdikləri səmimi
səhnə həyatı
tamaşaçıları təsiri altına saldı.
Məlumat üçün
qeyd edək ki, tamaşa mərgilanlı gözəl
Gümüş ilə
daşkəndli igid Atabekin faciəli məhəbbətindən bəhs
edir. Tamaşaçı
həm də özbək xalqının
tarixindəki ən mühüm mərhələlərdən
birinə – XIX əsrin
ortalarına səyahət
edərək cərəyan
edən hadisələr
fonunda sadə özbək insanının
yaşadığı mühitin
onların düşüncə,
duyğu və münasibətlərinə necə
zərbə vurduğunu
da görür.
Ən təsirli
məqam isə tamaşada ülvi məhəbbətin və
onunla bərabər insan xislətinə xas mənfur niyyətlərin tanınmış
özbək bəstəkarı
Sarvar Yusupovun musiqisi və geniş vokal imkanları olan teatr artistlərinin ifasında inandırıcı
təqdimatı idi.
Tamaşanın səhnələşdirmə və
quruluş müəllifi
Bahodir Nazarov, dirijoru Akmal Torayev, quruluşçu rəssamı Cəlaləddin
Rəhimov, geyim üzrə rəssamı Sərvinaz Madaminjanovadır.
İki gəncin vüsala yetişər-yetişməz
faciə ilə bitən məhəbbətinin
səhnə ifadəçiləri
isə Rəsulxan Qədirxanov (Atabek) və Marjona Abdurahmanova (Gümüş)
idi. Özbək milli musiqi və
folkloru nümunələrinin
peşəkar orkestrin
müşayiətində ifası
ilə zəngin musiqili tamaşada digər rolları Əzizxan Latipov, Xamid Toxtayev, Güləsal Rəhmonova,
Gülnoza Səidova, İnobat Umirova və başqaları ifa edirdilər.
Tamaşada köhnə
adət-ənənələr və bunun insanların
hissləri ilə yanaşı, həyatlarına
da necə zərbə vurduğunu görürük. Qəhrəmanımız
Atabek gözəl Gümüşə aşiq
olsa da, valideynləri bu izdivaca razılıq vermir və oğullarına daha yaxşı bir gəlin seçdiklərini
hesab edirlər. Bütün maneələrə
rəğmən Atabek
sevgisinə qovuşur,
amma qısqanc Zeynəb gözəl Gümüşü zəhərləyir
və aşiqlər əbədi ayrılırlar.
Bu işdə
fitnəkar Həmidin də öz “əməyi” olur. Onu tələyə salmaq istəyən Həmidi və digər düşmənlərini
dəf edərək doğma evinə dönüb xoşbəxt
həyat arzuları edən Atabek sonda
tamaşaçısına əbədi sevgisi haqqında təsirli nəğmələr oxuyan
çarəsiz aşiq
təəssüratı yaradır.
Beləcə, sadə
insanların ülvi hissləri üzərində
qurulan çirkli oyunu və onun
qurbanlarının sevgi
hekayətlərinin bütün
zamanlarda özünün
emosional təsir gücünü itirmədiyini
görürük.
Səhnə əsəri tamaşaçılar
tərəfindən sürəkli
alqışlarla qarşılandı.
Xüsusən də pərdələr arasındakı
solo və qrup şəklində folklor nümunələrinin
ifası oxşar mədəniyyətin, sənətin,
musiqinin heç bir sərhəd tanımadan özünün
unikal təsir imkanlarını nümayiş
etdirdi.
Həmidə
Mədəniyyət.-
2023.- 4 avqust.- S.5.