Azərbaycan-özbək ədəbi əlaqələrinin qədim
tarixi var
Milli Kitabxanada “Özbək ədəbiyyatı
guşəsi” açılıb
Avqustun 2-də Azərbaycanda Özbəkistan
mədəniyyəti günləri
çərçivəsində Milli Kitabxanada “Özbək ədəbiyyatı
guşəsi”nin və özbək ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiya
qurbanı Abdulla Qədirinin (1894-1938) “Ötən
günlər” romanının
Azərbaycan dilində
yeni nəşrinin təqdimatı oldu.
Tədbirdə Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, Özbəkistanın
mədəniyyət naziri
Ozodbek Nazarbekov, millət vəkilləri, iki ölkənin ədəbiyyat və elm xadimləri iştirak edirdilər.
Qonaqları kitabxananın
foyesində Özbəkistanın
folklor ansamblı öz ifası ilə salamladı. Azərbaycan Milli Kitabxanasının direktoru
professor Kərim Tahirov çıxış
edərək iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq əlaqələrindən
və həyata keçirilən tədbirlərdən
danışdı.
“Özbək ədəbiyyatı guşəsi”
haqqında məlumat verən direktor diqqətə çatdırdı
ki, kitabxanada Özbəkistana dair ədəbiyyat fondu 2019-cu
ildə yaradılıb,
sonradan yeni nəşrlərlə zənginləşdirilib.
Mərasimdə çıxış edən
Özbəkistanın mədəniyyət
naziri Ozodbek Nazarbekov Azərbaycan-özbək
ədəbi əlaqələri
tarixinin qədim dövrlərə gedib çıxdığını dedi. Qeyd etdi
ki, bu əlaqələr
iki xalqın tarixi ənənələrə
bağlılığı, ortaq ədəbi abidələrinin olması
ilə xarakterikdir. Azərbaycan və özbək xalqlarının
ədəbi-mədəni əlaqələrinin
çoxəsrlik zəngin
tarixi müstəqillik
dövründə xalqlarımızı
bir-birinə daha da yaxınlaşdırıb.
“Hələ qədim zamanlardan özbək klassikləri Azərbaycanda oxunub və həmişə böyük maraqla qarşılanıb. Eyni zamanda Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin də əsərləri Özbəkistanda
oxunub və çox sevilib. Özbək ədəbiyyatının
əbədi rəmzi hesab edilən Əlişir Nəvainin əsərləri Azərbaycanda
da Orta əsrlərin
klassik poeziya nümunələri kimi oxunur, asan başa
düşülür və
sevilir. Bu, Azərbaycan və özbək xalqlarının
ortaq tarixi kökləri ilə birlikdə, həm də poeziya ənənələrinin, milli-mənəvi
dünyasının da
nə qədər yaxın və doğma olmasının mühüm göstəricilərindəndir”,
– deyə Ozodbek Nazarbekov bildirdi.
Qeyd olundu
ki, bu doğmalıq
təkcə mədəni
sahədə deyil, eləcə də siyasi sahədə duyulmaqdadır. Ölkələrimizin
rəhbərləri arasındakı
yüksək dostluq münasibətləri, qarşılıqlı
görüşlər və
səfərlər, səmərəli
dialoq da əməkdaşlığımıza mühüm töhfələr
verir.
Çıxışlardan sonra qonaqlar “Özbək ədəbiyyatı
guşəsi” ilə tanış oldular.
İki gəncin faciəli məhəbbəti haqqında
roman
Daha sonra tədbir özbək ədəbiyyatının
görkəmli nümayəndəsi,
repressiya qurbanı
Abdulla Qədirinin (Abdulla Qodiriy;
1894-1938) “Ötən günlər”
romanının Azərbaycan
dilində yeni nəşrinin
təqdimatı ilə
davam etdi. Tədbir iştirakçıları
əvvəlcə Abdulla
Qədiriyə həsr
olunan videoçarxı
izlədilər.
Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar
Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin
zəngin tarixi olduğunu dedi. Bildirdi ki, ölkələrimiz
müstəqillik qazandıqdan
sonra bu əlaqələr yüksələn
xətt üzrə davam edib. Dövlət
başçılarının sıx və isti münasibəti xalqlarımızı daha da yaxınlaşdırır.
Xalq yazıçısı
bu ilin mart
ayında Özbəkistanda
yubileyi ilə əlaqədar keçirilən
tədbirlərə görə
də minnətdarlığını
ifadə etdi.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fondun Özbəkistanla əlaqələri və həyata keçirilən
layihələrdən söz
açdı. Abdulla Qədirinin “Ötən günlər” əsəri
haqqında danışan
G.Əfəndiyeva dedi
ki, roman ilk dəfə 1928-ci ildə Azərbaycan dilinə tərcümə
olunub. Fondun rəhbəri hələ sovetlər dövründə
babası, Xalq yazıçısı İlyas
Əfəndiyev, Xalq şairi Mirvarid Dilbazi və başqa yazıçı
və şairlərin
özbək ədibləri
ilə dostluğunu xatırladaraq hazırda ədəbi-mədəni əlaqələrin
daha da genişlənməsindən
məmnunluğunu bildirdi.
Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin
direktoru akademik Rafael Hüseynov Özbəkistan mədəniyyəti
günlərinin ölkələrimiz
arasında anlaşmanın,
səmimiyyətin ən
bariz nümunəsi olduğunu bildirdi. O hələ 1979-cu ildə Azərbaycanda təşkil
edilən Özbəkistan
mədəniyyəti və
incəsənəti ongünlüyü
tədbirlərini xatırladaraq
həmin dövrdə
Özbəkistanla bağlı
230 televiziya və radio verilişinin yayımlandığını diqqətə
çatdırdı: “Özbəkistanla
Azərbaycan, Türkiyə
ilə Azərbaycanın
dostluğu bütün
türk dövlətlərinə
örnək olmalıdır.
Klassik irsimizə, ədəbi nümunələrimizə
sahib çıxaraq dəyərləndirməli və
qədrini bilməliyik”.Özbəkistanın ölkəmizdəki
səfiri Bahrom Aşrafxanov, Özbəkistan
Respublikası Milli Məclisinin üzvü, Xalq şairi Mahmudcan Tahirov, yazıçı, Abdulla Qədirinin Ev-Muzeyinin direktoru, ədibin nəvəsi Xondamir Qədiri, Özbəkistan
Yazıçılar İttifaqının
üzvü Bahadur Kərimov, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin
sədr müavini Fazil Mustafa, kitabın redaktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbəsinin müdiri
filologiya elmləri doktoru Almaz Ülvi-Binnətova,
türkoloq, professor Ramiz Əskər, şair Əkbər Qoşalı çıxış
edərək Abdulla Qədirinin özbək ədəbiyyatında rolundan
söz açdılar,
nəşrin əhəmiyyətini
vurğuladılar.
Bildirildi ki,
yazıçının qələmə
aldığı mövzular
onun həyatda çox tez-tez gördüyü, şahidi
olduğu hadisələrdir.
Abdulla Qədiri Özbəkistanda nəşr
olunan ilk satirik jurnalın – “Müştüm” (“Yumruq”)
dərgisinin yaradıcılarından
və fəal müəlliflərindən olub.
1928-ci ildə “Azərnəşr”də işıq
üzü görən
“Ötən günlər”
romanını Azərbaycan
dilinə ilk dəfə özbək yazıçısı, türkoloq,
Bakıda yaşayıb-yaradan
Xalid Səid Xocayev (1888-1937) tərcümə
edib. Özbək ədəbiyyatında roman
janrının ilk nümunəsi sayılan “Ötən günlər”
1926-cı ildə kitab
şəkildə nəşr
olunub.
Əsərdə mərgilanlı gözəl
Gümüş ilə
daşkəndli igid Atabekin faciəli məhəbbəti özbək
xalqının tarixindəki
ən mühüm mərhələlərdən birinin
– XIX əsrin ortalarındakı
hadisələrin fonunda
cərəyan edir. Abdulla Qədirinin sağlığında böyük
şöhrət tapmış
roman müəllif repressiya qurbanı olduqdan sonra qadağan edilsə də, ona maraq
heç vaxt səngiməyib. Əsər
müxtəlif dillərə
tərcümə olunub,
Azərbaycanda da geniş oxucu rəğbəti qazanıb.
Təqdimatın sonunda Azərbaycan Milli Kitabxanası adından Özbəkistanın
mədəniyyət naziri
Ozodbek Nazarbekova Nizami Gəncəvinin “Xəmsə”sinə dair Fransada saxlanılan
əlyazmanın surəti
və Azərbaycan incəsənəti ilə
bağlı kitablar hədiyyə edildi.
L.Azəri
Mədəniyyət.-
2023.- 4 avqust.- S.1;3.